16 noyabr 2026 11:12
48

Birgə Bəyannamə: Azərbaycan-Britaniya əlaqələrinin yeni inkişaf modeli

Elnarə Akimova,
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhem tərəfindən 2026-cı il noyabrın 12-də Dublində imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə iki ölkə arasındakı münasibətlərin inkişafında mühüm siyasi və diplomatik hadisədir. Bu sənəd, ilk növbədə, Azərbaycan ilə Böyük Britaniya arasında uzun illər ərzində formalaşmış qarşılıqlı etimadın, siyasi dialoqun və iqtisadi əməkdaşlığın yeni məzmunla zənginləşdirilməsinin göstəricisidir.

Bəyannamənin əhəmiyyətini yalnız diplomatik sənədin imzalanması ilə məhdudlaşdırmaq düzgün olmazdı. Burada söhbət iki dövlət arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəldilməsindən, mövcud əməkdaşlıq istiqamətlərinin genişləndirilməsindən və gələcək üçün konkret prioritetlərin müəyyənləşdirilməsindən gedir. Əslində, bu sənəd Azərbaycanın müstəqilliyinin ilk illərindən etibarən həyata keçirdiyi uzaqgörən xarici siyasətin, milli maraqlara əsaslanan beynəlxalq tərəfdaşlıq modelinin və dövlətlərarası münasibətlərdə etibarlı tərəfdaş kimi qazandığı mövqeyin növbəti təsdiqidir. Bu münasibətlərin tarixi təməli Ümummilli Lider Heydər Əliyevin siyasi uzaqgörənliyi ilə qoyulub. 1990-cı illərin əvvəllərində Azərbaycan müstəqilliyini yenicə bərpa etmiş, mürəkkəb siyasi, iqtisadi və təhlükəsizlik problemləri ilə üz-üzə qalmışdı. Belə bir şəraitdə dünyanın aparıcı dövlətləri ilə münasibətlərin qurulması, Azərbaycanın beynəlxalq aləmdə tanıdılması, ölkəyə xarici investisiyaların cəlb edilməsi və milli maraqların beynəlxalq müstəvidə müdafiəsi həyati əhəmiyyət daşıyırdı.

Heydər Əliyev bu reallığı düzgün qiymətləndirərək Böyük Britaniya ilə münasibətlərin inkişafına xüsusi önəm verirdi. Onun 1994-cü il fevralın 23-də Londonda Kral Beynəlxalq Münasibətlər İnstitutunda etdiyi çıxışda səsləndirdiyi fikirlər bu siyasətin mahiyyətini aydın ifadə edir. Ulu Öndər Böyük Britaniyanı dünya siyasətində və iqtisadi sistemində mühüm mövqeyə malik dövlət kimi qiymətləndirərək iki ölkə arasında əməkdaşlığın genişləndirilməsinin Azərbaycan üçün əhəmiyyətini vurğulayırdı. Həmin səfər çərçivəsində imzalanmış Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannamə münasibətlərin institusional əsasını formalaşdırdı. Burada mühüm bir məqam var: Heydər Əliyevin xarici siyasət strategiyası yalnız diplomatik əlaqələrin qurulmasına deyil, həmin əlaqələrin real iqtisadi nəticələrə çevrilməsinə hesablanmışdı. O, Azərbaycanın beynəlxalq əməkdaşlıqda etibarlı, proqnozlaşdırıla bilən və qarşılıqlı faydaya əsaslanan tərəfdaş kimi tanınmasını istəyirdi. Bu yanaşma sonrakı illərdə Azərbaycan–Böyük Britaniya münasibətlərinin inkişaf istiqamətini müəyyənləşdirdi.

1994-cü il sentyabrın 20-də imzalanmış “Əsrin müqaviləsi” isə bu siyasətin ən mühüm iqtisadi nəticələrindən biri oldu. Azərbaycanın təşəbbüsü ilə yaradılan beynəlxalq enerji əməkdaşlığına Böyük Britaniyanın BP şirkətinin qoşulması ölkəmizin enerji sektoruna qabaqcıl texnologiyaların, beynəlxalq kapitalın və idarəetmə təcrübəsinin gətirilməsində mühüm rol oynadı. Müqavilə SOCAR ilə altı ölkəni təmsil edən 11 xarici neft şirkəti arasında bağlanmışdı. Bu hadisə Azərbaycanın dünya enerji bazarına inteqrasiyasını sürətləndirməklə yanaşı, ölkənin beynəlxalq iqtisadi münasibətlər sistemində mövqeyini də gücləndirdi.

