“İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq” söyləyən Müzəffər Ali Baş Komandan İlham Əliyev bu çağırışı edir ki, 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq
“Sentyabrın 27-də nə baş verib, onu tarixçilər deyəcək. Necə başlayıb, onu hesab edirəm ki, bir çoxları bilir. Artıq Azərbaycan xalqının səbri tükənmişdi və mən Ermənistan baş nazirinə son görüşlərdə demişdim ki, siz odla oynamayın, Azərbaycan xalqının səbri ilə oynamayın. Siz Azərbaycan xalqını tanımırsınız, siz tanıyacaqsınız bizi, amma gec olacaq. Düz yola gəlin, çıxın bu torpaqlardan, bu torpaqlar sizə mənsub deyil. Amma nə etdilər? Orada qanunsuz məskunlaşma aparmaq üçün beynəlxalq hüququ, beynəlxalq konvensiyaları, o cümlədən Cenevrə konvensiyalarını kobudcasına pozaraq nümayişkaranə şəkildə xaricdən erməniləri gətirib özü də məhz Şuşaya ki, bizi incitsin. Məhz Şuşada o dəstə başçısı hansı ki, indi deşik axtarır gizlənməyə, xunta başçısı özünə andiçmə mərasimi keçirmişdir və Ermənistan baş naziri gedib orada iştirak edib. Bu, bizə sataşmaq deyildimi? Bunun hesabını sizdən soruşan olmayacaqdımı?! Hesabını soruşduq, diz çökdürdük, diz üstə qoyduq! “ Dövlətimizin başçısı İlham Əliyev Azərbaycanın hərbi-siyasi Qələbəsinin, Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanat ilə bağlı xalqa müraciətində onu da qeyd etmişdir ki, bu müharibə bütün dünyaya Azərbaycan xalqının nə qədər böyük, yenilməz, dəmir iradəli, müzəffər xalq olduğunu göstərdi. Xalqımızla, ordumuzla fəxr edirik. Bu əminlik də ifadə edildi ki, hər bir Azərbaycan vətəndaşı hesab edir ki, onun həyatında bu günlər, bu dəqiqələr ən xoşbəxt günlər, dəqiqələrdir: “Mən də xoşbəxtəm ki, bu xoş xəbərləri, bu müjdəni Azərbaycan xalqına verirəm. Xoşbəxtəm ki, bu tarixi sənədə imza atmışam. Xoşbəxtəm ki, biz öz Vətənimizə, doğma Qarabağımıza qayıdırıq, Qarabağımızın tacı olan Şuşaya qayıdırıq və bu torpaqlarda əbədi yaşayacağıq! Bundan sonra heç kim bizi o torpaqlardan tərpədə bilməz!”

44 gün davam edən hərbi əməliyyatlar nəticəsində müzəffər Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Azərbaycan xalqının tarixində, mədəniyyətində və qəlbində xüsusi yeri olan, Qarabağın tacı sayılan Şuşa şəhərini, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələrini, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndlərini, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad etdi. Rəşadətli Azərbaycan əsgər və zabitləri addım-addım irəliləyərək, Ermənistanın uzun illər ərzində qurduğu mühəndis-istehkam sistemlərini yarıb keçdilər, torpaqlarımız qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı və canı bahasına azad edildi. Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən əsarətindən qurtarılması müharibənin taleyində həlledici rol oynadı, Ermənistanın öz məğlubiyyətini etiraf etməsi kapitulyasiyası ilə nəticələndi, Ermənistanı Kəlbəcər, Ağdam və Laçın rayonlarını Azərbaycana qaytarmağa məcbur etdi. Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillər oldu. Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi zəfər çaldı.
