27 noyabr 2026 18:30
97

İpək yolunun yeni nəbzi: Enerji təhlükəsizliyi və yaşıl keçidin balansı

Çinin Çindao şəhərində keçirilən “Kəmər və Yol” təşəbbüsü üzrə energetika nazirlərinin IV konfransında qeyd olunduğu kimi, Azərbaycan təkcə ənənəvi karbohidrogen ixracatçısı deyil, həm də Mərkəzi Asiyadan Avropaya qədər uzanan nəhəng bir məkanda yaşıl enerji qovşağı rolunu oynayır

Qlobal enerji xəritəsinin yenidən cızıldığı, geosiyasi bağlantıların isə sadəcə logistika deyil, həm də strateji təhlükəsizlik resursuna çevrildiyi bir dövrdə Avrasiya məkanında yeni bir inteqrasiya modeli formalaşır. Çinin Çindao şəhərində keçirilən “Kəmər və Yol” təşəbbüsü üzrə energetika nazirlərinin IV konfransı bu prosesin mərkəzində dayanan əsas oyunçuların hədəflərini bir daha nümayiş etdirdi. Azərbaycanın Energetika naziri Pərviz Şahbazovun konfransdakı çıxışı ölkəmizin artıq təkcə ənənəvi karbohidrogen ixracatçısı deyil, həm də Mərkəzi Asiyadan Avropaya qədər uzanan nəhəng bir məkanda yaşıl enerji qovşağı rolunu oynadığını təsdiqləyir: “Liderlərimizin siyasi iradəsi ilə münasibətlərimizin hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi “Kəmər və Yol” təşəbbüsü çərçivəsində əməkdaşlığımızın genişlənməsini və təmiz enerji sahəsində birgə layihələrin inkişafını dəstəkləyir. Çin şirkətləri ilə quruda Günəş və dənizdə külək enerjisi, enerji saxlancı və elektrik şəbəkəsi infrastrukturu üzrə çoxsaylı müqavilələrin imzalanması, “China Energy” ilə hərtərəfli strateji tərəfdaşlığın qurulması, bu yaxınlarda Günəş elektrik stansiyasının istifadəyə verilməsi və elektrik şəbəkəsi üzrə tədqiqatın aparılması bu siyasətin konkret nəticələridir”.

Bağlantıların strateji resursa çevrildiyi dövrdə Azərbaycanın “Kəmər və Yol” təşəbbüsünə yeni töhfəsinin Avrasiyanın elektrik enerjisi bazarlarını yaşıl enerji dəhlizləri vasitəsilə birləşdirmək olduğu bildirilib. Bu dəhlizlərin yaradılmasında Çin şirkətləri ilə əməkdaşlıq imkanları diqqətə çatdırılıb. Qeyd olunub ki, Mərkəzi Asiya, Xəzər, Cənubi Qafqaz, Türkiyə və Avropanı əhatə edən bu dəhlizlər müasir İpək Yolu boyunca yaşıl enerji qurşağı formalaşdırmaqla Çinlə çoxşaxəli enerji tərəfdaşlığına da yol açır.

Qeyd edək ki, Azərbaycan Çin Xalq Respublikasının Sədri Si Cinpinin irəli sürdüyü “Kəmər və Yol” təşəbbüsünü ilk dəstəkləyən ölkələrdən biri olmaqla yanaşı, bu layihənin real iqtisadi məzmunla dolmasına ən böyük töhfə verən dövlətdir. Prezident İlham Əliyevin də vurğuladığı kimi, bu təşəbbüs çərçivəsində həm ölkə daxilində, həm də xaricdə yatırılan sərmayələrin həcminə görə Azərbaycan Çindən sonra ikinci yerdə qərarlaşıb. Bu gün iki ölkə arasındakı münasibətlərin hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi iqtisadi layihələrin miqyasını da köklü şəkildə dəyişib. Azərbaycanın yaratdığı müasir nəqliyyat-logistika infrastrukturu Avrasiya ticarətinin onurğa sütununa çevrilməkdədir. Belə ki, Orta Dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) Çin ilə Avropa arasında yüklərin çatdırılma müddətini kəskin azaldaraq qlobal təchizat zəncirinin dayanıqlığını təmin edir. Zəngəzur Dəhlizi isə istifadəyə verildikdən sonra Şərqlə Qərb arasında əlavə və yüksək ötürücülük qabiliyyətinə malik yeni marşrut açaraq regional inteqrasiyanı tamamlayacaq.

