Cari ildə dövlət müəssisələrinin maliyyə vəziyyətinin monitorinqi çərçivəsində birinci rüb üzrə 10, ikinci rüb üzrə isə 22 müəssisənin maliyyə göstəricilərini əhatə edən hesabatlar hazırlanıb. Hazırda daha 35 müəssisənin III rüb üzrə maliyyə göstəricilərinin təhlili aparılır.
“İki sahil” xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.
Məlumata əsasən, noyabrın 13-də Azərbaycan Respublikası Maliyyə Nazirliyində keçirilən növbəti Kollegiya iclasında dövlət müəssisələri ilə işin təşkili istiqamətində görülmüş işlər və növbəti dövr üçün qarşıda duran vəzifələr, eləcə də cari məsələlər müzakirə olunub.
Nazirliyin struktur bölmələri və tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə keçirilən iclasda maliyyə naziri, Kollegiyanın sədri Sahil Babayev bildirib ki, cari ilin 10 ayı ərzində Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilmiş məqsədyönlü siyasət sayəsində ölkəmizin sosial-iqtisadi inkişafında müsbət nəticələrə nail olunub, maliyyə mövqelərimiz daha da möhkəmlənib,dövlət büdcəsinin icrasında müsbət dinamika davam edib.
Nazir dövlət maliyyəsinin idarə olunması sahəsində həyata keçirilən islahatlar çərçivəsində institusional və normativ-hüquqi bazanın təkmilləşdirilməsi, dövlət müəssisələrinin maliyyə fəaliyyətinə nəzarət mexanizmlərinin gücləndirilməsi, şəffaflığın və hesabatlılığın artırılması istiqamətində mühüm tədbirlər görüldüyünü diqqətə çatdırıb. Qeyd olunub ki, dövlət müəssisələrinin fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi, maliyyə dayanıqlığının gücləndirilməsi və fiskal risklərin effektiv idarə olunması bu istiqamətdə həyata keçirilən islahatların əsas prioritetlərindəndir.
İclasda dövlət müəssisələri ilə işin təşkili istiqamətində cari ilin yanvar-oktyabr ayları üzrə görülmüş işlər və qarşıda duran vəzifələr barədə məruzə dinlənilib. Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanları ilə dövlət müəssisələrinin maliyyə fəaliyyətinin monitorinqi və təhlili üzrə Maliyyə Nazirliyinə həvalə edilmiş səlahiyyətlərin icrası çərçivəsində Dövlət Müəssisələrinin Monitorinqi Agentliyinin fəaliyyəti təşkil edilib və zəruri institusional tədbirlər həyata keçirilib. Eyni zamanda, dövlət müəssisələrinin hesabatlarının elektron qaydada təqdim olunması məqsədilə Dövlət Müəssisələrinin Rəqəmsal Monitorinqi informasiya sistemi istifadəyə verilib, məlumat və hesabat formaları təsdiq edilib, müəssisələrin yeni sistemə uyğunlaşması üçün təlimlər keçirilib.
Qeyd olunub ki, görülmüş işlər beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilib. Belə ki, Beynəlxalq Valyuta Fondunun Fiskal Məsələlər Departamentinin cari ilin may ayında Bakıda keçirdiyi missiyanın nəticələrinə dair hesabatında Dövlət Müəssisələrinin Monitorinqi Agentliyinin yaradılması və qısa müddət ərzində bu istiqamətdə görülmüş işlər ölkəmizdə dövlət maliyyəsinin səmərəli idarə olunması sahəsində həyata keçirilən mühüm islahatlar kimi dəyərləndirilib. Həmçinin monitorinq çərçivəsinin formalaşdırılması, rəqəmsal həllərin tətbiqi və dövlət müəssisələrinin xalis mənfəətinin ən azı 30 faizinin dövlət büdcəsinə yönəldilməsi mexanizmi müsbət təcrübə kimi qeyd olunub.
Eyni zamanda, dövlət müəssisələrinin müşahidə və himayəçilik şuralarında Maliyyə Nazirliyinin təmsilçiliyinin genişləndirilməsi istiqamətində işlərin davam etdirildiyi bildirilib. Hazırda 40-a yaxın dövlət müəssisəsinin şuralarında Nazirliyin nümayəndələri təmsil olunur.
İclasda dövlət müəssisələrinin maliyyə hesabatlılığının beynəlxalq standartlara uyğunlaşdırılması, borcalma siyasətinin təkmilləşdirilməsi və hesabatların təqdim edilməsi mexanizmlərinin optimallaşdırılması məsələləri də müzakirə olunub. Qeyd edilib ki, yeni yanaşmaya əsasən, dövlət müəssisələrinin borcalmaları üzrə ortamüddətli dövr üçün ümumi borc limitinin müəyyən edilməsi nəzərdə tutulur.
Kollegiyanın sədri dövlət müəssisələrinin fəaliyyətində səmərəliliyin artırılması, maliyyə dayanıqlığının gücləndirilməsi və fiskal risklərin idarə olunması istiqamətində tədbirlərin ardıcıl davam etdirilməsinin vacibliyini vurğulayıb. Bu məqsədlə səhmdar cəmiyyətlərdə korporativ idarəetmə standartlarının tətbiqi, dövlət müəssisələrinin dividend proqnozlarının və büdcə layihələrinin hazırlanması, habelə bu proseslərin dövlət büdcəsinin tərtibi ilə əlaqələndirilməsinin əhəmiyyəti qeyd olunub.
Nazir dövlət müəssisələrinin dividend proqnozu və büdcə layihələri, eləcə də dövlət büdcəsinin tərtibi üzrə müvafiq sənədin və növbəti ildən tətbiq ediləcək büdcə tərtibi, icrası və hesabatlılığı üzrə skorinq metodologiyasının hazırlanması, həmçinin korporativ idarəetmə standartlarının tətbiqi ilə bağlı zəruri tədbirlərin həyata keçirilməsi istiqamətində müvafiq tapşırıqlar verib.
Kollegiya iclasında, həmçinin Maliyyə Nazirliyində tapşırıqların icra vəziyyəti və hesabatlarla bağlı məsələlərə dair təqdimat nümayiş etdirilib, müzakirələr aparılıb və qaldırılan məsələlər üzrə müvafiq qərarlar qəbul edilib.