Dövlətimizin başçısı İlham Əliyevin 3 dekabr 2020-ci il tarixli “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” Sərəncamı xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsinə xidmət edir. Belə ki, həmin Sərəncama əsasən 8 noyabr ölkəmizdə Zəfər Günü kimi qeyd edilir. Son 6 ilin uğurlarından bəhs edərkən tariximizə Zəfər və Dövlət Suverenliyi günlərinin yazılmasını böyük qürur hissi ilə qeyd edirik. Hər zaman qeyd etdiyimiz kimi, Azərbaycanın atdığı hər bir addım əvvəlki addımın məntiqi nəticəsidir. Heç bir addım səbəbsiz olaraq atılmır. Azərbaycan 30 illik işğal dövründə bütün sahələrdə uğurlara imza atdı, beynəlxalq münasibətlər sistemində yerini və roolunu möhkəmləndirdi, Ordunu Qələbəyə hazırladı, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın birliyini möhkəmləndirdi, dünya güclərinin ikili standartlara əsaslanan siyasətinin yaratdığı problemlərdən ruhdan düşmədi, əksinə real faktlara, tarixi həqiqətlərə söykənən siyasətini uğurla davam etdirdi. 2020-ci ilin sentyabr ayında Ermənistanın təxribatları artıq Azərbaycan dövlətinin, xalqının səbir kasasını doldurdu. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin “İrəli!” əmri rəşadətli ordumuz tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılandı. 44 gündə tariximizin Zəfər səhifəsinin yazılması Azərbaycanın gücünün, qüdrətinin, ədalətə və beynəlxalq hüquqa əsaslanan siyasətinin nümayişi oldu. Dövlətimizin başçısı İlham Əliyevin 44 günlük Vətən müharibəsində xarici mətbuata çoxsaylı müsahibələrinin hər biri informasiya cəbhəsində də üstünlüyümüzün qorunmasında əhəmiyətli rol oynadı.
Cənab İlham Əliyevin 2020-ci ilin oktyabr ayında Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsi həm 30 illik işğal dövrünün reallıqlarının, həm də 44 günlük Vətən müharibəsində qarşıya qoyulan məqsədin, Azərbaycanın tarixi Zəfərinə inamın təqdimatı kimi tariximizə yazıldı. Bu baxımdan ki, dövlətimizin başçısı həmin müsahibəsində “Yəqin ki, Qarabağı azad etmək rəhmətlik atanızın vəsiyyətidir. Vəsiyyətini də yeri gəlmişkən Sizdən öyrənmək istərdik. Vəsiyyətini hazırda həqiqətən yerinə yetirirsiniz. Sizi də, Azərbaycan xalqını da Türkiyə xalqı adından təbrik edirik. Atanızın vəsiyyəti barədə nə söyləmək istəyirsiniz” sualına cavab olaraq bildirmişdir ki, bilirsiniz, mən hər zaman çalışmışam ki, atamın yoluna sadiq olum. 2003-cü ildə ilk dəfə Azərbaycan xalqı mənə etimad göstərəndə seçkilərdən əvvəl mən demişdim ki, əgər siz mənə bu inamı, etimadı göstərsəniz, mən Heydər Əliyev siyasətinə sadiq olacağam, bütün istiqamətlər üzrə onun yolu ilə gedəcəyəm. Şadam ki, sözümə sadiq oldum, sözümü tutdum. Bu gün Azərbaycanın sürətli və uğurlu inkişafı, beynəlxalq müstəvidə böyük hörmətə malik olması, ölkə daxilində sosial, iqtisadi, digər problemlərin həlli, böyük layihələrin həyata keçirilməsi, əlbəttə ki, Heydər Əliyev yolunun davamıdır. Təbii ki, dünya dəyişir. Dünyadakı güclər nisbəti də dəyişir. Bugünkü dünya 2003-cü ildəki dünya ilə əlbəttə ki, müqayisə edilə bilməz. Ancaq bizim strateji hədəflərimiz dəyişməz olaraq qalır. O da müstəqilliyi möhkəmləndirmək, müstəqil siyasətə sadiq olmaq, heç vaxt heç kimdən asılı olmamaq, heç kimin qarşısında baş əyməmək, öz