2 fevral - Gənclər Günüdür
Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, azərbaycançılıq məfkurəsi ruhunda tərbiyə almış gənc nəsil dövlətimizin iqtisadi və mədəni inkişafında mühüm rol oynayaraq ildən-ilə potensialının gerçəkləşdirilməsi üçün daha geniş imkanlar əldə edir
Cənab İlham Əliyevin qeyd etdiyi kimi, bayram tədbirləri, hər bir mühüm hadisə keçilən yolun təhlilini bir zərurət kimi ortaya qoyaraq hesabat xarakteri daşıyır. Həmçinin bu məqamı da nəzərə alaq ki, illər keçdikcə dövrün, zamanın tələblərinə uyğun təkmilləşmə fonunda həmin tarixi günlərin bugünümüz üçün əhəmiyyəti daha aydın dərk olunur, düzgün dəyərləndirilir.
Bu gün (2 fevral) Gənclər Gününü qeyd edirik. Öncə hər birimiz üçün qürurverici olan bu mühüm məqamı nəzərə alaq ki, əvvəlki illərdən fərqli olaraq bu il Gənclər Gününü daha fərqli şəkildə qeyd edirik. Koronavirus infeksiyası ilə mübarizənin tələblərinə uyğun olaraq tədbirlər videoformatda keçirilir, 2020-ci ildə tariximizə dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Zəfər Gününü yazan şəhidlərimizin, qazilərin, döyüş iştirakçılarının Vətən, torpaq sevgisindən bəhs edilir, belə vətənpərvər, dəmir yumruq kimi birləşən gəncliyimizin olması ilə fəxr etdikləri qürurla qeyd olunur. Eşq olsun, Müzəffər Ali Baş Komandana! Eşq olsun rəşadətli Azərbaycan Ordusuna! Qanları ilə tarix yazan şəhidlərimizin qarşısında baş əyir, yaralı döyüşçülərimizə Allahdan şəfa diləyirik.
Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyev daim bildirirdi ki, Azərbaycan gəncliyi vətənpərvər, müasir dünyagörüşünə malik gənclikdir. Azərbaycanın gələcəyi indiki gənclərə nəyi və necə öyrətməyimizdən asılıdır. 2 fevral-Gənclər Günü məhz Azərbaycan gəncliyinin ayrı-ayrı dövrlərdə keçdiyi yolun aydın mənzərəsini yaradır. Bu tarix həm ölkədə gənclərə diqqət və qayğının hansı səviyyədə olduğunu, həm də bu günün təsis olunma səbəbini təhlil etmək zərurətini ortaya çıxarır. Bu gün böyük inam hissi ilə qeyd edirik ki, ölkəmizdə gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Respublikada dövlət gənclər siyasətinin formalaşdırılması ümummilli lider Heydər Əiyevin adı ilə bağlıdır. Bu diqqət və qayğının nəticəsidir ki, hazırda Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir, cəmiyyətin avanqard qüvvəsinə çevrilir. Bu fikir daim önə çəkilir ki, əgər dahi şəxsiyyət Heydər Əliyevin hakimiyyətinin birinci dövründə daha çox gənclərin bir kadr kimi yetişməsi diqqət mərkəzində idisə, Azərbaycan müstəqillik qazandıqdan, 1993-cü ildə ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra onların dövlət idarəçiliyində irəli çəkilməsi prioritet məsələ oldu. Bu fakt da inkaredilməzdir ki, Azərbaycan dövlətinin gənclər siyasətinin formalaşmasında və gənc nəslin geniş fəaliyyət meydanına çıxarılmasında ulu öndərin təşəbbüsü və iştirakı ilə keçirilən gənclərin I Forumunun xüsusi rolu oldu. 1996-cı il fevralın 2-də Gənclərin I Forumu keçirildi, 1997-ci ildə ümummilli lider Heydər Əliyevin Sərəncamı əsasında I Forumun keçirildiyi tarix- 2 fevral Azərbaycanda Gənclər Günü kimi elan edildi.
Son 17 ildə Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi digər istiqamətlər kimi, bu sahədə də özünü qabarıq şəkildə büruzə verir. Bu müddət ərzində imzalanan Fərman və sərəncamlara, təsdiqlənən Dövlət Proqramlarına diqqət yetirmək kifayətdir. O da məlumdur ki, 2007-ci il dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı əsasında «Gənclər ili» elan edilib.
