06 noyabr 2026 10:31
143

Aqrar sektorun qarşısında yeni imkanlar açılır

İqtisadçı: Maliyyə dəstəyinin artması fermerlərin müasir texnologiyalardan istifadəsinə, məhsuldarlığın yüksəldilməsinə və məhsulun keyfiyyətinin yaxşılaşdırılmasına da müsbət təsir göstərə bilər

Azərbaycanda aqrar sektorun inkişafına dövlət dəstəyinin genişləndirilməsi istiqamətində maliyyə resurslarının əhəmiyyətli dərəcədə artırılması nəzərdə tutulur. Belə ki, gələn il “Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində subsidiyaların həcmi bu illə müqayisədə 230 milyon manat artırılacaq. Nəticədə kənd təsərrüfatına ayrılan subsidiya vəsaitlərinin ümumi məbləğinin 500 milyon manatdan 720–730 milyon manata çatdırılması, başqa sözlə, təxminən 50 faiz artırılması gözlənilir.

Bəs, bu artım aqrar sektorun inkişafına hansı yeni imkanlar yaradacaq? Subsidiyaların bu qədər artırılması fermerlərin istehsal xərclərinin azaldılmasına, məhsuldarlığın yüksəldilməsinə və yerli kənd təsərrüfatı məhsullarının rəqabət qabiliyyətinin gücləndirilməsinə necə təsir göstərə bilər? Artan subsidiya vəsaitlərinin daha səmərəli nəticə verməsi üçün onların bölüşdürülməsində və istifadəsində hansı istiqamətlərə üstünlük verilməlidir?

İqtisadçı Akif Nəsirli mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, subsidiyaların gələn il 230 milyon manat artırılması aqrar sektorun inkişafı baxımından fermerlər üçün əlavə imkanlar yaradacaq. Onun sözlərinə görə, bu vəsaitlər ilk növbədə istehsal xərclərinin müəyyən hissəsinin dövlət tərəfindən qarşılanmasına və fermerlərin maliyyə yükünün azalmasına şərait yaradacaq. Kənd təsərrüfatında toxum, gübrə, yanacaq, pestisid, texnika və suvarma xərclərinin kifayət qədər yüksək olduğunu nəzərə alsaq, subsidiya dəstəyinin genişləndirilməsi fermerlərin daha böyük ərazilərdə əkin aparmasına, istehsal həcmini artırmasına stimul verə bilər.

İqtisadçı hesab edir ki, maliyyə dəstəyinin artması fermerlərin müasir texnologiyalardan istifadəsinə, məhsuldarlığın yüksəldilməsinə və məhsulun keyfiyyətinin yaxşılaşdırılmasına da müsbət təsir göstərə bilər. Bu isə nəticə etibarilə yerli kənd təsərrüfatı məhsullarının həm daxili, həm də xarici bazarlarda rəqabət imkanlarını genişləndirə bilər.

Bununla belə, subsidiyaların artırılmasının özlüyündə istehsalın və məhsuldarlığın yüksələcəyinə zəmanət vermədiyini deyən ekspert əsas məsələnin ayrılan vəsaitlərin hansı istiqamətlərə yönəldilməsi olduğunu diqqətə çatdırdı. Bildirdi ki, subsidiyalar yalnız mövcud istehsal xərclərinin kompensasiyasına sərf olunarsa, onların uzunmüddətli iqtisadi səmərəsi məhdud qala bilər. Buna görə də dövlət dəstəyinin müəyyən hissəsi aqrar sahədə məhsuldarlığı artıran investisiyalara yönəldilməlidir.

Aqrar sahədə texnologiya və infrastruktur investisiyaları ön plana çıxır

A.Nəsirlinin fikrincə, xüsusilə müasir suvarma sistemlərinin qurulması, məhsuldar və iqlim dəyişikliklərinə davamlı toxum sortlarının tətbiqi, kənd təsərrüfatı texnikasının yenilənməsi, yerli gübrə və yem istehsalının genişləndirilməsi prioritet istiqamətlər sırasında olmalıdır. Bununla yanaşı, taxılçılıq, heyvandarlıq, yağlı bitkilərin istehsalı və ərzaq təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıyan digər sahələrə də diqqət artırılmalıdır. Kiçik və orta fermer təsərrüfatlarının dəstəklənməsi, aqrar sığortanın əhatə dairəsinin genişləndirilməsi, məhsulların saxlanması üçün anbar və soyuducu infrastrukturunun yaradılması da vacib məsələlərdəndir.

Hər manatın arxasında real istehsal nəticəsi dayanmalıdır

İqtisadçı subsidiyaların bölgüsündə şəffaflığın və nəticəyönümlülüyün təmin edilməsini də mühüm şərt hesab edir. O, vurğuladı ki, dövlət dəstəyi real istehsal fəaliyyəti ilə əlaqələndirilməli, ayrılan vəsaitlərin təyinatı üzrə istifadəsinə nəzarət gücləndirilməlidir. Çünki əsas məqsəd fermerlərə daha çox vəsait ayırmaqla kifayətlənmək deyil, hər manatın hesabına istehsal həcmini artırmaq, məhsulun maya dəyərini azaltmaq və idxaldan asılılığı zəiflətməkdir. Yalnız bu halda subsidiyaların artırılması aqrar sektorun inkişafına davamlı iqtisadi töhfə verə bilər.

Nigar Orucova, “İki sahil”