05 oktyabr 2026 11:57
95

Fransada iğtişaş iştirakçıları üçün kollektiv məsuliyyətin tətbiq edilməsi planlaşdırılır

Fransa hökuməti oktyabrın 27-də parlamentin yuxarı palatası olan Senata iğtişaş iştirakçıları üçün - əmlaka şəxsən zərər vurub-vurmamasından asılı olmayaraq – kollektiv məsuliyyət nəzərdə tutan qanun layihəsi təqdim edəcək.

“İki sahil” TASS-a istinadla xəbər verir ki, bu barədə Fransa hökumətinin rəsmi nümayəndəsi Mod Brejon məlumat verib.

Brejon bildirib: "Bu qanun layihəsi oktyabrın 27-də Senata təqdim olunacaq və qarşıya iki məqsəd qoyacaq. Birincisi, zərurət yaranarsa, yetkin və ya azyaşlı şəxslərin vurduğu zərərə görə vəsaitin ailə müavinətlərindən tutulması, yəni valideynlərin müavinətlərinin bir hissəsindən istifadə edilməsi. İkincisi, əgər kimsə zorakılıq törədən qrupun hərəkətlərində iştirak edirsə və polis xəbərdarlığından sonra da iştirakını davam etdirirsə, ona qarşı kollektiv məsuliyyət prinsipi tətbiq olunacaq".

O, qanunun nə qədər tez qəbul ediləcəyini dəqiqləşdirməyərək, Senatda yalnız birinci oxunuşun keçiriləcəyini qeyd edib. Brejon bildirib ki, Nazirlər Kabineti sənədin tezliklə qəbul olunacağına ümid edir, lakin müzakirələrin qrafikinə 2027-ci ilin büdcəsinin nəzərdən keçirilməsi təsir göstərə bilər.

"Franceinfo" radiostansiyasının dəqiqləşdirdiyinə görə, bu qanun layihəsi dəymiş ziyana görə 10 min avroyadək məbləğdə kompensasiyanın tutulması imkanını nəzərdə tutur. Azyaşlıların törөtdiyi hallarda maliyyə öhdəliklərinin bir hissəsi ödənişsiz ictimai işlərlə əvəz oluna bilər. Müəyyən edilmiş kompensasiyanın ödənilmədiyi təqdirdə, dövlət borcun ödənilməsi hesabına ailə müavinətlərinin və mənzil kirayəsi üçün müavinətlərin müsadirə edilməsinə nail ola bilər. 

Yuxarı sinif şagirdlərinin etiraz aksiyaları sentyabrın sonunda İld-de-Frans paytaxt regionunda başlayıb və hazırda bütün Fransanı bürüyüb. Onların iştirakçılar təhsil sistemindəki həddindən artıq yüklənmiş cədvələ, müəllim çatışmazlığına və digər problemlərə qarşı çıxış edirlər. Bəzi yerlərdə etirazlar iğtişaşlara və polislə toqquşmalara çevrilib. Etirazlar başlayandan bəri hüquq-mühafizə orqanları 5 mindən çox saxlanılma həyata keçirib ki, bunların da 90%-ni azyaşlılar təşkil edib.