Azərbaycan Respublikasının xarici siyasətində beynəlxalq tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi, qarşılıqlı etimada əsaslanan əməkdaşlığın möhkəmləndirilməsi və milli maraqların beynəlxalq müstəvidə ardıcıl şəkildə təmin olunması mühüm istiqamətlərdən birini təşkil edir. Bu baxımdan Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə iki ölkənin münasibətlərinin inkişafında xüsusi əhəmiyyət daşıyan siyasi və diplomatik hadisədir. Sənəd Azərbaycan ilə Birləşmiş Krallıq arasında uzun illər ərzində formalaşmış əlaqələrin yeni məzmunla zənginləşdirilməsini, əməkdaşlığın daha geniş sahələri əhatə etməsini və gələcək münasibətlərin konkret strateji hədəflər əsasında qurulmasını nəzərdə tutur.
Azərbaycan ilə Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması ikitərəfli münasibətlərin inkişafında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Sənəd Azərbaycanın Avropa ilə əməkdaşlıq coğrafiyasının genişləndirilməsi, enerji və nəqliyyat təhlükəsizliyi sistemində rolunun artırılması, eləcə də müdafiə və texnoloji potensialının inkişafı baxımından yeni perspektivlər açır.
Sənədin əhəmiyyəti təkcə iki ölkə arasında siyasi münasibətlərin daha yüksək səviyyəyə qaldırılması ilə məhdudlaşmır. Bu tərəfdaşlıq Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqelərinin möhkəmlənməsi və müxtəlif istiqamətlər üzrə əməkdaşlığının genişlənməsi baxımından da mühüm əhəmiyyət daşıyır.
Son illərdə ölkəmizdə həyata keçirilən genişmiqyaslı infrastruktur layihələri, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının imkanlarının inkişafı, dəmir yollarının modernləşdirilməsi, avtomobil yollarının və logistika mərkəzlərinin yaradılması Azərbaycanın tranzit potensialını əhəmiyyətli dərəcədə gücləndirib. Bu imkanlar ölkəmizin beynəlxalq ticarət marşrutlarında etibarlı tranzit məntəqəsi kimi mövqeyini möhkəmləndirməklə yanaşı, region ölkələrinin iqtisadi əməkdaşlığına da xidmət edir. Böyük Britaniya ilə nəqliyyat, logistika və infrastruktur sahələrində əməkdaşlığın genişləndirilməsi bu potensialın daha səmərəli reallaşdırılması üçün əlavə imkanlar yarada bilər.
İqtisadi əməkdaşlığın digər mühüm istiqaməti yaşıl enerji keçidi və dayanıqlı inkişaf məsələləridir. Qlobal iqlim dəyişiklikləri, enerji resurslarına tələbatın artması və enerji təhlükəsizliyi ilə bağlı çağırışlar dövlətlər qarşısında yeni vəzifələr müəyyənləşdirir. Bu şəraitdə bərpaolunan enerji mənbələrinin inkişafı, aşağıkarbonlu texnologiyaların tətbiqi və yaşıl maliyyələşdirmə mexanizmlərinin genişləndirilməsi strateji əhəmiyyət daşıyır. Azərbaycan zəngin külək və günəş enerjisi potensialından istifadə etməklə enerji sisteminin şaxələndirilməsi, yaşıl iqtisadiyyatın formalaşdırılması və ekoloji dayanıqlığın gücləndirilməsi istiqamətində mühüm layihələr həyata keçirir.
Maliyyə və kapital bazarları sahəsində əməkdaşlığın dərinləşdirilməsi də sənədin iqtisadi məzmununu zənginləşdirən mühüm müddəalardandır. Davamlı investisiyaların, ticarət maliyyələşdirilməsinin, kiçik və orta sahibkarlığın inkişafının, eləcə də yaşıl maliyyələşdirmənin dəstəklənməsi məqsədilə müvafiq qurumlar və maliyyə institutları arasında dialoqun genişləndirilməsi nəzərdə tutulur. Bu yanaşma ölkəmizdə sahibkarlığın inkişafı, qeyri-neft sektoruna investisiyaların artırılması, iqtisadiyyatın şaxələndirilməsi və beynəlxalq maliyyə bazarlarına çıxış imkanlarının genişləndirilməsi baxımından perspektivlər vəd edir.
Bəyannamədə Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın roluna xüsusi əhəmiyyət verilməsi də təsadüfi deyil. Bu mexanizm iqtisadi, ticarət və investisiya münasibətlərinin əlaqələndirilməsi, texniki dialoqun aparılması və konkret təşəbbüslərin irəli sürülməsi üçün əsas platforma kimi nəzərdə tutulur. Tərəflərin investisiya, iqtisadi şaxələndirmə, Orta Dəhlizin inkişafı və enerji əməkdaşlığı üzrə birgə təşəbbüsləri bu platforma vasitəsilə irəlilətmək niyyəti sənədin praktik məzmununu daha da gücləndirir.
