19 oktyabr 2026 16:32
109

Almaniya Fransadakı iğtişaşların ölkə ərazisinə keçə biləcəyindən narahatdır

Almaniyanın daxili işlər naziri Aleksander Dobrindt Fransadakı küçə toqquşmalarının Almaniya ərazisinə keçə biləcəyindən narahatlığını ifadə edib. O, həmçinin iğtişaşların sol radikallar və miqrant qruplaşmalarının radikal əhval-ruhiyyəli nümayəndələrinin alyansı tərəfindən əlaqələndirildiyini bəyan edib.

“İki sahil” xəbər verir ki, bu barədə "Bild" məlumat yayıb.

"Küçələri döyüş meydanına çevirənlər, polislərə hücum edənlər təhsilin yaxşılaşdırılması qayğısına qalmırlar — onlar azad cəmiyyətə və bizim həyat tərzimizə qarşı silahlı mübarizə aparırlar", — deyə Dobrindt bildirib.

Bununla yanaşı, Almaniyanın DİN rəhbəri ölkənin siyasi qüvvələrini etirazların strukturunu açıq şəkildə etiraf etməyə çağırıb: "Demokratik sistemə qarşı birgə mübarizə üçün küçələrdə sol ekstremistlərin və miqrant mühitinin birləşdiyini açıq şəkildə bəyan etməyən şəxs sadəcə vəziyyəti anlamır".

Almaniya DİN-də narahatlığa həm də yerli siyasətçilərdən bəzilərinin qonşu ölkədəki hadisələrə reaksiyası səbəb olub. Xüsusilə, Sol Partiyanın həmsədri İnes Şverdtner daha əvvəl Fransadakı etirazları müsbət qiymətləndirərək onları "müqavimət nümunəsi" adlandırmışdı.