Bakı və Pekin arasındakı enerji dialoqu artıq niyyət protokolları mərhələsini keçərək milyardlarla dollarlıq investisiya layihələri müstəvisinə daxil olub. Azərbaycan 2030-cu ilə qədər elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrinin payını 30 faizdən 35 faizə çatdırmağı və 2 GVt-dan artıq yeni yaşıl generasiya güclərini şəbəkəyə inteqrasiya etməyi hədəfləyir. Bu məqsədə çatmaqda Çin texnologiyaları və kapitalı aparıcı rol oynayır. Bu yaxınlarda Çin şirkətlərinin dəstəyi ilə yeni Günəş elektrik stansiyasının istifadəyə verilməsi və milli elektrik şəbəkəsinin modernləşdirilməsi üzrə tədqiqatların aparılması ikitərəfli siyasətin praktik nəticəsidir. Xüsusilə enerji saxlancı sistemlərinin tətbiqi Azərbaycanın enerji sistemini regionun ən çevik və dayanıqlı şəbəkələrindən birinə çevirir.

Çindao konfransında diqqət çəkən ən mühüm məqam Azərbaycanın “Kəmər və Yol” təşəbbüsünə gətirdiyi yeni konseptual töhfədir: Avrasiyanın elektrik enerjisi bazarlarını yaşıl enerji dəhlizləri vasitəsilə birləşdirmək. Əgər vaxtilə qədim İpək Yolu ipək və ədviyyat daşıyırdısa, müasir İpək Yolu yüksəkgərginlikli sualtı və yerüstü kabellər vasitəsilə təmiz elektronlar ötürəcək. Azərbaycan bu dəhlizlərin kəsişməsində unikal coğrafi mövqeyə malikdir. Belə ki, Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanı birləşdirən, Qara dənizin dibi ilə çəkiləcək 1195 kilometrlik sualtı kabel layihəsi Xəzərin külək enerjisini birbaşa Avropa İttifaqı bazarlarına çatdıracaq. Həmçinin, Qazaxıstan və Özbəkistanın nəhəng günəş və külək enerjisi ehtiyatlarının Xəzər dənizi üzərindən Azərbaycana, buradan isə Avropaya nəqlini nəzərdə tutur. Eləcə də Naxçıvan və Zəngəzur dəhlizi üzərindən Türkiyəyə və daha sonra Avropa şəbəkələrinə uzanan enerji körpüsü regional enerji təhlükəsizliyini şaxələndirir. Mərkəzi Asiya, Xəzər, Cənubi Qafqaz, Türkiyə və Avropanı əhatə edən bu meqalayihələr vahid “Yaşıl Enerji Qurşağı” formalaşdırır. Çin şirkətlərinin yüksəkgərginlikli sabit cərəyan (HVDC) texnologiyaları və sualtı kabel istehsalındakı qlobal liderliyi bu dəhlizlərin reallaşmasında Pekin üçün geniş investisiya və texnoloji tərəfdaşlıq imkanları açır.

Bir sözlə, konfransda müzakirə olunan Birgə Nazirlər Bəyanatının əsas fəlsəfəsi Azərbaycanın yürütdüyü enerji siyasəti ilə tam üst-üstə düşür: enerji təhlükəsizliyi və enerji keçidi bir-birinə zidd proseslər deyil, paralel irəlilədilməli olan hədəflərdir. Qlobal enerji böhranları göstərdi ki, ənənəvi enerji mənbələrindən imtina edərkən dayanıqlı infrastruktur və texnoloji keçid təmin olunmazsa, iqtisadiyyatlar ciddi sarsıntılarla üzləşə bilər. Azərbaycan bu balansı qoruyaraq həm etibarlı təbii qaz təchizatçısı kimi Avropanın enerji təhlükəsizliyinə töhfə verir, həm də qaz ixracından əldə etdiyi gəlirləri və xarici investisiyaları sürətlə yaşıl enerji texnologiyalarına yönəldir. Transsərhəd infrastruktura yatırılan sərmayələrin artırılması və təmiz texnologiyalara çıxışın genişləndirilməsi Bakının Çindao platformasından dünyaya verdiyi əsas mesajdır. Azərbaycanın Çindaodakı mövqeyi sübut edir ki, Bakı artıq regional layihələrin icraçısı deyil, Avrasiyanın enerji arxitekturasını dizayn edən əsas memarlardan biridir. “Kəmər və Yol” təşəbbüsü çərçivəsində Çinlə qurulan dərin tərəfdaşlıq, Xəzərdən Avropaya uzanan yaşıl dəhlizlər və strateji nəqliyyat marşrutları Azərbaycanı XXI əsrin yeni enerji xəritəsində əvəzolunmaz körpüyə çevirir.

Sevinc Azadi, “İki sahil”