Azərbaycan ərzaq və strateji xammal zəncirində sabitliyi təmin etməklə daxili bazarda gözlənilən təlatümlərə karşı etibarlı müdafiə sistemi qurur
Son illər dünyada geopolitik və hərbi qarşıdurmanın, qlobal iqtisadi sistemin təlatümü fonunda ərzaq təminatı məsələsi təkcə inkişaf etməkdə olan ölkələr üçün deyil, artıq inkişaf etmiş dövlətlər üçün də ciddi narahatlıq mənbəyinə çevrilib. Təsadüfi deyil, son beş il ərzində planetin əhalisi əlçatan xammal və ərzaq məhsullarının kəskin çatışmazlığı ilə üzləşib. Bu qlobal risklər bu və ya digər dərəcədə ölkəmizdə də hiss olunub və ərzaq təhlükəsizliyi səviyyəsini yüksəltmək məqsədilə noyabrın 3-də Prezident İlham Əliyev “Dövlət Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Fərman imzalayıb. Əsas məqsəd Dövlət Ehtiyatları Agentliyinin fəaliyyətini yeni normativ tələblərə uyğun təşkil etmək, onun strukturunu və idarəetmə mexanizmini təkmilləşdirməkdir.
Bu gün hər bir ölkə ayrı-ayrılıqda böhrana qarşı milli ehtiyatların toplanması strategiyasını hazırlayır və öz anbar infrastrukturunu qurur. Bununla yanaşı, inkişaf etmiş ölkələr ehtiyatları adətən çoxşaxəli şəkildə formalaşdırır: ərzaq ehtiyatları yalnız taxıl və unla məhdudlaşmır, həmçinin ət, ət konservləri, şəkər, bitki və kərə yağları, yarma və konsentratlar, konservləşdirilmiş süd məhsulları və uzunsaxlama müddətinə malik digər ərzaqlar anbarlara toplanır. Anbarlarda həm də nəhəng xammal ehtiyatları saxlanılır: neft məhsulları, benzin, dizel yanacağı, aviasiya kerosini, əlvan metallar və kimyəvi komponentlər. Təhlükəli xəstəliklərin alovlanması halları üçün dərmanlar, peyvəndlər, radiasiya monitorinqi və mühafizə vasitələri, təbii fəlakətlər zamanı yardım göstərmək üçün dəstlər, vasitələr, xilasetmə texnikası və s. ehtiyatda saxlanılır.
Azərbaycan da analoji yolla irəliləyir: Prezident İlham Əliyevin 7 oktyabr 2021-ci il tarixli Fərmanı ilə ölkədə strateji əhəmiyyətli istehlak mallarının təchizat zəncirində sabitliyin təmin edilməsi və daxili bazarda bu malların qiymətlərində qısamüddətli kəskin tərəddüdlərin qarşısının alınması üzrə tədbirlərin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyi (ADEA) yaradılıb. Xüsusilə ADEA-nın səyləri ilə ölkədə daxili tələbatı 90 gün müddətinə təmin edən əsas ərzaq mallarının ehtiyatları saxlanılır və yenilənir. Bundan əlavə, Agentlik fövqəladə hallar üçün ehtiyatların və müharibə halı üçün səfərbərlik ehtiyatlarının yaradılmasında iştirak edir. Bu baxımdan Fövqəladə Hallar Nazirliyinin Dövlət Maddi Ehtiyatlar Agentliyinin və «Azərkontrakt» ASC-nin obyektləri və digər əmlakı, həmçinin Dövlət Taxıl Fondunun bütün resursları ADEA-nın tərkibinə verilib. Bütün bunlar Azərbaycanda ərzaq təhlükəsizliyi və əlaqəli sahələrə cavabdeh olan əvvəllər yaradılmış dövlət strukturlarının fəaliyyətinin yenidən təşkili və təkmilləşdirilməsi üzrə addımların atılması üçün mənbə rolunu oynayır. Dövlət başçısının 3 noyabr tarixli Fərmanı da məhz buna yönəlib. Fərmanla Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyinin Əsasnaməsi, strukturu və Agentliyin aparatının və regional bölmələrinin işçilərinin say həddi təsdiq edilib. Agentliyin tabeliyində büdcə təşkilatı statusunda “Dövlət Ehtiyatlarının Saxlanılması Mərkəzi” yaradılıb.
Xatırlatmaq lazımdır ki, ərzaq mallarının qiymətlərində kəskin tərəddüdlərin qarşısının alınması və sabit təchizat prosesinin təmin edilməsi ADEA-nın əsas funksiyalarından biri olaraq qalır. Belə ki, qiymətlərdə kəskin sıçrayış baş verdikdə Agentlik məhsul müdaxilələri vasitəsilə bazarın işinə müdaxilə etmək və beləliklə də davamlı ərzaq təhlükəsizliyini təmin etmək hüququna malikdir. Burada ən mühüm istiqamət kimi taxıl və un üzrə strateji əhəmiyyətli bazar seqmentinin tənzimlənməsi müəyyən edilib. Xüsusilə 2023-cü ildən başlayaraq 5 il müddətinə müasir suvarma sistemlərini tətbiq edən və Kənd Təsərrüfatı Nazirliyi ilə bağlanmış müqaviləyə uyğun olaraq təhvil veriləcək taxıl üzrə ADEA və yerli unüyütmə müəssisələri ilə müqavilə bağlayan yerli taxılçılıq təsərrüfatlarına subsidiyalar verilir. Məsələn, bu ilin iyun ayında Nazirlər Kabineti ölkəmizdə yetişdirilən ərzaqlıq buğdanın dövlət satınalma qiymətini 1 ton üçün 400 manat məbləğində müəyyən edib. Bütün bu addımlar idxalın əvəzlənməsini stimullaşdırır, yerli aqroparkları və fermerləri çörəklik buğda istehsalını artırmağa yönəldir. Ümumilikdə, ötən illər ərzində ölkədə, o cümlədən Naxçıvan Muxtar Respublikasında, Gəncədə, Bakının Qaradağ rayonunda və s. ərazilərdə böyük tutumlu onlarla taxıl anbarı tikilib. Özəl şirkətlərdən icarəyə götürülən anbarlarla birlikdə mövcud baza təxminən 800 min ton taxıl toplamaq iqtidarındadır. Yaxın perspektivdə ADEA strukturları anbar bazasının tutumunu daha da modernləşdirməli və genişləndirməlidir ki, bu da gələcəkdə ərzaq qiymətlərinin artmasının qarşısını almaq və bu sahədə sui-istifadə cəhdlərinin önünü kəsmək üçün daxili bazarda genişmiqyaslı müdaxilələr həyata keçirməyə imkan verəcək.
Onu da qeyd edək ki, gələn il Azərbaycanda dövlət büdcəsindən kənd təsərrüfatına ayrılacaq vəsaitin təxminən 38 faizi və yaxud 522,6 milyon manatı ərzaq təhlükəsizliyinə yönəldiləcək. Bu, 2027-ci ilin büdcə zərfinin layihəsində öz əksini tapıb. Sənədə əsasən, bu, 2026-cı illə müqayisədə təxminən 2 faiz çoxdur.
Sevinc Azadi, “İki sahil”