Son 17 ildə görülən işləri bir yazı çərçivəsində əhatə etmək qeyri-mümkündür. Təkcə son illərdə atılan addımlara, gənclərin dövlət idarəçiliyində irəli çəkilmələrinə, onların ictimai-siyasi fəallıqlarının artırılmasına yönələn tədbirlərə, ən əsası kadr islahatlarına diqqət yetirmək kifayətdir. Dövlətimizin başçısı İlham Əliyev yeni vəzifəyə təyin edilmiş gənc kadrları qəbul edərkən hər zaman bildirir ki, bu gün ölkəmiz elə sürətlə inkişaf edir ki, kadr hazırlığı ölkəmizin sənaye, iqtisadi inkişafına uyğun inkişaf edə bilmir. Bunun nəticəsində son illər ərzində yaradılmış bir çox müasir müəssisələrdə xarici mütəxəssislər bütün rəhbər orqanlarda təmsil olunurlar: «Mən buna normal baxıram, burada problem görmürəm. Bu, bütün dünyada belədir və peşəkar kadrların miqrasiyası təbii prosesdir. Amma mən çox istərdim ki, bizim kadrlarımız da yetişsin və həm Azərbaycanda, həm də başqa ölkələrdə azərbaycanlı kadrlar yüksək vəzifələrdə işləsinlər.
Azərbaycanın evsahibliyi etdiyi beynəlxalq əhəmiyyətli tədbirlər ölkəmizin bu və ya digər sahələrdə malik olduğu imkanların, elmi əsaslara söykənən iqtisadiyyatımızın uğurlarının, ən əsası idarəçilik sistemində təcrübənin təqdimatında əhəmiyyətli rol oynayır. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, həyat yerində durmur, qarşıya yeni vəzifələr qoyulur, yeni çağırışlar qarşımızda durur. Ölkəmizdə gəncləşmə siyasəti aparılır. Hazırda Azərbaycanda idarəetmə sahəsində çox müsbət təcrübə əldə olunub. Yaşlı nəslin təcrübəsinin və gənc nəslin müasirliyinin, novatorluğunun sintezi ölkəmizin uğurlu inkişafına xidmət göstərir. Azərbaycanda təcrübə ilə gənclərin dinamizmi arasında vəhdət yaradılmalıdır.
Hər bir ölkənin bu günü və gələcəyi təhsillə bilavasitə bağlıdır. İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, harada təhsilin səviyyəsi yüksəkdirsə, orada daha böyük uğurlar qazanılır. Təhsilin səviyyəsi, eyni zamanda, elmi-texniki tərəqqini şərtləndirir. Ölkə Prezidenti inkişaf etmiş ölkələrin təcrübəsinə istinadən qeyd edir ki, onları inkişaf etmiş ölkələrə çevirən təbii resurslar yox, məhz bilik, savad, təhsil və elmin inkişafıdır. Bu kimi çağırışlar, eyni zamanda, idarəçilik sistemində təkmilləşmələrə geniş yol açır ki, bu da özlüyündə ölkənin dayanıqlı inkişafını şərtləndirir. Bu fakt inkaredilməzdir ki, ölkə o zaman güclü, qüdrətli, insanların rifah halı yüksək olur ki, zəngin idarəçilik təcrübəsinə malik rəhbəri vardır. Bu fikir beynəlxalq səviyyəli tədbirlərdə də xüsusi qeyd olunur ki, yoxsul deyil, yaxşı idarə olunmayan ölkələr vardır. Azərbaycanın inkişaf modeli beynəlxalq səviyyədə təqdir olunursa, bu, təkmil islahatlara əsaslanan davamlı inkişafın nəticəsidir. 2019-cu ildə dünyanın 190-dan çox ölkəsindən 500-dən artıq nümayəndənin qatıldığı BMT-nin Dövlət Xidmətləri Forumu Azərbaycanın bu sahədə mövcud imkanlarına bir daha işıq saldı. Forumun keçirilməsində məqsəd dövlət idarəçiliyi, dövlət xidmətlərinin göstərilməsinin qabaqcıl modelləri, innovasiyalar və bu sahədə aktual məsələlər üzrə müzakirələrin aparılması, dövlətlərin bu istiqamətlərdə qabaqcıl təcrübələrinin mübadiləsi idi. Forum Azərbaycanın yenilikçi, innovasiyalar ölkəsi olduğunu bir daha dünyaya nümayiş etdirdi.
