01 fevral 2021 16:38
1451

Azərbaycan bölgədə yeni əməkdaşlıq formatlarının müəllifidir

Ağdamda atəşkəsə nəzarət üzrə Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətə başlaması  regionda uzunmüddətli sülhün təmin edilməsi işinə töhfə verəcək 

44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycanın hərbi-siyasi Qələbəsi ilə başa çatdı.  Azərbaycan və Rusiya prezidentlərinin və  Ermənistanın  baş nazirinin 10 noyabr razılaşması  Azərbaycanın siyasi Qələbəsinin, Ermənistanın kapitulyasiyasının təsdiqi idi.  Bu gün həmin Bəyanatın müddəalarının icrası istiqamətində atılan addımlar  istər ölkə, istərsə də dünya mətbuatında geniş müzakirə olunmaqdadır. Bəyanatın 9-cu bəndi, iqtisadi əlaqələrin qurulması əsasında yanvarın 11-də Moskvada Rusiya və Azərbaycan prezidentlərinin və Ermənistanın baş nazirinin  imzaladıqları birgə Bəyanat da bir daha bu reallığın təqdimatı oldu ki, regionda yeni reallıqlar yaradan Azərbaycan üçtərəfli razılaşmada əksini tapan bütün müddəaların icrasında maraqlıdır, ən əsası regionda sabitliyin, sülhün və təhlükəsizliyin təminatı iqtisadi əlaqələrin qurulmasına geniş imkanlar açır.

Hər zaman qeyd etdiyimiz kimi, beynəlxalq münasibətlərdə Qələbənin  həm sənəddə, həm də onun tanıdılması və qəbulunda özünü ifadə etməsi vacib şərtlərdən biridir ki, bu gün Azərbaycan hər iki istiqamətdə uğura imza atıb.  Azərbaycan ədaləti bərpa etdi və imzalanan sənədlə bunu  beynəlxalq  qanun çərçivəsində təsdiqlədi. Sülhməramlı qüvvələrin yerləşdirilməsi, atəşkəsə nəzarət üzrə Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətə başlaması, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin bu prosesə nəzarəti və sair  Azərbaycanın Qələbəsinin beynəlxalq səviyyədə dəstəkləndiyinin göstəricisidir.  Dövlətimizin başçısı İlham Əliyev daim çıxışlarında  nəyi nə zaman və necə edəcəyini bildirir. Hərbi-siyasi Qələbəmiz, onun ardınca atılan addımlar da  bunun təsdiqidir.

Münaqişə tərəflərinin razılaşmalara əməl etmələrinə nəzarətin səmərəliliyini artırmaq məqsədi ilə  Ağdamda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətə başlaması,  eyni zamanda,   Azərbaycan-Türkiyə qardaşlığının və strateji tərəfdaşlığının daha bir əyani təzahürüdür. Mərkəz tərəflər arasında əldə olunmuş razılaşmanın şərtlərinin yerinə yetirilməsində, mümkün insidentlərin qarşısının alınmasında, araşdırılmasında effektiv və etibarlı nəzarəti təmin edəcək.

Dövlətimizin başçısı İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefon zəngində də  Ağdam rayonunda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin açılışı ilə bağlı  təbriklərini çatdırıb. Dövlət başçıları  bu Mərkəzin fəaliyyətə başlamasının bölgədə uzunmüddətli sülhün və təhlükəsizliyin təmin olunması işinə xidmət edəcəyinə əminliklərini bildiriblər. Söhbət zamanı noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın müddəalarının icra olunduğu məmnunluqla qeyd edilib, Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da bütün sahələrdə uğurla inkişaf edəcəyi vurğulanıb. Dövlət başçıları, həmçinin  Azərbaycanın işğaldan azad olunmuş ərazilərində bərpa və yenidənqurma işlərində Türkiyə şirkətlərinin fəal iştirakından məmnunluqlarını da ifadə ediblər.

Prezident İlham Əliyev daim  müharibə dövründə Türkiyə Prezidenti və xalqının Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstəyi önə çəkərək, dost və qardaş ölkələrimizin və xalqlarımızın bundan sonra da bir-birinin yanında olacağını bildirirdi.  44 gün ərzində qardaş Türkiyənin dəstəyini hər zaman hiss edən Azərbaycan xalqı noyabrın 10-da üçtərəfli razılaşmanın imzalanmasından sonra Türkiyə televiziyalarında müşahidə olunan mənzərəni sevinclə xatırlayır.   «Bizim türk qardaşlarımız bu Qələbəyə öz qələbələri kimi sevinirdilər. Onsuz da bu, belədir. Bu, bizim müştərək qələbəmizdir, Türkiyə-Azərbaycan birliyinin təsdiqidir. Bu gün bu birlik tarixdə bəlkə də ən yüksək səviyyədədir. Bütün bu günlər ərzində Türkiyənin vəzifəli şəxsləri, Məclis üzvləri, nazirlər, ictimai fəallar, mətbuat, geniş ictimaiyyət, bizim bütün qardaşlarımız bizə çox böyük dəstək oldular. Bu, bizə əlavə güc verdi, ruh yüksəkliyimizi daha da artırdı. Biz bu gün, əlbəttə, çox xoşbəxtik ki, nəhayət 30 ildən sonra öz dədə-baba torpaqlarımızı işğaldan azad etdik» söyləyən dövlətimizin başçısı İlham Əliyev 10 dekabr Zəfər paradında da qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın bizimlə bir yerdə olmasından məmnunluğu söylədiyi fikirlərdə öz aydın ifadəsini tapır. 