Bu gün həmin əməkdaşlığın otuz ildən artıq davam etməsi təsadüfi deyil. Bu, qarşılıqlı maraqların, siyasi iradənin və uzunmüddətli etimadın nəticəsidir. Bir vaxtlar Azərbaycanın enerji potensialının beynəlxalq bazarlara çıxarılması ilə başlanan əməkdaşlıq indi daha geniş iqtisadi, siyasi, təhlükəsizlik və texnoloji istiqamətləri əhatə edir.

Azərbaycan–Böyük Britaniya münasibətlərinin bugünkü səviyyəyə yüksəlməsində Prezident İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli və praqmatik xarici siyasətin xüsusi rolu var. Dövlət başçısı Heydər Əliyevin müəyyənləşdirdiyi strateji kursu müasir dövrün çağırışlarına uyğun şəkildə inkişaf etdirərək Azərbaycanı beynəlxalq enerji təhlükəsizliyinin, regional nəqliyyat-kommunikasiya layihələrinin və genişmiqyaslı iqtisadi əməkdaşlığın mühüm iştirakçılarından birinə çevirib.

Dövlət başçımızın 2026-cı il iyulun 21-də Endi Börnhemin Baş nazir təyin olunması münasibətilə ünvanladığı təbrik məktubu da bu baxımdan diqqətəlayiqdir. Dövlət başçısı məktubunda iki ölkənin iqtisadi və ticarət əməkdaşlığının dinamik inkişafını, enerji sahəsində strateji tərəfdaşlığın yeni məzmunla zənginləşdirilməsini xüsusi qeyd edib. O, həmçinin Britaniya şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa və quruculuq prosesinə cəlb olunmasını yüksək əməkdaşlıq səviyyəsinin göstəricisi kimi dəyərləndirib. Onun noyabrın 12-də Böyük Britaniyanın Baş naziri Endi Börnhemlə Dublində keçirdiyi görüşdə səsləndirdiyi fikirlər də bu münasibətlərin mahiyyətini açıq şəkildə göstərir. Dövlət başçısı iki ölkə arasında enerji sahəsində 30 ildən artıq davam edən uğurlu əməkdaşlığa diqqət çəkərək Böyük Britaniyanın Azərbaycanın Avropadakı ən böyük investoru olduğunu bildirib. Görüşdə bərpaolunan enerji, yüksək texnologiyalar və süni intellekt sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları da xüsusi vurğulanıb. Bu məqamın siyasi və iqtisadi baxımdan xüsusi əhəmiyyəti var. Çünki Azərbaycan–Böyük Britaniya münasibətləri artıq yalnız ənənəvi enerji tərəfdaşlığı çərçivəsində qiymətləndirilə bilməz. Yeni mərhələdə əsas məsələ mövcud iqtisadi əlaqələrin şaxələndirilməsi, qeyri-neft sektoruna investisiyaların artırılması, texnoloji əməkdaşlığın genişləndirilməsi və insan kapitalının inkişafıdır. Buradan belə bir nəticə çıxarmaq mümkündür: Azərbaycan artıq xarici tərəfdaşları ilə münasibətlərini yalnız mövcud resursların istismarı və iqtisadi mənfəət üzərində qurmur. Ölkəmiz yeni texnologiyaların transferi, istehsal və xidmət sektorunun inkişafı, müasir infrastrukturun yaradılması və dayanıqlı iqtisadi modelin formalaşdırılması istiqamətində əməkdaşlığa üstünlük verir.

Birgə Bəyannamənin ən mühüm istiqamətlərindən biri ticarət, investisiya və iqtisadi artımla bağlı müddəalardır. Burada bərpaolunan enerji, infrastruktur, xidmətlər, maliyyə bazarları, kiçik və orta sahibkarlıq, yaşıl maliyyələşmə və regional bağlantılar üzrə əməkdaşlıq prioritetləri müəyyənləşdirilib. Bu prioritetlərin hər biri Azərbaycanın uzunmüddətli inkişaf strategiyası ilə uzlaşır. İlk növbədə, enerji əməkdaşlığının yeni mərhələsinə diqqət yetirmək lazımdır. Azərbaycan uzun illər ərzində Avropanın enerji təhlükəsizliyinə töhfə verən etibarlı təchizatçı kimi tanınıb. Lakin müasir dünyanın enerji gündəliyi dəyişir. Artıq enerji təhlükəsizliyi yalnız neft və qaz ehtiyatları ilə deyil, həm də bərpaolunan enerji mənbələrinin inkişafı, elektrik enerjisinin ötürülməsi, enerji infrastrukturunun modernləşdirilməsi və aşağı karbonlu texnologiyaların tətbiqi ilə ölçülür.

