20 oktyabr 2026 14:43
145

Zəngilanın taleyi bir daha göstərir ki...

Zəngilan Şəhəri Günü təkcə bir şəhərin təqvimdəki əlamətdar tarixi deyil, həm də ədalətin təntənəsi və doğma yurda qayıdışın mənəvi ifadəsidir. 2020-ci il oktyabrın 20-də Zəngilan şəhərinin işğaldan azad edilməsi Azərbaycan tarixinin şanlı səhifələrindən birinə çevrildi. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı Zəfər doğma yurda qayıdışın yolunu açdı. Zəngilanın azadlığı ilə bir şəhərin deyil, bütöv bir elin sabaha inamı yenidən doğuldu, illərin həsrəti qürura, nisgil sevincə çevrildi.

“İki sahil” azərtac-a istinadla əslən zəngilanlı, AMEA Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Təranə Şükürlünün təəssüratlarını təqdim edir.

Zəngilan... Azərbaycanın tarixi yaddaşında yurd sevgisinin, mənəvi bağlılığın və torpağa sədaqətin rəmzi kimi yaşayır. Arazın sahilində, təbiətin füsunkar qoynunda yerləşən bu qədim diyar özünəməxsus coğrafiyası, zəngin mədəni irsi, adət-ənənələri ilə milli varlığımızın ayrılmaz parçasıdır. İllər öncə uşaq yaddaşımızın ən dərin qatlarında Zəngilanın dağıdılmış evləri, uçurulmuş divarları iz salmışdı. Böyük Qələbədən sonra Zəngilandakı evimizin uçmuş divarının rəsmini gördüm. Bu, məni çox kədərləndirdi. Bu gün isə daxilimdə bir qürur, sevinc hissi var. Çünki dağıdılmış rayonumuzun, kəndlərimizin ən müasir texnologiyalara əsaslanan quruculuq konsepsiyası əsasında bərpası həyata keçirilir.

İndi Zəngilan haqqında düşünəndə gözlərim qarşısında yalnız keçmişin xatirələri canlanmır. Mən onun sabahını da görürəm. Yenidən qurulan evləri, işıqlanan pəncərələri, yurduna qayıdan insanları düşünürəm. Bu gün Zəngilanın Ağalı kəndi məktəbə gedən uşaqların səsi ilə açılır, axşamları evlərin işığı ilə nurlanır. Doğma torpağın yollarında yeni həyatın addımları eşidilir.

Bu gün Zəngilan azadlığın bəxş etdiyi yeni nəfəs ilə gələcəyə doğru addımlayır. Burada həyata keçirilən bərpa və quruculuq işləri, yaradılan müasir infrastruktur, yenidən qurulan yaşayış məntəqələri Böyük Qayıdışın gerçək mənzərəsini formalaşdırır. Hər yeni yol doğma yurda uzanan ümidin, hər tikilən ev yenidən alışan ocağın, hər açılan qapı illərlə gözlənilən qayıdışın rəmzinə çevrilir.

Zəngilanın taleyi bir daha göstərir ki, torpaqla insan arasında zamanın sınaqlarından daha güclü bir bağ var. İllər keçə, yollar uzaq düşə, doğma ocaqlardan ayrılıq uzana bilər, ancaq Vətən sevgisi ən uca zirvələrdə qalır.

Zəngilanın mənəvi yaddaşında məscidimizin də xüsusi yeri var. Məscid yalnız ibadət məkanı deyil; o, bir elin duası, insanların mənəvi sığınacağı, nəsilləri bir-birinə bağlayan müqəddəs dəyərdir. Onun divarlarında zamanın nəfəsi, səssizliyində keçmişin izləri, varlığında isə xalqımızın inancı və mənəvi bütövlüyü yaşayır.

Bəsitçay... Bu ad mənim üçün sadəcə bir çayın, bir qoruğun adı deyil. Bu ad Zəngilanın təbiət yaddaşı, uşaqlığımın xəyalında yaşayan yaşıllıq, doğma torpağın sinəsindən süzülən əbədi bir nəğmədir. Bəsitçayın sahilində ucalan əzəmətli Şərq çinarları sanki əsrlərin sirrini öz köklərində, budaqlarında, yarpaqlarında qoruyub saxlayır. Hər ağac bir ömür, hər kök bir tarix, hər yarpaq bir xatirə kimi görünür.

Zəngilan Azərbaycanın Zəfər salnaməsinin, milli iradəsinin və quruculuq əzminin parlaq səhifələrindən biridir. Onun dirçəlişi yalnız bir bölgənin yenidən qurulması deyil, həm də tarixi yaddaşımızın bərpası, milli qürurumuzun təntənəsi və gələcəyə inamımızın ifadəsidir.