12 yanvar 2017 23:20
486

Rövşən Rzayev: Gələcək illər ölkəmiz üçün daha uğurlu olacaq

Müsahibimiz Milli Məclisin deputatı Rövşən Rzayevdir

- Bildiyiniz kimi, yanvarın 10-da dövlətimizin başçısı cənab İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində bildirdi ki, 2016-cı ildə dünyada gedən çətin, ziddiyyətli proseslərin fonunda Azərbaycanda sabitlik hökm sürdü, ölkəmiz inkişaf etdi..

- Bəli, həqiqətən də sevindirici haldır ki, Azərbaycan möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında ildən-ilə inkişaf edir. Dövlət Azərbaycan vətəndaşının daha da firavan yaşaması üçün bütün zəruri imkanlarından istifadə edir. Təəssüflər olsun ki, artıq bir neçə ildir dünyada gedən siyasi proseslər, iqtisadi uğursuzluqlar  və s. Azərbaycandan da yan keçmir. Çünki Azərbaycan dünyanın bir parçasıdır. Amma ölkəmiz ulu öndər Heydər Əliyev ideyalarının əsasında idarə olunur və dövlətimizin başçısı cənab İlham Əliyevin atdığı bütün addımlar məhz Ümummilli Liderin ideyalarına söykənir. Azərbaycan bu gün güclü dövlətdir. Bunun nəticəsidir ki, bu gün dünyada gedən gərgin proseslərin fonunda Azərbaycan uğursuzluqlarla qarşılaşmır.  Heç kimdə şühbə doğurmur ki, Azərbaycan bundan sonra da daim inkişaf yolu ilə irəliləyəcək. Bilirsiniz ki, “Cənub Qaz Dəhlizi” 21-ci əsrin layihəsidir, eyni zamanda bütövlükdə böyük layihə kimi qiymətləndirilir. Layihə işə düşdükdən sonra Azərbaycana külli miqdarda vəsait gətirəcək. Bu da təbii olaraq bundan sonra ölkənin daha da inkişaf etdirilməsinə, əhalinin sosial rifahının daha da yaxşılaşdırılmasına yönəldiləcək. Eyni zamanda, ölkənin ərazi bütövlüyünün bərpası, eləcə də silahlı qüvvələrin daha da gücləndirilməsi işinə öz töhfəsini verəcək.

- İclasda səsləndirilən daha bir önəmli fikir aprel döyüşləri ilə bağlı idi. Cənab Prezident vurğuladı ki, aprel döyüşləri Azərbaycan tarixinin şanslı səhifələrindəndir. Elə bu fikirdən çıxış edərək ötən ildə Azərbaycanın münaqişənin həlli istiqamətində atdığı addımları necə qiymətləndirirsiniz?

-Biz qarşıya bir məqsəd qoymuşuq: Azərbaycanın ərazi bütövlüyü nəyin bahasına olursa olsun təmin olunmalıdır. Aprel döyüşləri deyəndə onu nəzərdə tuturuq ki, yenə də Ermənistan silahlı qüvvələri Azərbaycana qarşı öz təxribatını həyata keçirdi. Təəssüflər olsun ki, onlar belə təxribatları dinc əhaliyə qarşı yönəldirlər edirlər. Yəqin ki, onlar kiməsə və ya nəyəsə arxayın idilər. Amma gördülər ki, Azərbaycan bu dəfə onlara kifayət qədər tutarlı cavab verdi. Silahlı Qüvvələrimiz düşmənə kifayət qədər ciddi zərbə vurdu. Bu, birmənalı olaraq Azərbaycan Silahlı Qüvvələrinin qələbəsidir. Xeyli müddətdə düşmən tapdağı altında olan yüksəkliklərimiz qaytarıldı. Başqa bir tərəfdən bu qələbə göstərdi ki, Azərbaycan torpaqlarının erməni işağlı altında olması Ermənistan silahlı qüvvələrinin qələbəsi deyil, bu, sadəcə onlara edilmiş hədiyyədir. Ölkəmizin başçısı cənab İlham Əliyev qətiyyətlə bildirdi ki, Azərbaycan öz ərazisində ikinci bir erməni dövlətinin yaradılmasına icazə verməyəcək. Məsələnin yeganə həll yolu Azərbaycanın ərazi bütövlüyünün təminidir.

