27 noyabr 2026 16:43
135

“İdeoloji təhlükəsizlik, innovasiya və gənclərin intellektual potensialı” - FOTO

Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatının təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Gəncə İdman Sarayında keçirilən “Heydər Əliyev məktəbi” layihəsinin dördüncü mərhələsinin - qış məktəbinin üçüncü günündə gənc fəallarla “İdeoloji təhlükəsizlik, innovasiya və gənclərin intellektual potensialı” mövzusunda görüş keçirilib.

“İki sahil” xəbər verir ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Görüşdə YAP İdarə Heyətinin üzvləri, Milli Məclisin deputatları Hikmət Məmmədov, Pərvin Kərimzadə, YAP İdarə Heyətinin üzvü Vazeh Əskərov və Milli Məclisin deputatı Səbinə Xasayeva çıxış ediblər.

Çıxışlarda müasir dövrdə gənclərin intellektual inkişafının, innovativ yanaşmaların mənimsənilməsinin və milli-ideoloji dəyərlərin qorunmasının əhəmiyyəti vurğulanıb. Qeyd olunub ki, müasir qlobal çağırışlar, informasiya mühitində baş verən sürətli dəyişikliklər və rəqəmsal transformasiya dövründə ideoloji təhlükəsizliyin təmin olunması dövlətçilik maraqlarının qorunmasında mühüm rol oynayır.

Görüşdə Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi milli dövlətçilik fəlsəfəsinin və gənclər siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi diqqətə çatdırılıb, gənclərin elmi və intellektual potensialının artırılması, innovativ ideyalarının dəstəklənməsi və onların ölkənin sosial-iqtisadi, eləcə də mədəni-memarlıq inkişafında fəal iştirakının vacibliyi qeyd olunub.

Bildirilib ki, gənclər yalnız yeni texnologiyaların və rəqəmsal alətlərin fəal istifadəçisi deyil, həm də milli kimliyin, tarixi yaddaşın və dövlətçilik ənənələrinin etibarlı daşıyıcıları olmalıdırlar. Natiqlər “Şəhərsalma və Memarlıq İli” çərçivəsində keçirilən tədbirlərdə müasir memarlıq və şəhərsalma həllərinin ekoloji dayanıqlılıq, tarixi-mədəni irsin qorunması və “Böyük Qayıdış” konsepsiyası ilə uzlaşdırılmasının gənc fəalların qarşısında duran əsas istiqamətlərdən biri kimi dəyərləndiriblər.

Qeyd olunub ki, gənclərin bilik səviyyəsinin artırılması, yaradıcı düşüncələrinin inkişaf etdirilməsi və vətənpərvərlik ruhunda yetişməsi əsas prioritetlərdəndir. Eyni zamanda, informasiya təhlükəsizliyinin qorunmasında, dezinformasiyaya qarşı mübarizədə və milli maraqların müdafiəsində gənclərin fəal iştirakının vacibliyi vurğulanıb.

Sonra iştirakçıların sualları cavablandırılıb.

Daha sonra layihə iştirakçıları Daşkəsən rayonunun Xoşbulaq yaylasına ekskursiya ediblər. Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov və YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçiyev Xoşbulaq yaylasının füsunkar təbiəti, ekoloji xüsusiyyətləri, turizm imkanları və iqtisadi potensialından geniş bəhs ediblər. Qeyd olunub ki, regionların hərtərəfli və davamlı inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən biridir və gənclərin belə səyyar tədbirlər vasitəsilə bölgələrin real potensialı ilə yaxından tanış olması onların dünyagörüşünün genişlənməsinə, eləcə də gələcək təşəbbüslərinin daha məqsədyönlü formalaşmasına mühüm töhfələr verir.

Həmçinin Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Dizayn fakültəsinin dekanı, dosent Fərid Kərimovun moderatorluğu ilə “Qış şəhəri və ekoloji dayanıqlılıq” mövzusunda praktiki seminar təşkil olunub. Komanda oyunu formatında keçirilən sessiya zamanı gənclər ekologiya, urbanizm və enerji səmərəliliyi prinsiplərini əsas götürərək sərt və qarlı hava şəraitinə davamlı innovativ şəhər və kənd modelləri hazırlayıblar. İştirakçılar təbii və müasir materialların uyğunlaşdırılması, istilik itkisinin azaldılması, dayanıqlı şəhərsalma həllərinin tətbiqi və iqlimə uyğun məkan planlaşdırılması istiqamətində öz ideyalarını maketlər üzərində əks etdiriblər.

Günün sonunda gənc fəallar üçün “Musiqi və tarix kodu” adlı əyləncəli-intellektual oyun və müxtəlif mədəni-əyləncəli tədbirlər təşkil olunub.