Qazaxıstan Prezidenti Qasım-Jomart Toxayev Silahlı Qüvvələrin hazırılığının və qoşunların təlim keyfiyyətinin artırılması ilə bağlı tapşırıqlar verib.
“İki sahil” xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti müdafiə nazirinin birinci müavini – Baş Qərargah rəisi Aytqurman Omarbekov və müdafiə nazirinin müavini Tatyana Savelyeva ilə görüşün yekunlarına dair məlumat yayıb.
"Görüşün yekunlarına əsasən, dövlət başçısı Silahlı Qüvvələrin hazırlığının və qoşunların təlim keyfiyyətinin artırılması, ordunun prioritet ehtiyaclarının maliyyə təminatı və büdcə vəsaitlərindən səmərəli idarə edilməsi üzrə bir sıra tapşırıqlar müəyyən edib", — deyə məlumatda bildirilir.
Mətbuat xidmətindən qeyd olunub ki, prezident ordunun döyüş və səfərbərlik hazırlığının vəziyyəti, habelə döyüş təlimlərinin maliyyə təminatı haqqında məruzələri dinləyib. Hərbi idarəetmə sisteminin təkmilləşdirilməsinə, qərarların qəbul edilməsi operativliyinin və qoşunların qarşıya qoyulmuş tapşırıqları yerinə yetirməyə hazırlığının artırılmasına xüsusi diqqət yetirilib.
Müzakirələrdə, həmçinin səfərbərlik planlaşdırılması, hərbi ehtiyatın hazırlanması, ordunun inkişaf proqramlarının maliyyələşdirilməsi və büdcə vəsaitlərindən istifadənin səmərəliliyinin artırılması məsələlərinə baxılıb.