Müasir dövrdə dövlətlərin rəqabət qabiliyyətini müəyyən edən əsas amillərdən biri insan kapitalının inkişafı, elmi potensial və innovativ texnologiyaların tətbiqidir. Bu baxımdan Bəyannamədə təhsil, elm, tədqiqat və innovasiya sahələrinə geniş yer ayrılması xüsusi əhəmiyyət daşıyır. Tərəflər ali və peşə təhsili, rəqəmsal və texniki bacarıqların inkişafı, dövlət sektorunda təlim, universitetlər və elmi-tədqiqat institutları arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində birgə fəaliyyətin vacibliyini qəbul edirlər.
Xüsusilə süni intellekt, rəqəmsal idarəetmə, yeni texnologiyalar və həyat elmləri sahələrində təcrübə mübadiləsinin təşviqi gələcək əməkdaşlığın perspektivli istiqamətlərini müəyyənləşdirir. Bu sahələrdə Böyük Britaniyanın elmi və texnoloji təcrübəsindən yararlanmaq, Azərbaycan universitetlərinin beynəlxalq elmi əlaqələrini genişləndirmək, birgə tədqiqat layihələri və innovasiya təşəbbüsləri həyata keçirmək üçün imkanlar mövcuddur. Eyni zamanda, peşə təhsili və müasir əmək bazarının tələblərinə uyğun bacarıqların inkişafı iqtisadiyyatın uzunmüddətli rəqabət qabiliyyətinin artırılmasına xidmət edə bilər.
İnsanlararası əlaqələrin, mədəni mübadilələrin və peşəkar şəbəkələrin inkişafı da strateji tərəfdaşlığın mühüm tərkib hissəsidir. Çünki dövlətlər arasında davamlı münasibətlər yalnız siyasi dialoq və iqtisadi maraqlarla deyil, xalqlar arasında qarşılıqlı anlaşma və etimadın möhkəmləndirilməsi ilə də şərtlənir. Təhsil və mədəniyyət sahəsində mübadilələrin genişləndirilməsi, vətəndaş cəmiyyətləri arasında birbaşa əlaqələrin təşviqi iki ölkənin münasibətlərinə uzunmüddətli sosial və humanitar məzmun qazandıra bilər.
Bəyannamənin mühüm cəhətlərindən biri də strateji tərəfdaşlığın davamlılığını təmin edən konkret mexanizmin nəzərdə tutulmasıdır. Sənədə əsasən, tərəflər hər il Strateji Tərəfdaşlıq görüşü keçirərək sənəddə müəyyənləşdirilmiş üç əsas istiqamət üzrə əldə olunan irəliləyişləri nəzərdən keçirəcək, gələcək əməkdaşlığın prioritetlərini müəyyənləşdirəcək və praktiki tədbirlərin həyata keçirilməsini müzakirə edəcəklər. Bu müddəa sənədin yalnız siyasi niyyətlərin bəyanı olmadığını, həm də razılaşdırılmış istiqamətlər üzrə müntəzəm dialoq və nəticəyönümlü fəaliyyət üçün institusional əsas formalaşdırdığını göstərir. Eyni zamanda, əməkdaşlığın mövcud resurslar və tərəflərin müvafiq qanunvericiliyi çərçivəsində həyata keçirilməsi prinsipi də təsbit olunur.
Ümumilikdə, Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə ikitərəfli münasibətlərin inkişafında mühüm siyasi mərhələ olmaqla yanaşı, Azərbaycanın beynəlxalq əməkdaşlıq strategiyasının əhəmiyyətli istiqamətlərindən birini təşkil edir. Sənədin başlıca əhəmiyyəti siyasi etimadın müdafiə və təhlükəsizlik, iqtisadiyyat, enerji, nəqliyyat, təhsil, elm və innovasiya sahələrində konkret əməkdaşlıq perspektivləri ilə tamamlanmasındadır.
Prezident İlham Əliyevin həyata keçirdiyi praqmatik və milli maraqlara əsaslanan xarici siyasət Azərbaycanın müxtəlif beynəlxalq tərəfdaşlarla qarşılıqlı faydaya söykənən münasibətlər qurmasına, regional və qlobal proseslərdə fəal iştirakına imkan yaradıb. Böyük Britaniya ilə strateji tərəfdaşlığın rəsmi olaraq yeni səviyyəyə yüksəldilməsi də bu siyasətin ardıcıl və məqsədyönlü xarakterini nümayiş etdirir. Bu tərəfdaşlıq Azərbaycanın Avropa ilə iqtisadi və siyasi əlaqələrinin genişləndirilməsi, enerji və nəqliyyat təhlükəsizliyinə töhfəsinin artırılması, eləcə də elmi-texnoloji potensialının inkişafı baxımından mühüm imkanlar açır.

İsrafil Kərimov,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Azərbaycan-Böyük Britaniya strateji tərəfdaşlığı: yeni hədəflər, geniş imkanlar
Azərbaycan-Böyük Britaniya münasibətlərində strateji tərəfdaşlığın yeni mərhələsi