Müasir dövrdə beynəlxalq nüfuzun əsas göstəricilərindən biri dövlətlərarası münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin noyabrın 12–13-də İrlandiyaya işgüzar səfəri ölkəmizin Avropa dövlətləri ilə siyasi və iqtisadi əlaqələrinin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Səfər çərçivəsində keçirilən dəyirmi masada dövlətimizin başçısı respublikamızın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələrdən söz açaraq qeyd etdi ki, Azərbaycan qazının Avropa bazarına ixracı son illərdə artıb və ölkəmiz Avropanın enerji təchizatının şaxələndirilməsində mühüm tərəfdaşlardan birinə çevrilib. Bununla yanaşı, bərpaolunan enerji, yaşıl enerji ixracı və nəqliyyat-logistika layihələri üzrə əməkdaşlığın genişləndirilməsi perspektivləri diqqətə çatdırıldı.
Dublin səfərinin mühüm istiqamətlərindən biri Prezident İlham Əliyevin dövlət və hökumət başçıları ilə keçirdiyi görüşlər oldu. Moldova, Bolqarıstan, Ermənistan, Yunanıstan, Çexiya, Rumıniya, Litva, Ukrayna və Avropa İttifaqı rəhbərliyi ilə aparılan müzakirələrdə ikitərəfli münasibətlər, regional təhlükəsizlik, iqtisadi əməkdaşlıq və nəqliyyat kommunikasiyalarının inkişafı məsələləri nəzərdən keçirildi. Xüsusilə Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşdə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması, sülh gündəliyinin irəlilədilməsi və regional kommunikasiyaların açılması məsələləri müzakirə edildi. Bu təmas Cənubi Qafqazda davamlı sülhün və əməkdaşlığın təmin olunması baxımından siyasi dialoqun əhəmiyyətini bir daha göstərdi.
Noyabrın 12-də Dublin şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhem tərəfindən imzalanan sənəd iki ölkə arasında münasibətlərin yeni mərhələsinin əsasını qoyur. Bu hadisə uzun illər ərzində formalaşmış dostluq və əməkdaşlıq əlaqələrinin daha yüksək səviyyəyə çatdırılması ilə yanaşı, Azərbaycanın beynəlxalq siyasi proseslərdə artan nüfuzunu və etibarlı tərəfdaş statusunu nümayiş etdirir. Sənəd iki ölkə arasında mövcud əlaqələrin möhkəmləndirilməsi ilə yanaşı, gələcək əməkdaşlığın əsas istiqamətlərini və prioritetlərini də müəyyənləşdirir. Bəyannamənin mühüm xüsusiyyətlərindən biri onun Azərbaycan-Böyük Britaniya münasibətlərini yalnız siyasi və diplomatik əlaqələrlə məhdudlaşdırmamasıdır. Sənəddə müdafiə və təhlükəsizlik, ticarət və investisiya, təhsil, elm və innovasiya sahələri əsas əməkdaşlıq istiqamətləri kimi müəyyən edilib. Birgə Bəyannamədə müdafiə və təhlükəsizlik məsələlərinə xüsusi yer ayrılıb. Tərəflər regional sülhün və sabitliyin qorunması, ümumi təhlükələrə qarşı mübarizə imkanlarının artırılması və təhlükəsizlik sahəsində qarşılıqlı fəaliyyətin gücləndirilməsi istiqamətində əməkdaşlığı inkişaf etdirmək niyyətlərini ifadə ediblər. İqtisadi əməkdaşlığın genişləndirilməsi strateji tərəfdaşlığın əsas istiqamətlərindəndir. Ticarət, investisiya, enerji, infrastruktur, Orta Dəhliz, bərpaolunan enerji, təhsil və innovasiya sahələrində əməkdaşlığın inkişafı qarşılıqlı maraqların daha geniş müstəvidə reallaşdırılmasına imkan yaradır. Böyük Britaniyanın Azərbaycanın Avropadakı ən böyük investoru olması iqtisadi əlaqələrin möhkəm əsaslara söykəndiyini təsdiqləyir.
Sənədin mühüm xüsusiyyətlərindən biri də onun icrasına nəzarət və gələcək prioritetlərin müəyyənləşdirilməsi üçün illik strateji tərəfdaşlıq görüşlərinin keçirilməsidir. Bu sənəd Azərbaycan-Böyük Britaniya münasibətlərinin yalnız ənənəvi enerji əməkdaşlığı ilə məhdudlaşmadığını, daha geniş siyasi, iqtisadi və texnoloji tərəfdaşlığa doğru inkişaf etdiyini göstərir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müstəqil və balanslaşdırılmış xarici siyasət Azərbaycanın mürəkkəb geosiyasi şəraitdə milli maraqlarını qorumasına, müxtəlif siyasi və iqtisadi mərkəzlərlə qarşılıqlı faydalı münasibətlər qurmasına imkan yaradıb. Böyük Britaniya ilə strateji tərəfdaşlığın rəsmiləşdirilməsi də bu siyasi kursun məntiqi nəticəsidir.
Birgə Bəyannamədə insan kapitalının inkişafına da mühüm əhəmiyyət verilir. Tərəflər təhsil, elmi tədqiqat, innovasiya və peşə bacarıqları sahələrində əməkdaşlığın dərinləşdirilməsinin uzunmüddətli iqtisadi inkişaf üçün vacib olduğunu vurğulayırlar. Sənəddə universitetlər, elmi-tədqiqat müəssisələri və sənaye sektoru arasında əməkdaşlığın təşviqi də nəzərdə tutulur. Rəqəmsallaşma, yeni texnologiyalar, həyat elmləri, süni intellekt və rəqəmsal idarəetmə sahələrində təcrübə mübadiləsi tərəflərin diqqət yetirəcəyi məsələlərdəndir.
Birgə Bəyannamənin mühüm siyasi əhəmiyyəti BMT Nizamnaməsinə, beynəlxalq hüququn norma və prinsiplərinə, dövlətlərin suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə hörmətin bir daha təsdiqlənməsidir. Azərbaycan uzun illər beynəlxalq hüququn prinsiplərinə əsaslanaraq ərazi bütövlüyünün və suverenliyinin bərpası uğrunda mübarizə aparıb. Bu gün ölkəmizin suverenliyini tam bərpa etməsi regionda yeni siyasi reallıqlar yaradıb. Sənəddə 2025-ci il avqustun 8-də Vaşinqtonda əldə edilmiş razılaşmanın əhəmiyyətinin vurğulanması və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində səylərin dəstəklənməsi də xüsusi siyasi məna daşıyır.
Ümumilikdə, Prezident İlham Əliyevin Dublin səfəri Azərbaycanın Avropa ilə siyasi dialoqunun genişləndirilməsi, enerji və nəqliyyat sahələrində əməkdaşlığın inkişafı, regional sülh gündəliyinin müzakirəsi və Böyük Britaniya ilə strateji tərəfdaşlığın yeni mərhələyə yüksəldilməsi baxımından əhəmiyyətli oldu.
Ayaz Cəbrayılov,
Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri
Azərbaycan-Böyük Britaniya münasibətlərində strateji tərəfdaşlığın yeni mərhələsi
Azərbaycan–Böyük Britaniya münasibətlərində yeni strateji mərhələ: siyasi etimad və çoxşaxəli əməkdaşliq perspektivləri
Dublin Sammitində keçirilən görüşlər Azərbaycanla dialoqa olan marağın ifadəsidir