qürurumuzu saxlamaq, qorumaq və ərazi bütövlüyümüzü bərpa etməkdir. Yəni, qısa desəm, atamın vəsiyyəti bundan ibarətdir: “Əlbəttə ki, ərazi bütövlüyümüzün bərpası bizim üçün bir nömrəli vəzifədir. Biz buna nail olmaq üçün böyük səy göstərdik - siyasi, iqtisadi, diplomatik, hərbi. Bizim ordumuz faktiki olaraq yenidən quruldu. Bu gün ordumuzun potensialı bütün dünyanın gözü önündədir. Mənə verilən məlumata görə, inkişaf etmiş bəzi ölkələrin hərbi mütəxəssisləri də artıq bizim təcrübəmizi öyrənirlər. Mən əminəm ki, bu təcrübə kitablarda da, tədqiqatlarda da əksini tapacaq. Ona görə atamın yoluna sadiq qalaraq bu şərəfli missiyanı icra edirik. İnşallah, sona qədər başa çatdıracağıq.” Cənab İlham Əliyev, həmçinin Qarabağın tacı, döyünən ürəyi Şuşanın işğaldan azad edilməsinin əsas hədəflərdən olduğunu “Şuşasız bizim işimiz yarımçıq olar” fikri ilə ifadə etmişdir. Jurnalistin “Qarabağın qəlbi, gözü Şuşadır. Azərbaycanlıların gözü-qulağı Şuşadan gələcək xəbərdədir. İstiqaməti Şuşa olaraqmı verdiniz, inşallah” sualına cavabında vurğulamışdır kii, istiqamət hər tərəfdir. İşğal edilmiş torpaqların hər bir qarışı, hər bir şəhər bizim üçün doğmadır, əzizdir. Mənim üçün hər bir kəndin dəyəri, qiyməti o biri kəndlə müqayisədə, o biri şəhərlə müqayisədə eynidir, bərabərdir. Ancaq siz də yaxşı bilirsiniz ki, Şuşanın Azərbaycan xalqının qəlbində xüsusi yeri var. Bu, bizim tarixi şəhərimizdir, qədim mədəniyyət ocağıdır. Şuşa Azərbaycan xalqına bir çox istedadlı, dahi şəxslər bəxş edibdir. Əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar. Təbii ki, müzakirələr prosesində də hər zaman bu məsələ gündəlikdə idi. Ona görə təbii ki, Şuşanın işğaldan azad edilməsi bizim hədəflərimizin arasında xüsusi yer tutur. Biz buna çalışmalıyıq, biz buna nail olmalıyıq.

Müzəffər Ali Baş Komandan İlham Əliyev 8 noyabr 2020-ci il tarixində Şuşanın işğaldan azad olunması müjdəsini Şəhidlər xiyabanından xalqımıza çatdırarkən «Demişdim ki, gün gələcək biz Şuşa şəhərində erməni vandalları tərəfindən dağıdılmış məscidlərimizi bərpa edəcəyik və bu gün gəlir. Bu gün Azərbaycan bayrağı Şuşada dalğalanır. Bu gün bütün Azərbaycan xalqı qürur hissi ilə bu xoş xəbəri qarşılayır» söylədi və həmçinin bildirdi ki, dəfələrlə Azərbaycan xalqına müraciət edərək düşmənə yumruq göstərmişdim. Demişdim ki, bu yumruq elə belə yumruq deyil. Bu, dəmir yumruqdur. Bu dəmir yumruqla düşmənin başını əzirik və əzəcəyik! Eyni zamanda, bu yumruq birliyimizin rəmzidir. Bax, bu gün Azərbaycan xalqı bu yumruq kimi birləşib! Həmişə belə olacaq! Bu birlik əbədi olacaq! Bu birlik bizə gələcəkdə də bütün vəzifələri icra etmək üçün imkan yaradacaq. Mən bütün bu illər ərzində Azərbaycan xalqının dəstəyini hiss etmişəm, görmüşəm, inamını, mənə olan xoş münasibəti görmüşəm. Bu, mənə güc verir. Bu, mənim siyasətim üçün əvəzolunmaz dəstəkdir. Həmişə Azərbaycan xalqını əmin edirdim ki, mən Vətənə, doğma xalqıma ləyaqətlə, sədaqətlə xidmət edəcəyəm. Şadam ki, sözümün üstündə durmuşam. Həmişə olduğu kimi, sözümə sadiq olmuşam. Bu tarixi bir gündə Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda bəlkə də ən xoşbəxt günlərimdən biridir. Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!
