13 noyabr 2026 21:07
249

Azərbaycanla Vyetnam arasında qarşılıqlı investisiyaların təşviqi imkanları nəzərdən keçirilib

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Vyetnam Sosialist Respublikasının Hanoy şəhərinə səfər edib.

İqtisadiyyat Nazirliyindən “İki sahil”ə verilən məlumata görə, səfər çərçivəsində Vyetnamın sənaye və ticarət nazirinin müavini Nguyen Viet Son ilə görüş keçirilib.

Görüşdə ölkəmizin Vyetnamla iqtisadi-ticarət əlaqələrinin inkişafına və şaxələndirilməsinə önəm verdiyi vurğulanıb. Qarşılıqlı investisiyaların artırılması imkanları, biznes dairələri arasında əməkdaşlığın genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər sənaye, enerji, turizm və digər qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq perspektivlərini nəzərdən keçiriblər.

Vyetnamın “VinGroup” şirkətinin sədr müavini, şirkətin qlobal yaşıl nəqliyyat strukturu GSM-in (Green Smart Mobility) İdarə Heyətinin sədri Nguyen Quoc Tuan ilə görüş keçirilib. Görüşdə Azərbaycanda elektrik nəqliyyat vasitələrinin yığılması və daşınmaz əmlakın inkişafı da daxil olmaqla müxtəlif istiqamətlər üzrə əməkdaşlıq imkanları müzakirə edilib.

Səfər çərçivəsində Vyetnamın “ROX Group” şirkətinin baş icraçı direktorunun müavini Nguyen Viet Sonla görüş keçirilib. Şirkətin Azərbaycanda daşınmaz əmlak və bərpaolunan enerji sahələrində investisiya imkanları, bu istiqamətlərdə potensial layihələrin reallaşdırılması perspektivləri müzakirə olunub.