20 oktyabr 2026 16:16
127

Mediatur çərçivəsində Şəbəkə Emalatxanası və Təlim Mərkəzinə baxış olub - FOTO

Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Şəki şəhərinə mediatur çərçivəsində iştirakçılar Şəbəkə Emalatxanası və Təlim Mərkəzinə də baxış keçiriblər.

Şəbəkə ustası Tofiq Rəsulov jurnalistlərə bildirib ki, Mərkəzdə şəbəkə sənətinə həsr olunmuş sərgi salonu, emalatxana və təlim otaqları yaradılıb. Şəbəkə sənət növünün yaşadılması və gələcək nəsillərə ötürülməsi işinə şəkili gənclər böyük maraq göstərirlər. Tofiq usta və şagirdləri şəbəkə nümunələrinin hazırlanması prosesini əyani nümayiş etdiriblər.

Bildirilib ki, bu sənət ailə ənənəsi kimi bir neçə nəsildir davam etdirilir. Ustad Tofiq və atası Əşrəf usta Şəki Xan Sarayının bərpası zamanı şəbəkələrin hazırlanması və bərpasında iştirak ediblər. Xüsusilə 1960-cı illərdə Xan sarayında aparılan bərpa işlərində onların əməyindən istifadə olunub.
Mərkəzdə şəbəkə sənətinin yaşadılması və gələcək nəsillərə ötürülməsi məqsədilə xüsusi məkan yaradılıb. Burada sənətkarların fəaliyyəti ilə tanış olmaq, ağacın emalı və şəbəkələrin hazırlanması prosesini izləmək, həmçinin ustad dərslərində iştirak etmək mümkündür.

Mərkəzdə, həmçinin Tofiq ustanın atası ilə birlikdə Xan sarayının şəbəkələrini bərpa edərkən lentə alınmış arxiv görüntüləri nümayiş etdirilir. Bu materiallar qədim sənətkarlıq ənənələrinin qorunması və sənətkarların əməyinin tanıdılması baxımından xüsusi əhəmiyyət daşıyır.

Orxan Vahidoğlu, "İki sahil"