Artıq bu istəklərimiz reallıqdır. İşğaldan azad edilmiş torpaqlarımızda yeni həyatın başlaması üçün quruculuq və bərpa layihələri uğurla həyata keçirilir. Cənab İlham Əliyevin 44 günlük müharibənin Azərbaycanın hərbi-siyasi Qələbəsi ilə başa çatmasından sonra işğaldan azad edilmiş ərazilərimizə səfərlərini böyük qürurla, sevinc hissi ilə reallaşdırması atılan addımların uğurlu nəticələrinin təqdimatı kimi dəyərləndirilir. Təkcə ötən bu müddət ərzində Şuşaya 37 səfər edilib. Bu, adi bir statistik rəqəm deyil. Şuşa sözün əsl mənasında dirçlir, qədimliklə müasirliyin sintezinin yaradılması fonunda bərpa edilir, hər gün, hər həftə beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi ilə bu torpaqların əsl sahibi olduğumuzu təsdiqləməklə yanaşı, buradan dünyaya dövrün çağırışlarının səsləndirilməsini təmin edir. Şuşa birlik, həmrəylik, əməkdaşlıq məkanı kimi diqqətdədir.
Bu mühüm məqamı da nəzərə alaq ki, Zəfərimizin əbədilişdirilməsi məqsədilə davamlı addımlar atılır ki, bunlardan biri işğaldan azad edilmiş ərazilərimiz üzrə şəhər günlərinin təsis edilməsidir. Cənab İlham Əliyevin bu məqsədlə imzaladığı Sərəncama əsasən, 8 noyabr Şuşa Şəhəri Günüdür. Hər bir azad edilmiş şəhərlə balı günün təsis edilməsi bir hesabat xarakteri daşıyır. Bu günlər həm bu torpaqların keçmişi ilə bu günü arasında vəhdətin yaradılmasna, tarixinin indiki və gələcək nəsillərə çatdırılmasına geniş imkanlar yaradır, həm də müəyyənləşdirilən hədəflərin təqdim olunmasını bir zərurətə çevirir. 6 ilin Şuşanın həyatında hansı izlərlə, məqamlarla yadda qaldığını sadalamaq belə mümkün deyil. Çünki onların miqyası o qədər genişdir ki, bir yazıda əhatə etmək mümkünsüzdür. Şuşa şəhəri 2024-cü ilin 10 may tarixində ilk sakinlərinə qovuşdu. Cənab İlham Əliyev sakinlərlə görüşündə bir daha bildirdi ki, otuz iki ildən sonra siz doğma Şuşaya qayıdırsınız. Bu gözəl tarixi hadisə münasibətilə sizi ürəkdən təbrik edirəm. Siz otuz iki il vətən həsrəti ilə yaşamısınız, amma bilirəm ki, bir an da Şuşanı unutmamısınız, bilirdiniz və inanırdınız ki, siz buraya qayıdacaqsınız. Mən də bilirdim, mən də inanırdım və Prezident kimi 2003-cü ildən başlayaraq sizi və bütün keçmiş köçkünləri öz doğma vətəninə qaytarmaq üçün əlimdən gələni əsirgəmirdim: “Biz hazırlaşırdıq, ölkəmizi gücləndirirdik, iqtisadiyyatımızı gücləndirirdik, güclü ordu potensialı yaradırdıq. Ən önəmlisi gənc nəsli, - bu gün bizim qürur mənbəyimiz olan Şuşanı və o vaxt işğal altında olan digər torpaqları öz canı-qanı bahasına azad edən, - yetişdirirdik və yetişdirdik. Savadlı, bilikli, vətənpərvər, fiziki cəhətdən güclü, mənəvi cəhətdən sağlam, saf gənc nəsil yetişdirdik və onlar mənim əmrimlə 44 gün ərzində öz sinələrini qabağa verərək torpaqları azad etdilər. Bugünkü günə görə biz onlara borcluyuq, şanlı Ordumuza borcluyuq, Silahlı Qüvvələrimizə borcluyuq, şəhidlərimizə, qazilərimizə borcluyuq. Allah bütün şəhidlərimizə rəhmət eləsin.”

