27 noyabr 2026 19:12
70

Erməni lobbisi və antimilli ünsürlərin “Dumanlı Albion”da növbəti işbirliyi

Vətən müharibəsində qazandığımız tarixi Zəfəri həzm edə bilməyən erməni lobbisi və onların təsiri altında qüvvələr xəyanət çirkabına bulaşmış bəzi şəxsləri maliyyələşdirərək onlardan maşa kimi istifadə edirlər. Məlum dairələr müasir texnologiyanın yaratdığı geniş imkanlardan-internetdən, sosial şəbəkələrdən sui-istifadə edərək milli xəyanətkarları, zombiləşdirilərək şeytani məqsədlərə xidmət edən dönükləri, antimilli ünsürləri çirkli pullar, qrantlar vasitəsilə ələ alaraq onları ölkəmizə qarşı apardıqları ideoloji terror və informasiya təxribatlarında ön xətdə yerləşdiriblər.

Məsələnin maraqlı tərəfi orasıdır ki, bir mərkəzdən idarə olunan məlum anti-Azərbaycan qüvvələr ölkəmizə qarşı çirkin fəaliyyətlərini həyata keçirmək üçün bu dəfə Böyük Britaniyanın paytaxtı London şəhərini mərkəz olaraq seçiblər. Noyabrın 12-də “Maqnitski Mükafatı”nın AXCP sədri Əli Kərimlinin adından onun qızı Sezen Kəirmliyə təqdimetmə mərasimi bunun bir daha təsdiq etdi.   Belə ki, mərasimdə mükafatı S.Kərimliyə təqdim edən Böyük Britaniya parlamentinin Lordlar Palatasının üzvü Baronessa Helena Kennedinin bu ölkədəki Erməni Milli Komitəsi ilə (Armenian National Committee of the United Kingdom - ANC-UK) yaxından əməkdaşlıq etməsi dəfələrlə müşahidə olunub. Onun “Qarabağda etnik təmizləmə” kimi ittihamlarla bağlı beynəlxalq kampaniyalar təşkil edən erməni maraqlarına lobbiçilik edən Beynəlxalq Ədalət Məhkəməsinin sabiq prokuroru Luis Moreno Okampo ilə Azərbaycan əleyhinə işbirliyində olmasını da hamımız yaxşı bilirik. Dekabrın 15-də Böyük Britaniya parlamentinin Lordlar Palatasındakı komitə zallarından birində “Azərbaycanda insan hüquqları” mövzusunda keçirilməsi nəzərdə tutulan tədbirin moderatorluğunu qondarma “erməni soyqırımı”nın tanınmasını, Qarabağ separatçılarını müdafiə edən, anti-Azərbaycan qərarlar, qətnamələr irəli sürən, bütün bunlara görə Ermənistan parlamentinin medalı ilə təltif olunan Böyük Britaniya Erməni Milli Konqresinin sevimlisi, 2020–2024-cü illərdə Böyük Britaniya Parlamentinin İcmalar Palatası və Lordlar Palatasında Ermənistan üzrə Bütün Partiyalar Qrupunun (APPG Armenia) sədri olan Tim Louton edəcək. Bütün bunlar bir daha təsdiq edir ki, dekbarın 15-də Lordlar Palatasının binasında Əli Kərimliyə həsr olunacaq tədbirin sifarişçisi Böyük Britaniya Erməni Milli Konqresidir.

Erməni lobbisinin çirkli pulları və sifarişi ilə hansısa mükafatları alanlar, sosial şəbəkələrdə informasiya terroru törədənlər, özləri üçün piar kampaniyası aparanlar unudurlar ki, onların bütün bu cəhdləri əbəsdir. Antimilli ünsürlərin bu yalanları, əsassız iddiaları və ictimai rəylə uğursuz manipulyasiya cəhdləri nəticəsiz qalacaq və sabun köpüyü kimi dağılıb gedəcək. Satqınlardan, şərəf və mənəviyyat yoxsullarından, özgə qapılarında tula payı ilə yallananlardan, mənfur düşmənin xəyanət torunda çabalayanlardan, milli qürur və mənlik hissini çoxdan itirənlərdən ibarət bu “şər səltənəti” də tezliklə dağılacaq. Ən əsası isə odur ki, bu xəyanətkarların son zamanlar xarici qüvvələrlə birləşərək və onların tapşırıqları əsasında Azərbaycana qarşı şər, böhtan, yalan üzərində qurulmuş total kampaniyası cəmiyyətimiz tərəfindən etirazla qarşılanır. Şübhəsiz, pozuculuğu, inkarçılığı ilə özlərini cəmiyyətdən təcrid edərək marginallaşan dağıdıcı müxalifət təmsilçiləri və onların havadarları öz məqsədlərinə güc, təzyiq vasitəsi ilə nail olmağa cəhd etsələr də niyyətlərinə çata bilməyəcəklər.

Zahid Rza, “İki sahil”