Avropa İnvestisiya Bankı (EIB) "Bank Respublika" ASC-nin imtiyazlı səhmlərinin sahibi olub.
“İki sahil” xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq EIB-dən bildiriblər.
"Başa çatmış sövdələşmə ["Bank Respublika" və "AccessBank"ın birləşməsi üzrə] zamanı EIB "AccessBank" QSC-də ona məxsus olan adi səhmləri sataraq, əvəzində pul kompensasiyası və maliyyələşdirmə sahəsində cari tərəfdaşı olan "Bank Respublika"nın imtiyazlı səhmlərini əldə edib. EIB-nin imtiyazlı səhmlərə malik olması sövdələşmənin razılaşdırılmış strukturu ilə şərtlənir və kapitala yeni strateji investisiya qoyuluşu deyil", - bankdan bildiriblər.
Bankdan həmçinin qeyd ediblər ki, EIB 2014-cü ildən etibarən "AccessBank"a dəstək göstərir. Bu dəstək əvvəlcə mikro, kiçik və orta müəssisələrin kredit resurslarına çıxışının genişləndirilməsinə yönəlmiş maliyyələşdirmə mexanizmləri vasitəsilə həyata keçirilib. 2018-ci ildə "AccessBank" çətin maliyyə vəziyyəti ilə üzləşdiyi zaman EIB digər beynəlxalq maliyyə təşkilatları ilə bərabər kreditorların təşəbbüsü ilə həyata keçirilən restrukturizasiya prosesində iştirak edərək, kapitalın yenidən qiymətləndirilməsinə kömək etmək və bankın gələcək fəaliyyətini təmin etmək üçün mövcud borcun bir hissəsini səhmdar kapitalına konvertasiya edib.
"Bu qərar təkcə EIB-nin kapital qoyuluşlarını qorumaq niyyətini deyil, həm də onun kiçik və orta biznesin dəstəklənməsi, eləcə də Azərbaycanın maliyyə sektorunun dayanıqlığının möhkəmləndirilməsi sahəsində daha genişmiqyaslı siyasi öhdəliklərini əks etdirirdi. Restrukturizasiya "AccessBank"ın kapital strukturunu bərpa etməsinə, mənfəətə çıxmasına və yerli sahibkarların kreditləşdirilməsini davam etdirməsinə imkan verib. Sonradan bank maliyyə sağlamlaşdırılması prosesindən uğurla keçib", - EIB-dən əlavə ediblər.
Avropa İnvestisiya Bankında hesab edirlər ki, "AccessBank"ın "Bank Respublika" tərəfindən alınması restrukturizasiya prosesinin uğurla başa çatmasını və Azərbaycanın bank sektorunun gələcək inkişafında əhəmiyyətli bir mərhələni əks etdirir.
"KOB-ların kreditləşdirilməsi üzrə ixtisaslaşan iki tanınmış maliyyə institutunun birləşməsinin onların yerli biznesə xidmət göstərilməsi və özəl sektorun inkişafının təşviq edilməsi sahəsində potensialını artırmağa imkan verəcəyi ehtimal olunur", - bankdan vurğulayıblar.
Xatırladaq ki, 2026-cı ilin sentyabrında "Bank Respublika" ASC və "AccessBank" QSC-nin səhmdarları "AccessBank"ın səhmlərinin 100 %-nin "Bank Respublika" tərəfindən alınmasını nəzərdə tutan əqdin əsas şərtlərini təsdiq ediblər. Razılaşmanın parametrlərinə əsasən, "AccessBank"ın səhmdarları "Bank Respublika"nın yeni buraxılmış imtiyazlı səhmlərini alacaqlar ki, bu səhmlər də ümumilikdə bankın nizamnamə kapitalının 25 %-ni təşkil edəcək. Əqd noyabrın əvvəlində yekunlaşıb. EIB-in "AccessBank" QSC-dəki payı 17,39 % təşkil edirdi.
"AccessBank"ın digər səhmdarları Asiya İnkişaf Bankı (19,9 %), Beynəlxalq Maliyyə Korporasiyası (16,56 %), "responsAbility" (12,28 %), Niderland İnkişaf Bankı FMO (9,41 %), Avstriya İnkişaf Bankı (9,17 %), SIFEM AG (8,89 %), EFSE (2,78%), "Green for Growth" fondu (1,77 %), Qara Dəniz Ticarət və İnkişaf Bankı (0,58 %) və "LFS Advisory GmbH"dir (0,13 %) olub.
"Bank Respublika"nın səhmlərinin 63,32 %-i Natiq Quliyevə, 18,46 %-i Elçin Quliyevə, 8,47 %-i Namiq Quliyevə, 5,45 %-i Şakir Rəhimova, 4,22 %-i SIDT-yə, 0,08 %-i isə digər şəxslərə məxsusdur.
Qeyd edək ki, bağlanmış əqd nəticəsində "Bank Respublika" "AccessBank"ın səhmlərinin 100 %-ni əldə edib, "AccessBank"ın əvvəlki səhmdarları isə "Bank Respublika"nın yeni emissiya edilmiş imtiyazlı səhmlərini əldə edərək Bankın səhmdarları sırasına daxil olublar.
Bakıda Azərbaycan və Qana arasında qarşılıqlı investisiya imkanları müzakirə olunacaq
GECO Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanı birləşdirəcək enerji dəhlizi üçün Aİ-yə müraciət edib
Auditorlar Palatasının üzvü, “Parker Russell Azerbaijan” şirkəti beynəlxalq mükafata layiq görülüb