Cənab İlham Əliyev bu çağırışı da etdi ki, Şuşanın dirçəldilməsi geniş vüsət alıb. Hər şey çox müfəssəl və dəqiq, ən müasir şəhərsalma qaydalarına uyğun planlar əsasında qurulur. Bu bərpa-yenidənqurma işlərinə biz dünyanın aparıcı şirkətlərini cəlb eləmişik, təkcə Şuşa üçün yox, bütün azad edilmiş torpaqlar üçün ki, uzun illər ərzində ağır şəraitdə - çadırlarda, yataqxanalarda, uşaq bağçalarında, yararsız binalarda yaşamış insanlar bundan sonra yaxşı yaşasınlar, rahat yaşasınlar. Bununla paralel olaraq həm Şuşada, həm də artıq inşa edilmiş digər qəsəbə və şəhərlərdə məşğulluq məsələləri də həll olunur, treninqlər keçirilir, buraya qayıdacaq insanların işlə təmin olunması məsələlərinə də çox diqqətlə baxılır və bu işlər öz həllini tapır. Qarabağ və Şərqi Zəngəzur bölgələri nəinki Azərbaycanın, Qafqazın, dünyanın ən gözəl yerlərindən biri olacaq. Buranın təbiəti, gözəl mənzərələri, yaşıllıqlar, bulaqlar müasir və eyni zamanda, ənənəvi üslubda inşa edilən binalarla tamamlanır. Elə bir gözəl şəhər yaradılır ki, hər birimiz, hər bir azərbaycanlı bununla fəxr edəcək.
Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, ordumuzun şücaəti sayəsində ərazi bütövlüyünü bərpa edən Azərbaycan tarixinin ən yaddaqalan və şanlı dövrünə qədəm qoyub. 44 günlük müharibə milli mənliyimizi özümüzə qaytardı. Azərbaycanın ərazi bütövlüyünün bərpası ölkəmiz üçün beynəlxalq hüququn və milli-mənəvi dəyərlərin aliliyinin nümayişidir. 30 ilə yaxın müddətdə erməni qəsbkarları tərəfindən maddi və mədəni sərvətləri talan edilmiş torpaqlarımızın yenidən həyata qaytarılması, cənnət məkana çevrilməsi üçün quruculuq layihələrinin icrası uğurla davam edir.