Azərbaycan bu istiqamətdə ciddi potensiala malikdir. Xüsusilə Xəzər dənizinin külək enerjisi imkanları, günəş enerjisi potensialı və ölkənin əlverişli coğrafi mövqeyi yeni investisiya layihələri üçün geniş perspektivlər açır. Böyük Britaniyanın maliyyə, mühəndislik, texnologiya və enerji idarəçiliyi sahələrindəki təcrübəsi isə bu imkanların reallaşdırılmasına mühüm töhfə verə bilər. Digər mühüm məsələ Orta Dəhlizdir. Bu marşrut artıq yalnız regional nəqliyyat layihəsi deyil, Asiya ilə Avropa arasında iqtisadi əlaqələrin şaxələndirilməsi baxımından strateji əhəmiyyət daşıyan beynəlxalq kommunikasiya xəttidir. Azərbaycan öz coğrafi mövqeyini real iqtisadi və siyasi üstünlüyə çevirmək üçün nəqliyyat infrastrukturuna, limanlara, dəmir yollarına, avtomobil yollarına və logistika imkanlarına böyük investisiyalar yatırıb.

Bəyannamədə Orta Dəhlizin inkişafına dəstəyin ayrıca vurğulanması Azərbaycanın beynəlxalq tranzit imkanlarına verilən siyasi qiymətin ifadəsidir. Böyük Britaniya ilə bu istiqamətdə əməkdaşlıq investisiyaların cəlb edilməsi, logistika xidmətlərinin təkmilləşdirilməsi, rəqəmsal gömrük sistemlərinin inkişafı və beynəlxalq ticarət əlaqələrinin genişləndirilməsi baxımından yeni imkanlar yarada bilər. Əslində, burada Azərbaycanın daha geniş geoiqtisadi hədəfi özünü göstərir: ölkəmiz Şərqlə Qərb arasında sadəcə yük daşınan ərazi deyil, iqtisadi əlaqələrin qurulduğu, investisiyaların yönəldiyi, xidmətlərin inkişaf etdiyi və yeni dəyərin yaradıldığı mühüm mərkəzə çevrilmək istəyir.

Maliyyə və kapital bazarları üzrə əməkdaşlıq da diqqətdən kənarda qalmamalıdır. Britaniyanın beynəlxalq maliyyə mərkəzi kimi təcrübəsi Azərbaycan üçün yaşıl maliyyələşmə, investisiya alətləri, kiçik və orta biznesin maliyyəyə çıxışı, maliyyə institutlarının institusional potensialının gücləndirilməsi baxımından faydalı ola bilər. Bu, xüsusilə iqtisadiyyatın şaxələndirilməsi və özəl sektorun inkişafı baxımından əhəmiyyətlidir. Beləliklə, yeni strateji tərəfdaşlığın iqtisadi məntiqi aydındır: ənənəvi enerji əməkdaşlığını qorumaqla yanaşı, onu yeni texnologiyalar, yaşıl iqtisadiyyat, logistika, maliyyə və innovasiya istiqamətləri ilə tamamlamaq.

Bəyannamənin mühüm siyasi istiqamətlərindən biri regional sülh və təhlükəsizlik məsələsidir. Sənəddə BMT Nizamnaməsinə, beynəlxalq hüququn norma və prinsiplərinə, dövlətlərin suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına sadiqlik bir daha təsdiqlənir. Azərbaycan üçün bu müddəalar xüsusi siyasi əhəmiyyət daşıyır. Çünki ölkəmiz uzun illər ərzində ərazi bütövlüyü və suverenlik məsələlərində beynəlxalq hüququn prinsiplərinə əsaslanan mövqe nümayiş etdirib. Dövlətin ərazi bütövlüyünün qorunması, sərhədlərin toxunulmazlığı və suverenliyə hörmət Azərbaycanın xarici siyasətinin fundamental prinsiplərindəndir.

