Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun prezidenti vəzifəsini icra edən Yusif Abdullayev qurumun fəaliyyət, “Made in Azerbaijan” brendinin təşviqi istiqamətində görülən işlər və qarşıda duran vəzifələrə dair onlayn formatda mətbuat konfransında deyib ki, “ixrac təşviqinin ödənilməsi” mexanizminin tətbiqi 2020-ci ilin 31 dekabr tarixindən başa çatdırılıb. Ümumilikdə indiyədək daxil olan 3297 müraciət əsasında, 3214 məktub-sərəncam verilib, 153 sahibkarlıq subyektinə 27 milyon manatadək ixrac təşviqi ödənilib.
Qeyri-neft məhsullarının ixracının ümumi ixracda xüsusi çəkisinin artırılması məqsədilə sahibkarlara ixrac təşviqinin ödənilməsi Azərbaycan Respublikası Prezidentinin “Qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” 1 mart 2016-cı il Fərmanında öz əksini tapıb.
Bu Fərmanın icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti 6 oktyabr 2016-cı il tarixli Qərarı ilə “Qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə ixrac təşviqinin ödənilməsi Qaydası”nı, “İxrac təşviqi şamil olunacaq qeyri-neft məhsullarının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə Siyahısı”nı və “Məhsulların növündən asılı olaraq ixrac təşviqinin baza məbləğinə tətbiq olunacaq Əmsallar”ı təsdiq edib. Qeyd edək ki, 2016-cı il 6 oktyabr tarixli qərarında dəyişikliklər edilməsi barədə Nazirlər Kabinetinin 2018-cı il 25 iyun tarixli qərarı qəbul olunub.
Nazirlər Kabinetinin müvafiq qərarı ilə ixrac təşviqinin ödənilməsi qaydası, baza məbləğinə tətbiq olunan əmsallar və ixrac təşviqi aid olan qeyri-neft məhsullarının siyahısına əsasən, quş yumurtası, təbii bal, qabığı təmizlənmiş, həmçinin emal olunmuş fındıq, xurma, nar, zeytun yağı, unlu qənnadı məmulatları, qurudulmuş meyvələr, konservləşdirilmiş meyvə və tərəvəzlər, onlardan şirələr, alkoqollu və alkoqolsuz içkilər, Naftalan mazı, təbii dəridən geyim əşyaları, ayaqqabı və digər məmulatlar, əllə toxunmuş xalçalar, ipək parçalar, pambıq ipliyindən geyim əşyaları, ləvazimatları və digər hazır toxuculuq məmulatları ixrac təşviqi şamil olunan mallara aid edilir. İxrac təşviqinin baza məbləği ixrac olunmuş məhsulların dəyərinin 3 faizini təşkil edir və ona 1-2 arasında dəyişən əmsallar tətbiq edilməklə ödənilir. Yəni, ixrac olunmuş malın gömrük dəyərinin 3-6 faizi ixracatçıya ödənilir. Məsələn; əgər ixracatçı 100 min manat ekvivalentində meyvə-tərəvəz məhsulu ixrac edibsə, ona 3 min manat, eyni məbləğdə təbii üzüm şirəsi ixrac edildiyi halda isə, 6 min manat vəsait ödənilir.
Bununla da ölkə ərazisində istehsal edilən və istehsal prosesində istifadə olunan yerli komponentlərin, qeyri-neft məhsullarının dəyərindən, habelə ixrac olunan məhsulların növündən asılı olaraq, qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına ixrac təşviqi ödənilir.
Sözügedən mexanizmin 2016-cı il martın 1-dən qüvvəyə minməsini və 2020-ci ilin dekabrın 31-dək qüvvədə olmasını nəzərə alanda, onun qeyri-neft ixracına nə dərəcədə təsir göstərməsi də maraqlıdır.
2015-ci ildə Azərbaycanın qeyri-neft ixracının 1 milyard 581,2 milyon manat olmasını nəzərə alanda, 2020-ci ildə bu göstərici 1,9 milyard dollar çatıb- 20 faiz artıb. Ayrı-ayrı illərdə isə 2016-cı il ildə 16,4 faiz, 2020-ci ildə 5,2 faiz azalma, 2017-ci ildə 24 faiz, 2018-ci ildə 10 faiz, 2019-ci ildə 15,7 faiz artım olub.
Qeyri-neft sektorunun ixracdakı payına gəlincə, 2015-ci ildə bu nisbət 10 faiz olmuşdusa, 2020-ci ildə həmin göstərici 13,8 faiz təşkil edib. Ayrı-ayrı illərdə ümumi ixracın 2016-cı ildə 13,5 faizi, 2017-ci ildə 11 faizi, 2018-ci ildə 8,7 faizi, 2019-cu ildə isə 9,95 faizi qeyri-neft sektorunun payına düşüb.
Bir sözlə, “ixrac təşviqinin ödənilməsi” mexanizminin qüvvədə olduğu müddətdə qeyri-neft ixracında ən yüksək rəqəm 2019-cu ildə (1 milyard 954 milyon dollar), ümumi ixracda payının ən yüksək səviyyəsi isə 2020-ci ildə qeydə alınıb. Bu illərdə qeyri-neft ixracında əsas yeri pomidor, qızıl, pambıq lifi, qabığı təmizlənmiş meşə fındığı kimi məhsullar tutub. Hətta pandemiyanın mənfi təsirləri fonunda ötən qeyri-neft ixracında ümumi azalma olsa da, onların ixracında nəinki azalma, əksinə artım olub. Bu məhsulların ixracındakı artım qeyri-neft ixracındakı daha böyük azalmanı kompensasiya edib. “İxrac təşviqinin ödənilməsi” mexanizmi isə belə məhsulları əhatə etməyib.
Ceyhun Piriyev, “İki sahil”