27 noyabr 2026 18:54
81

Təhlükə olsa da…

Vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfərdən sonra Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biri işğaldan azad edilmiş ərazilərin yenidən qurulması, dirçəldilməsi və doğma yurdlarından didərgin düşmüş insanların qayıdışının təmin edilməsi oldu. Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması məqsədilə indiyədək dövlət büdcəsindən 25,5 milyard manat vəsait ayrılıb. 2027-ci ildə isə bu məqsədlər üçün 3,4 milyard manat vəsaitin nəzərdə tutulması dövlətimizin Böyük Qayıdış prosesinə verdiyi strateji əhəmiyyətin, bu istiqamətdə həyata keçirilən siyasətin ardıcıl xarakter daşımasının və qarşıya qoyulan hədəflərin miqyasının bariz göstəricisidir.

Bəli, ötən müddətdə Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı quruculuq işləri həyata keçirilib. Yeni yaşayış məntəqələri salınıb, avtomobil və dəmir yolları çəkilib, hava limanları istifadəyə verilib, məktəblər, xəstəxanalar, sosial obyektlər və sənaye müəssisələri yaradılıb. Bütün bunlar işğaldan azad edilmiş ərazilərin həyatında yeni mərhələnin başlanmasına, onların ölkənin iqtisadi və sosial inkişafına daha fəal inteqrasiyasına zəmin yaradır.

Şübhəsiz, bərpa və quruculuq prosesinin uğuru yalnız tikilən obyektlərin sayı, görülən işlərin həcmi və ayrılan maliyyə vəsaitləri ilə ölçülmür. Əsas məqsəd insanların öz doğma yurdlarında təhlükəsiz, firavan və dayanıqlı həyat qurmasıdır. Artıq 48 yaşayış məntəqəsinə 47 mindən çox insan qayıdıb. Yeri gəlmişkən, qeyd edək ki, işğaldan azad edilmiş ərazilərə Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Böyük Qayıdış davam etdirilir. Belə ki, noyabrın 27-də Ağdərə, Xocalı və Xocavənd rayonlarına növbəti köç karvanları yola salınıb. Bu mərhələdə Ağdərənin Vəngli kəndinə 10 ailə – 42 nəfər, Çıldıran kəndinə 15 ailə – 49 nəfər, Kolatağ kəndinə 2 ailə – 6 nəfər, Heyvalı kəndinə 1 ailə – 1 nəfər, Xocalının Badara kəndinə 4 ailə – 7 nəfər, Xanyurdu kəndinə 9 ailə – 32 nəfər, Xanabad kəndinə 8 ailə – 33 nəfər, Xocavənd şəhərinə 7 ailə – 30 nəfər, Xocavəndin Quzeyxırman kəndinə isə 17 ailə – 71 nəfər köçürülüb. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Hazırda işğaldan azad edilmiş ərazilərdə yaşayan, təhsil alan və əmək fəaliyyəti ilə məşğul olan insanların ümumi sayı 100 min nəfərə yaxınlaşıb. Bu rəqəm Böyük Qayıdışın real nəticələrini, bərpa prosesinin geniş vüsət aldığını və Qarabağla Şərqi Zəngəzurun tədricən yeni həyat ritminə qovuşduğunu göstərir. Onu da bildirək ki, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və quruculuq siyasəti, məcburi köçkünlərin qayıdışı Azərbaycanın yalnız keçmişin ağır izlərini aradan qaldırmaq deyil, həm də gələcəyə hesablanmış yeni inkişaf modelini formalaşdırmaq iradəsini nümayiş etdirir.

Təbii ki, bu göstəricilər daha yüksək ola bilərdi. Lakin Ermənistanın uzun illər işğal altında saxladığı Azərbaycan ərazilərini kütləvi şəkildə minalarla və digər partlayıcı sursatlarla çirkləndirməsi abadlıq-quruculuq işlərini, eləcə də doğma yurdlara qayıdış prosesini ciddi şəkildə ləngidən əsas amillərdən biridir. Mina təhlükəsi insanların həyat və sağlamlığı üçün ciddi risk yaratmaqla yanaşı, yeni yaşayış məntəqələrinin salınmasına, infrastruktur layihələrinin həyata keçirilməsinə və iqtisadi fəaliyyətin genişləndirilməsinə də mane olur. Yeri gəlmişkən, Prezident İlham Əliyev noyabrın 25-də Litva Respublikasının xarici işlər nazirini qəbul edərkən Qarabağda və Şərqi Zəngəzurda aparılan bərpa və quruculuq işlərindən söz açmaqla yanaşı, bildirib ki, həm Birinci Qarabağ müharibəsi dövründə, həm də 2020–2023-cü illərdə basdırılmış minalar bu işlərə mane olur və insanların həyatı üçün ciddi təhlükə yaradır.

Buna baxmayaraq, Azərbaycan bu çətinliyin aradan qaldırılması istiqamətində sistemli və genişmiqyaslı işlər həyata keçirir. Böyük Qayıdışın təhlükəsizliyinin təmin olunması məqsədilə indiyədək 313 min hektardan çox ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib, aparılan əməliyyatlar nəticəsində 272 minə yaxın mina və partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib. Hazırda minatəmizləyənlərin həyatları bahasına apardığı bu mübarizə işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda da davam etdirilir.

Qvami Məhəbbətoğlu, “İki sahil”