Dövlətimizin başçısı İlham Əliyevin hər çıxışında idarəetmə sahəsində təkmilləşmənin prioritetliyi xüsusi olaraq önə çəkilir. « Hər bir sahədə inkişaf üçün böyük meydan var. Hər bir sahədə, əgər o sahəyə rəhbərlik edən insanlar öz işinə vicdanla yanaşarlarsa, mütləq nəticə də olacaq» söyləyən ölkə Prezidenti davamlı inkişafı şərtləndirən amilləri əsaslı şəkildə diqqətə çatdırır. Təbii ki, uğurlarımızın əsasında islahatların zamanın və dövrün tələblərinə uyğun olaraq təkmilləşməsi, gələcəyə hesablanmış strategiyamızın dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə istinadən hazırlanması əsas yer tutur. Qeyd edək ki, 2016-cı ilin sentyabrında keçirilən ümumxalq səsverməsinə çıxarılan Konstitusiyaya əlavə və dəyişikliklərin bir qismi idarəçilik sistemində təkmilləşməni nəzərdə tuturdu. Bu prosesdə peşəkar gənclərin fəal iştirakını təmin etmək üçün yaş məhdudiyyətlərinin aradan götürülməsi ictimaiyyət tərəfindən böyük dəstək qazandı.
Həyata keçirdiyi siyasətin önündə yeniləşməni, modernləşməni əsas amil kimi önə çəkən Azərbaycan hər zaman ilklərə imza atan ölkə kimi tanınır və nüfuz qazanır. Daim ilklərə imza atan ölkəmizin «ASAN xidmət», ABAD, DOST layihələri də diqqət mərkəzindədir. Bu layihələr şəffaflığın artırılmasına, əmək, sosial müdafiə və təminat sahələrində vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsinə, elektron xidmətlərə keçidin sürətləndirilməsinə, habelə süründürməçilik hallarının qarşısının alınmasına və vətəndaş məmnunluğunun yüksəldilməsinə xidmət edir. «Bakı bu gün həqiqətən dünyanın özündə yeni texnologiya və innovasiyaların, müasir və qədim memarlıq üslubunun vəhdətini təcəssüm etdirən ən gözəl şəhərlərindən biridir» söyləyən cənab İlham Əliyev bildirir ki, “ASAN” bizim milli brenddir. Bu, bizim nou-haudur. Bu gün Azərbaycanın təkcə təbii ehtiyatlarını və yaxud məhsullarını yox, eyni zamanda, intellektual məhsullarını ixrac etməsi bizi fərəhləndirir. “ASAN”ın təkcə Azərbaycanda yox, bütün dünyada parlaq gələcəyi var. “ASAN xidmət” dövlət idarəçiliyində innovasiyaların tətbiqi baxımından uğurlu bir nümunədir. “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərənlərin böyük əksəriyyəti gənclərdir. Bir mühüm məqamı da xüsusi qeyd etməliyik ki, 2020-ci ilin dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə “Könüllülər ili” elan edilməsi də gənclərə diqqət və qayğının göstəricilərindən idi. Ölkə Prezidentinin bildirdiyi kimi, könüllülük hərəkatı məhz “ASAN xidmət”dən başlayıb. Könüllülər hərəkatının genişlənməsi cəmiyyət üçün lazımdır. Könüllü olmaq, ümumiyyətlə, insanların xoş niyyətini göstərir: “İnsanlar təmənnasız olaraq kiməsə kömək etmək, ümumi işimizə töhfə vermək üçün öz asudə vaxtlarından istifadə edib bu işləri görürlər. Yəni, bu, doğrudan da çox ciddi, gözəl bir niyyətin təzahürüdür. Şadam ki, Azərbaycanda könüllülər sinfi formalaşıb və onların mütləq əksəriyyəti gənclərdir. Yəni, gənc nəsil bu ab-havada yetişir ki, ümumi işimizə töhfə versin, dövlətimizi möhkəmləndirsin və köməyə ehtiyacı olan insanlara yardım göstərsin. Bax, könüllülük funksiyası və niyyəti bundan ibarətdir.” “Könüllülər ili”ndə bu hərəkatın daha da genişləndiyi inkaredilməzdir. İkinci Qarabağ müharibəsində minlərlə könüllü gəncin iştirakı, yazılan tarixdə onların da öz payının olması, koronavirus infeksiyası ilə mübarizədə könüllü həkimlərin, həmçinin könüllü gənclərin ahıl insanlara sosial xidmətin göstərilməsində fədakarlıqları hər birimizdə qürur hissi yaratdı.
Azərbaycan gəncliyi daim Prezidentimizin ətrafında sıx birləşib, gələcəyə böyük inamla addımlayır. Gənclərimiz dövrün, zamanın tələblərinə uyğun olaraq təkmil islahatların həyata keçirilməsində hərəkətverici qüvvədir. Hər bir layihə özlüyündə inkişaf, tərəqqi deməkdir. Atılan hər addımda vətəndaş amilinə verilən dəyər daha qabarıq şəkildə özünü büruzə verir. Ailə təsərrüfatlarının inkişafına dəstəyi asan şəkildə həyata keçirən ABAD, hər bir vətəndaşın yaxın dostuna çevrilən DOST idarəetmədə şəffaflığın qorunmasını, rəqabətin güclənməsini şərtləndirir. Bu layihələrin fəal icraçıları gənclərdir. Dövlətimizin başçısı eyni zamanda bildirir ki, rəqabət olmasa, inkişaf da olmaz, keyfiyyətli məhsullar da olmaz.