Bəli, 30 ildən sonra Azərbaycan xalqı öz tarixi torpaqlarına qayıtdı. Bu qayıdışın doğurduğu sevinc dövlətimizin başçısı İlham Əliyevin 2020-ci ilin 10 noyabrında Qələbə müjdəsini xalqa çatdırdığı andan bugünədək yaşanan coşğuda, xoş ovqatda özünün aydın ifadəsini tapır. Azərbaycan Ordusu yeni tarix yazdı. Erməni əsgərindən fərqli olaraq, mülki əhaliyə atəş açmayan, məsuliyyətli davranış nümayiş etdirən, humanist dəyərləri qoruyan ordu bölgədə sülhün və tərəqqinin təminatçısına çevrilmiş güclü dövlətin ordusudur. «Mən bir daha demək istəyirəm ki, bizim parlaq Qələbəmiz təkcə ölkəmizin ərazi bütövlüyünün bərpası deyil. Bu, şərlə xeyir qüvvələrinin mübarizəsidir. Şər qüvvələri məğlub olub, amma biz qalib gəlmişik. Çünki biz qurub yaradanıq. Ermənilər isə bax, bunları ediblər, dağıdıblar» söyləyən dövlətimizin başçısı İlham Əliyev Qələbəmizi böyük qürur hissi ilə vurğulayaraq «Azərbaycan bayrağı işğaldan azad edilmiş torpaqlarda qaldırıldı və əbədi dalğalanacaq» bəyan edir. Cənab İlham Əliyevin hər zaman qeyd etdiyi kimi, bizim xalqımıza qələbə yaraşır və qələbə həmişə bizimlə olacaq! Gələcəkdə bizi böyük işlər gözləyir.
2023-cü ilin sentyabr ayında Azərbaycan Ordusunun həyata keçirdiyi bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimiz tam bərpa edildi. Azərbaycan yeni dövrə qədəm qoydu. Bu illərin mühüm qürurverici hadisələrindən biri bütün ölkə ərazisində prezident, parlament və bələdiyyə seçkilərinin keçirilməsi oldu. Dövlətimizin başçısı İlham Əliyev prezident seçkilərində ailə üzvləri ilə birlikdə Xankəndi şəhərində səs verdilər. 2023-cü ilin 8 noyabr tarixində Zəfərimizin üç illiyinə həsr edilən hərbi parad Xankəndi şəhərində keçirildi. Bu illər ərzində 47 şəhər, kənd və qəsəbə sakinlərinə qovuşub. Bu ərazilərdə yaşayan, işləyən və oxuyan sakinlərin sayı 100 minə yaxındır. Böyük Qayıdış Proqramının birinci mərhələsi bu ilin sonunda başa çatacaq. Bu illər ərzində Ağdam, Zəngilan və Xankəndi şəhərlərində Azərbaycan Milli Şəhərsalma forumları keçirildi. Azad edilmiş ərazilərimiz hazırda iqtisadi, siyasi, mədəni və diplomatik mərkəz kimi diqqətdədir. Şuşanın ev sahibliyi etdiyi beynəlxalq tədbirlər saysız-hesabsızdır. Sadalamaqla bitməyən görülən işlər Azərbaycanın qurucu xalq olduğunu bir daha nümayiş etdirir.
Bu gün Azərbaycanın qalibiyyət rəmzi olan üçrəngli Bayrağımızın azad edilmiş bütün ərazilərimizdə dalğalanması Zəfərimizin təntənəsidir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad edilmiş ərazilərimizə ilk səfəri üçrəngli Bayrağımızın ucaldılması ilə tarixə yazıldı. Cənab İlham Əliyevin hər bir çıxışında, o cümlədən 2010-cu ilin sentyabrında Dövlət Bayrağı Meydanının açılış mərasimində böyük əminliklə söylədiyi “Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində dövlət bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli dövlət bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda qaldırılacaqdır. Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaqdır. O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq. Eşq olsun, Azərbaycan bayrağına!” çağırışı altı ildir reallığa çevrilib.
Bu gün hər bir bayramımızı Zəfər ab-havasında, azad Qarabağın və azad Şərqi Zəngəzurun dirçəldilməsi, sülh şəraitində yaşamağımız fonunda qeyd edirik. Bundan böyük xoşbəxtlik ola bilərmi?
Zəfərin mübarək, Azərbaycan!
Şəhər Günün mübarək, azad Şuşamız!
Milli kimliyimizin, müstəqilliyimizin və sarsılmaz dövlətçiliyimizin rəmzi olan üçrəngli Bayrağımız hər zaman uca, suveren Azərbaycanın gələcəyi daim parlaq olsun!
Yeganə Əliyeva, “İki sahil”