Dövlətimizin başçısı Türkiyə-Rusiya birgə atəşkəsə nəzarət mərkəzinin fəaliyyəti  məsələsinə də diqqəti yönəldərək  bildirmişdir ki,  bu,  çox önəmli addımdır. Bu, bölgədə işbirliyinin yeni formatıdır: «Biz bunu hər zaman istəyirdik ki, Türkiyə və Rusiya Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində bərabər səviyyədə rol alsınlar və bu gün biz buna nail olduq… Çünki erməni silahlı qüvvələrinin torpaqlarımızdan çıxarılmasının artıq cədvəli var. Bu ayın sonuna qədər onlar bütün torpaqlardan, hələ də işğal altında olan torpaqlardan çəkilməlidirlər. Beləliklə, bu mərkəzin qısa bir zaman içərisində yaradılmasında çox böyük fayda var.»

Bu günün hadisələri göstərir ki, dünya dövlətləri, nüfuzlu beynəlxalq təşkilatlar işğalçını zamanında cəzalandırsaydılar, hazırda  bu qədər ərköyünləşməz, yeni ərazilər istəyi ilə müharibəyə başlamazdı. Reallıqda əksini tapmayan, ədalətin müdafiəsinə çevrilməyən, özləri üçün kağız parçası, amma həllini gözləyən münaqişələr üçün əsas meyar olan sənədlər illərlə icrasını gözləyəcəksə, gözdən pərdə asmaq üçün onları qəbul etməyə ehtiyac varıydımı?  Dövlətimizin başçısı İlham Əliyevin bütün müsahibələrində, xalqa müraciətlərində qeyd etdiyi kimi, əfsuslar olsun ki, beynəlxalq ictimaiyyət və bu məsələ ilə məşğul olan tərəflər erməni hökumətinə lazımi səviyyədə təsir edə bilməmişlər. Müharibənin davam etdiyi müddətdə xarici mətbuata verdiyi çoxsaylı müsahibələrində  Ermənistan və ona havadarlıq edən dövlətlərin Türkiyənin münaqişədə tərəf kimi iştirakı ilə yaydıqları məlumatların  feyk-nyus olduğunu qeyd edən cənab İlham Əliyev bildirmişdir ki, məqsəd   üçüncü dövlətin məsələyə cəlb olunması barədə fikir yaradıb öz çirkin niyyətlərini həyata keçirməkdir. Dövlətimizin başçısı İlham Əliyev bu yalanlara cavab olaraq bildirdi ki,  Azərbaycan Ordusu kifayət qədər güclü,  təchiz edilmiş ordudur. Eyni zamanda, qardaş Türkiyəyə, onun Prezidentinə qətiyyətli mövqeyinə, qardaşlıq mövqeyinə görə dərin təşəkkürünü bildirən cənab İlham Əliyev bu reallığı diqqətə çatdırır ki,  əziz qardaşımın çox açıq açıqlamaları və sərt bəyanatları bir daha göstərir ki, Azərbaycan tək deyil. Türkiyə Azərbaycanın yanındadır və Azərbaycan da hər zaman Türkiyənin yanındadır! Mən artıq demişəm, bir daha demək istəyirəm ki, bu qanlı döyüşlər bizim üçün, bütün Azərbaycan xalqı üçün həqiqət anıdır: «Biz görürük kim kimdir. Biz görürük ki, bəzi hallarda yaxşı sözlər deyən, yaxşı bəyanatlar verən bəzi tərəflər öz sözünün arxasında durmur. Sözdə bir şey deyilir, əməldə başqa şey edilir. Amma Türkiyə, Pakistan, Əfqanıstan birmənalı şəkildə Azərbaycanı dəstəklədilər… İndi həqiqət anıdır. Sən kimin tərəfindəsən? Haqqın, yoxsa, şərin? Dostun, yoxsa, düşmənin? Əlbəttə ki, bu günlərdə bizə dəstək olan ölkələri, təşkilatları, insanları heç vaxt unutmayacağıq.»