Bəyannamədə 2025-ci il avqustun 8-də Vaşinqtonda əldə olunmuş razılaşmaların əhəmiyyətinin vurğulanması və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində atılan sonrakı addımların alqışlanması da mühüm məqamdır. Böyük Britaniya regionda davamlı sülhün təmin olunması üçün iki ölkənin ikitərəfli dialoq çərçivəsində göstərdiyi səylərə dəstəyini ifadə edir.

Bu yanaşma Azərbaycanın irəli sürdüyü sülh gündəliyinin beynəlxalq səviyyədə diqqətə alınması baxımından əhəmiyyətlidir. Eyni zamanda, Cənubi Qafqazda sabitliyin təmin olunmasının yalnız region dövlətləri üçün deyil, Avropa və daha geniş beynəlxalq məkan üçün də vacib olduğu bir daha təsdiqlənir.

Müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi isə bu tərəfdaşlığın digər mühüm istiqamətidir. Burada hərbi təlimlər, müdafiə potensialının artırılması, müdafiə sənayesi üzrə imkanların araşdırılması, hüquq-mühafizə orqanları arasında əlaqələr, sərhəd idarəçiliyi və institusional dayanıqlılıq kimi məsələlər ön plana çıxır. Bu, müasir təhlükəsizlik anlayışının dəyişdiyini göstərir. Artıq təhlükəsizlik yalnız hərbi imkanlarla ölçülmür. Kibertəhlükəsizlik, sərhədlərin mühafizəsi, transmilli cinayətkarlıqla mübarizə, kritik infrastrukturun qorunması və dövlət institutlarının dayanıqlılığı da ümumi təhlükəsizlik sisteminin ayrılmaz hissəsinə çevrilib. Azərbaycanın regional mövqeyi, təhlükəsizlik sahəsində qazandığı təcrübə və Böyük Britaniyanın müvafiq institusional imkanları bu istiqamətdə qarşılıqlı faydalı əməkdaşlıq üçün zəmin yaradır. Birgə Bəyannamənin ən diqqətçəkən cəhətlərindən biri də təhsil, elm, innovasiya və insan kapitalının inkişafına xüsusi yer ayrılmasıdır. Bu, sənədin yalnız bugünkü siyasi və iqtisadi maraqları deyil, həm də gələcək nəsillərin inkişafını nəzərdə tutduğunu göstərir.

Müasir dünyada dövlətlərin rəqabət qabiliyyəti artıq yalnız təbii sərvətləri, maliyyə imkanları və sənaye potensialı ilə müəyyən edilmir. Əsas üstünlük bilik, texnologiya, elmi tədqiqat, innovasiya və ixtisaslı insan resurslarına sahib olan ölkələrin tərəfindədir. Bu baxımdan Böyük Britaniya ilə təhsil və elmi əməkdaşlığın genişləndirilməsi Azərbaycan üçün strateji əhəmiyyət daşıyır.

Bəyannamədə ali təhsil, peşə təhsili, rəqəmsal və texniki bacarıqlar, dövlət idarəçiliyi üzrə təlimlər, universitetlər və tədqiqat institutları arasında əməkdaşlıq, süni intellekt, rəqəmsal idarəetmə və həyat elmləri kimi istiqamətlərin nəzərdə tutulması olduqca vacibdir. Böyük Britaniya dünyanın aparıcı universitetlərinə, elmi-tədqiqat mərkəzlərinə və innovasiya ekosisteminə malik ölkələrindən biridir. Bu təcrübənin Azərbaycanla bölüşülməsi təhsil sistemində beynəlxalq standartların tətbiqinə, elmi tədqiqatların inkişafına, gənclərin yeni bilik və bacarıqlar əldə etməsinə şərait yarada bilər.

Xüsusilə süni intellekt sahəsində əməkdaşlığın perspektivləri genişdir. Süni intellekt artıq yalnız informasiya texnologiyaları sahəsinin məsələsi deyil. O, dövlət idarəçiliyindən iqtisadiyyata, sənayedən kənd təsərrüfatına, səhiyyədən təhsilə qədər bütün sahələrdə yeni imkanlar yaradır. Bu texnologiyaların tətbiqi məhsuldarlığın yüksəldilməsi, xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması və idarəetmədə səmərəliliyin artırılması baxımından mühüm rol oynayır. Bu istiqamətdə əsas hədəf yalnız qabaqcıl texnologiyaları ölkəyə gətirmək olmamalıdır. Əsas məsələ həmin texnologiyaları tətbiq edə biləcək, inkişaf etdirəcək və gələcəkdə öz innovativ həllərini yaradacaq mütəxəssislərin yetişdirilməsidir. Çünki texnologiyanı almaq mümkündür, amma texnoloji üstünlük yaratmaq üçün güclü insan kapitalı lazımdır.