- Bəs 2017-ci il münaqişənin həlli istiqamətində nələri vəd edir?

- Mənə elə gəlir ki, münaqişənin həlli üçün aparılan danışıqlar prosesi hər hansı bir nəticə verə bilər. Bu günə qədər beynəlxalq hüquq prinsipləri çərçivəsində hər hansı bir problemi aradan qaldırmaq mümkün olubsa, deməli, bu münaqişənin həlli mümkündür. Bununla bağlı BMT Təhlükəsiz Şurasının dörd, eyni zamanda digər nüfuzlu beynəlxalq qurumların müxtəlif qətnamələri var. Bütün bunlar münaqişənin sülh yolu ilə həlli üçün böyük imkanların olduğunu göstərir.

- Ölkənin gələcək inkişafı üçün hər il dövlətimiz tərəfindən müxtəlif addımlar atılır, layihələr həyata keçirilir. “Azərbaycan 2020- gələcəyə baxış” İnkişaf Konsepsiyası, milli iqtisadiyyatın perspektivi üzrə Strateji Yol Xəritəsi, “Cənub Qaz Dəhlizi” belə layihələrdəndir. Sizcə, Bu layihələrin ölkənin gələcək inkişafı üçün rolu nədən ibarətdir?

- Birmənalı olaraq deyə bilərəm ki, nə qədər ki, ulu öndər Heydər Əliyev siyasəti yaşayacaq, Azərbaycan daim inkişaf yolu ilə gedəcək. Məhz həyata keçirilən bu layihələr həmin siyasətin davamıdır. 1994-cü ildə Ulu Öndər tərəfindən “əsrin müqaviləsi” imzalandı. 2005-ci ildə layihənin icrasına başlanıldı. Artıq 2007-ci ildən ölkəyə böyük vəsait gəlməyə başladı. Ötən il “Cənub Qaz Dəhlizi” reallaşdırılması istiqamətində nə qədər ki, ciddi addımlar atılıb. Cənab Prezident də öz çıxışında qeyd etdi ki, bu layihə Azərbaycanı hər baxımdan daha da irəli aparacaq. Gələcək illər ölkəmiz üçün daha uğurlu olacaq. Cənab Prezident, həmçinin ölkədə qeyri-neft sektorunun inkişafına mühüm diqqət göstərir. Son illər biz bunu kənd təsərrüfatı, sənaye, turiz və digər sahələrin inkişafında görürük.

- Bildiyiniz kimi, 2017-ci il ölkəmizdə “İslam Həmrəyliyi ili” elan olundu. Deyə bilərikmi, ötən il Bakıdan bütün dünyaya multikulturalizm aşılayan Azərbaycan bu il planetimizə sülh, birlik, dostluq mesajları göndərəcək?

- Əlbəttə. Azərbaycan bu gün dünyada etibarlı tərəfdaş kimi qiymətləndirilir. Bütün dünya ictimaiyyəti görəcək ki, İslam dini sülh, mütərəqqi dindir, dostluğa çağırış dinidir. Terrorizmdən tamamilə uzaqdır. Həmçinin bu il ölkəmizdə IV İslam Həmrəyliyi Oyunları keçiriləcək. Dünya ictimaiyyəti bu fikirləri təkcə eşitməyəcək, həm də gəlib öz gözləri ilə görəcək.  Eyni zamanda IV İslam Həmrəyliyi Oyunlarının paytaxtımızda keçirilməsi bir daha sübut edəcək ki, müstəqil Azərbaycan gənc dövlət olmasına baxmayaraq, həm də güclü idman ölkəsidir.

Şəmsiyyə Əliqızı,
Şəfiqə Dadaşova, 
“İki sahil”