Bu gün böyük qürur hissi ilə qeyd edirik ki, Azərbaycan yalnız regionda deyil, dünya siyasətində yeniliklərə imza atır. Türkiyə hərbçilərinin azad olunmuş ərazilərdə xidmətə başlaması da ölkəmizin maraqlarına  uyğundur. Bölgədə sülhün, təhlükəsizliyin təminatçısı kimi dəyərləndirilən Türkiyə-Azərbaycan birliyi bu gün bütün istiqamətlərdə dünyanın diqqətindədir. Yuxarıda qeyd etdiyimiz kimi,  işğaldan azad edilmiş topaqlarımızda quruculuq və bərpa işlərinin həyata keçirilməsində Türkiyə şirkətləri fəallıqları ilə diqqət çəkir. Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında daim bildirir ki, bərpa işlərinə ilk olaraq dost ölkələrin şirkətləri cəlb ediləcək.  Prosesdə Rusiya və Türkiyənin birgə iştirakı da olduqca əhəmiyyətlidir,  regionda daha geniş əməkdaşlıq planlarının gerçəkləşdirilməsi üçün yeni imkanlar açır. Bölgədə yeni əməkdaşlıq formatlarının yaradılmasına müəlliflik edən Azərbaycan dünyaya bu reallığı da çatdırdı ki, beynəlxalq hüquq normaları mövcuddur, böyüklüyündən, kiçikliyindən asılı olmayaraq hər bir dövlət bu prinsiplərə əməl etməlidir. Dövlətimizin başçısı İlham Əliyev yanvarın 11-də Moskvada imzalanan bəyanatla bağlı fikirlərini açıqlayarkən bildirmişdir ki, nəqliyyat kommunikasiyalarının bərpası regionun inkişafına böyük dinamizm gətirə, təhlükəsizliyi möhkəmlədə bilər. Nəqliyyat kommunikasiyalarının açılmasının Azərbaycan, Ermənistan, Rusiya xalqlarının, qonşularımızın mənafelərinə cavab verdiyini vurğulayan ölkə Prezidenti bu əminliyi də ifadə etmişdir ki,  qonşu ölkələr də bizim regionda nəqliyyat dəhlizlərinin və nəqliyyat arteriyalarının şaxələndirilmiş şəbəkəsinin yaradılmasına fəal qoşulacaqlar. Biz bundan sonra da qısa müddətdə səmərə verən və nəticəyə yönəlmiş fəaliyyət sahələrini tapmağa çalışmalıyıq. Türkiyə-Rusiya  Birgə Monitorinq Mərkəzinin  fəaliyyətə başlaması dövlətimizin başçısı İlham Əliyevin irəli sürdüyü Rusiya, Türkiyə və İran, həmçinin Azərbaycan, Ermənistan və Gürcüstan arasında  əməkdaşlıq formatının reallaşması baxımından da əhəmiyyətlidir. İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin rəhbərlik etdiyi nümayəndə heyətinin səfərlərinə Azərbaycandan başlayıb Ermənistana, Gürcüstana, Türkiyəyə və  sonda Naxçıvan Muxtar Respublikası ilə yekunlaşdırması da  yeni əməkdaşlıq formatlarının reallığa çevrilməsində istəkdən irəli gəlir. İran İslam Respublikasının xarici İşlər naziri Məhəmməd Cavad səfərinin yekunu ilə bağlı bəyanatında məmnunluqla bildirmişdir ki,  regiona səfərimi Bakıdan başlayıb Naxçıvanda bitirirəm. Naxçıvan Muxtar Respublikası gələcəkdə Qafqazda yaranacaq sülh əməkdaşlığı üçün mərkəz rolunu oynayacaq: «Elə etməliyik ki, müharibənin acı nəticələri bir daha yaşanmasın. Buna da bir-birimizlə faydalı əməkdaşlıq etməklə nail olmaq mümkündür. Bu əməkdaşlıqda və kommunikasiya yollarının birləşməsində Naxçıvan Muxtar Respublikasının çox böyük əhəmiyyəti vardır. Beş ölkədə səfərdə olduğum zaman aparılan danışıqların nəticəsi olaraq əminəm ki, istər şimal-cənub, istərsə də cənub-qərb dəhlizləri olmaqla, gələcəkdə yaxşı əməkdaşlıq edə, telekommunikasiyalar quraraq əməkdaşlığımızı daha yüksək səviyyəyə çatdıra bilərik. Bunun nəticəsində də Fars körfəzini Rusiyaya və Qara dənizə birləşdirə bilərik. Bütün bu dəhlizlərin işə salınmasında Naxçıvan Muxtar Respublikasının böyük əhəmiyyəti olacaqdır.”

Yeganə Əliyeva, «İki sahil»