İnsanlararası əlaqələrin, mədəni mübadilənin və peşəkar şəbəkələrin inkişafına verilən önəm də bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Dövlətlər arasında münasibətlərin uzunömürlü olması üçün yalnız hökumətlər və siyasi institutlar arasında deyil, cəmiyyətlər arasında da qarşılıqlı anlaşma formalaşmalıdır.

Noyabrın 12-də imzalanmış Birgə Bəyannaməni Azərbaycan–Böyük Britaniya münasibətlərində yeni bir mərhələnin başlanğıcı kimi qiymətləndirmək olar. Bu sənədin siyasi çəkisi onun əhatə etdiyi məsələlərin genişliyində, iqtisadi əhəmiyyəti isə gələcəkdə konkret layihələrə çevrilə biləcək əməkdaşlıq imkanlarındadır.

Ən vacib məqam odur ki, tərəflər münasibətləri yalnız ənənəvi əməkdaşlıq sahələri ilə məhdudlaşdırmırlar. Enerji, ticarət və investisiyalarla yanaşı, müdafiə və təhlükəsizlik, yaşıl iqtisadiyyat, nəqliyyat, maliyyə, təhsil, elm, süni intellekt və insanlararası əlaqələr vahid strateji çərçivədə birləşdirilir. Bəyannamədə hər il Strateji Tərəfdaşlıq görüşünün keçirilməsi, üç əsas istiqamət üzrə əldə olunan irəliləyişin nəzərdən keçirilməsi və gələcək prioritetlərin müəyyənləşdirilməsi barədə anlaşmanın da yer alması xüsusi əhəmiyyət daşıyır. Bu, sənədin yalnız siyasi niyyətlərin bəyan edilməsi ilə kifayətlənmədiyini, əməkdaşlığın davamlı izlənilməsi üçün institusional mexanizm nəzərdə tutduğunu göstərir. Təbii ki, hər bir strateji sənədin həqiqi dəyəri onun imzalanmasından sonra əldə edilən nəticələrlə ölçülür. Əgər nəzərdə tutulan əməkdaşlıq istiqamətləri konkret investisiya layihələrinə, yeni iş yerlərinə, texnologiya transferinə, təhsil imkanlarına, təhlükəsizlik sahəsində real nəticələrə çevrilərsə, bu tərəfdaşlıq hər iki ölkənin inkişafına uzunmüddətli töhfə verəcək.

Azərbaycan üçün bu münasibətlər həm də mühüm geosiyasi əhəmiyyət daşıyır. Çünki Böyük Britaniya ilə strateji tərəfdaşlığın yeni səviyyəyə yüksəlməsi ölkəmizin Avropa ilə siyasi, iqtisadi və texnoloji əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edir. Eyni zamanda, Azərbaycanın müstəqil xarici siyasət yürüdən, regional proseslərdə təşəbbüskar mövqe nümayiş etdirən və beynəlxalq əməkdaşlıqda etibarlı tərəfdaş kimi çıxış edən dövlət statusunu gücləndirir. Bu sənədin ən mühüm mesajı ondan ibarətdir ki, Azərbaycan öz beynəlxalq münasibətlərini keçmişin uğurları üzərində qurmaqla kifayətlənmir, gələcəyin çağırışlarına uyğun yeni əməkdaşlıq platformaları yaradır. Heydər Əliyevin təməlini qoyduğu münasibətlər İlham Əliyevin rəhbərliyi ilə yeni siyasi, iqtisadi və texnoloji məzmun qazanır.

1994-cü ildə dostluq və əməkdaşlıq haqqında imzalanmış sənəd müstəqil Azərbaycanın beynəlxalq aləmə açılan mühüm diplomatik qapılarından biri idisə, 2026-cı il Strateji Tərəfdaşlıq Bəyannaməsi həmin qapıdan keçərək daha geniş imkanlara, daha böyük hədəflərə və gələcəyə hesablanmış əməkdaşlığa doğru atılan növbəti addımdır.