27 noyabr 2026 14:10
166

Fərid Şəfiyev: Cənubi Qafqazda yeni geosiyasi reallıqlar formalaşıb

Azərbaycanın iqtisadi, siyasi və hərbi potensialının davamlı şəkildə gücləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Belə ki, Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində Cənubi Qafqazda yeni geosiyasi reallıqlar formalaşıb, regionda sülh və əməkdaşlıq gündəliyi ön plana çıxıb.

“İki sahil” xəbər verir ki, bu fikirləri Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi (BMTMM) və Bakı Dövlət Universitetinin birgə təşkilatçılığı ilə keçirilən “Cənubi Qafqazda yeni geosiyasi reallıqlar: Azərbaycanın strateji prioritetləri və regional sülh gündəliyi” mövzusunda dəyirmi masada BMTMM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirib.

Fərid Şəfiyev qeyd edib ki, Ermənistan tərəfindən sülh və əməkdaşlıqla bağlı bəyanatlar səsləndirilsə də, erməni cəmiyyətində sülhə münasibət hələ də birmənalı deyil. Onun sözlərinə görə, Azərbaycan tarixini unutmadan mövcud geosiyasi reallıqların yaratdığı imkanları düzgün qiymətləndirir və regional proseslərdə orta güc dövləti kimi mövqeyini möhkəmləndirir.

Prezident İlham Əliyevin oktyabrın 2-də Yeni Azərbaycan Partiyasının qurultayında səsləndirdiyi tezislərə də toxunan Fərid Şəfiyev müharibələrin xarakterinin və beynəlxalq münasibətlər sistemində təsir mexanizmlərinin dəyişdiyini diqqətə çatdırıb.

O bildirib ki, müasir dövrdə təhdidlər artıq yalnız ənənəvi hərbi vasitələrin tətbiqi və ya dövlət sərhədlərinin pozulması ilə məhdudlaşmır. İnformasiya texnologiyalarının sürətli inkişafı, xüsusilə sosial şəbəkələrin geniş təsir imkanları dövlətlərə qarşı yeni təzyiq mexanizmlərinin formalaşmasına şərait yaradır.