19 oktyabr 2026 14:06
88

Yunanıstan müəllimləri oktyabrın 21-də sutkalıq tətil keçirəcəklər

Yunanıstanın Müəllimlər Federasiyası oktyabrın 21-də əməkhaqlarının 20% artırılması, mənzil təminatında maliyyə dəstəyi və məktəblərə gediş-gəliş üçün ictimai nəqliyyatın pulsuz olması tələbi ilə sutkalıq tətil və etiraz mitinqləri keçirəcək.

“İki sahil” xəbər verir ki, bu barədə "Efimerida ton syntakton" qəzeti məlumat yayıb.

Yunanıstanın Müəllimlər Federasiyası bütün kateqoriyalardan olan müəllimlərin oktyabrın 21-də tətilə çıxacağını, Afina, Saloniki və ölkənin digər şəhərlərində etiraz mitinqləri keçiriləcəyini elan edib. Nəşr qeyd edir ki, şagirdlər və tələbələr də təhsilin keyfiyyətinin artırılması və təhsil müəssisələrində təhlükəsizliyin təmin edilməsi tələbi ilə miqyaslı nümayişlərə qoşulacaqlar.

Paytaxtın mərkəzində etiraz mitinqinin yerli vaxtla saat 12:00-da Afina Universitetinin rektorluğunun binası qarşısında, Salonikidə isə saat 11:30-da keçirilməsi planlaşdırılır. Pedaqoqlar əməkhaqlarının 20% artırılmasını, beynəlxalq kreditorların tələbi ilə maliyyə böhranı illərində ləğv edilmiş 13-cü və 14-cü maaşların bərpa olunmasını, mənzil təminatı sahəsində dəstək tədbirlərinin görülməsini, eləcə də təhsil müəssisələrinə nəqliyyatla gediş-gəlişin pulsuz olmasını tələb edirlər.