Biznesin sadələşdirilməsi, «bir pəncərə» prinsipinin tətbiqi şəraitində əldə olunan uğurlar və təcrübə beynəlxalq səviyyədə qiymətləndirilir, öyrənilir və tətbiq olunur. Ümumilikdə cənab İlham Əliyevin kadr islahatları davamlı inkişafa xidmət edən mühüm addımlar sırasındadır. Ölkəmizdə gəncləşmə siyasətinin həyata keçirilməsi ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanır. Yüksək ixtisaslı gənc kadrların yetişdirilməsi və dövlət idarəçiliyində təmsil olunmaları onların potensial imkanlarını düzgün istiqamətləndirmələrində əhəmiyyətli rol oynayır.
Dövlətimizin başçısı İlham Əliyev daim bu çağırışı edir ki, yeniliklər, müsbət təcrübə, dünyada mövcud olan ən mütərəqqi yanaşma Azərbaycanda tətbiq edilməlidir. «Təbii ki, dünyada gedən müsbət tendensiyalara daim fikir verilməlidir. İnkişaf etmiş ölkələrdə aparılan islahatlar dərindən təhlil edilməlidir və onların bizə uyğun olan hissəsi Azərbaycanda tətbiq olunmalıdır» söyləyən cənab İlham Əliyev bu günlərdə Rəşad Nəbiyevi nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən yeni texnologiyaların inkişafı və tətbiqi sahəsində əldə olunan uğurlardan bəhs edərkən bu mühüm məqamı bir daha diqqətə çatdırmışdır ki, kadr hazırlığı xüsusi yer tutur. Hazırda bu sahədə kifayət qədər peşəkar kadr potensialı yaranmışdır: «Biz gənclərimizi xaricdə aparıcı ali məktəblərdə oxutmaq üçün böyük proqramlar icra etdik və bu gün bu davam edir. Şadam ki, xaricdə təhsil alan gənclərimizin böyük əksəriyyəti ölkəmizə qayıdıb və bu, bizim kadr potensialımızı gücləndirir. Hesab edirəm ki, sizin nazirliyiniz bu sahədə - təhsillə bağlı müvafiq ali məktəblərlə də sıx təmasda olmalıdır. Kadr hazırlığı ölkəmizin iqtisadi və texnoloji inkişafı ilə uzlaşmalıdır. Ancaq belə olan halda, biz istədiyimizə nail ola bilərik.»
Sözsüz ki, hər bir etimad böyük məsuliyyət, davamlı inkişafa töhfə vermək üçün bir çağırışdır. Dövlətimizin başçısı daim yeni təyin olunan kadrlarla görüşündə bu tələbi qarşıya qoyur ki, istənilən sahədə kadrlar dövlətə, xalqa bağlı olmalıdırlar. Onu da qeyd edək ki, ölkəmizdə savadlılığın səviyyəsi təxminən 100 faizdir. Dövlətimizin başçısı bildirir ki, biz gələcəyə bu cür baxırıq: müasirlik, dinamik inkişaf, texnologiyaların tətbiqi. Bunlar olmasa biz istədiyimiz qədər inkişaf edə bilmərik. Biz isə istəyirik ki, inkişaf etmiş ölkələrin sırasına daxil olaq və imkanlar da var.
Bu gün bu fikri böyük inamla və fəxr hissi ilə qeyd edirik ki, 44 gün davam edən İkinci Qarabağ müharibəsində tarix yazan gənclər Heydər Əliyev məktəbinin, Prezident İlham Əliyevin idarəçilik sisteminin yetirmələridir. Milli ruhda tərbiyə alan Azərbaycan gəncləri həm ön, həm də arxa cəbhədə qəhrəmanlıqları ilə seçildilər.
Qarşıda ölkəmizi daha möhtəşəm uğurlar gözləyir. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi fonunda müəyyənləşdirilən yeni-yeni hədəflər Azərbaycan gənclərinə daha fəal, bilik və bacarıqlarını səfərbər edib yeni texnologiyaların inkişafı və tətbiqi əsasında davamlı inkişafa dəstək olmağa çağırışlar edir. Gənclərimiz hər bir çağırışı yüksək səviyyədə cavablandırmağa hazırdır.
Yeganə Əliyeva, “İki sahil”