05 oktyabr 2026 12:50
86

Gürcüstan ukraynalı qaçqınlar üçün sosial ödənişlərin müddətini yanvarın 1-dək uzadıb

Gürcüstan hökuməti hərbi əməliyyatlar başlayandan sonra respublikaya köçmüş Ukrayna vətəndaşlarına sosial ödənişlərin verilməsi müddətini 2027-ci il yanvarın 1-dək uzadıb.

“İki sahil” xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir: "Hərbi əməliyyatlar səbəbindən Gürcüstana gəlmiş Ukrayna vətəndaşlarına və Ukraynada daimi yaşamaq hüququ olan şəxslərə yardım 2027-ci il yanvarın 1-dək hər ailə üçün 300 lari (təxminən 115,4 dollar) və hər nəfər üçün 45 lari (təxminən 17,3 dollar) məbləğində uzadılacaq".

Gürcüstanı tərk etmiş şəxslərə 45 larilik ödəniş dayandırılacaq. Ailənin bütün üzvləri Gürcüstanı tərk edərsə, onlar 300 lari almaq hüququndan məhrum olacaqlar. Ukraynadan gələrək fasiləsiz yaşayan qaçqınlar tibbi xidmətlər almağa davam edəcəklər. Əcnəbi Gürcüstanı tərk etdikdən sonra üç gündən gec olmayaraq geri qayıdarsa, qalma müddəti fasiləsiz hesab olunur.