18 sentyabr 2026 18:06
112

Təhlükəsizlik və sabitlik türk dünyasının inkişafının əsas şərtidir

Prezident cənab İlham Əliyevin Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxsləri ilə görüşü zamanı səsləndirdiyi fikirlər təşkilatın qarşısında dayanan strateji vəzifələrin, mövcud regional reallıqların və türk dövlətləri arasında qarşılıqlı fəaliyyətin gələcək istiqamətlərinin aydın şəkildə ifadəsi kimi xüsusi əhəmiyyət daşıyır. Görüşün Bakıda keçirilməsi də təsadüfi deyil. Son dövrdə Azərbaycan TDT çərçivəsində siyasi, təhlükəsizlik, iqtisadi, nəqliyyat, enerji və humanitar istiqamətlər üzrə çoxtərəfli əməkdaşlığın fəallaşdırılmasına xüsusi diqqət yetirir. Türk Dövlətləri Təşkilatının 2009-cu ildə Naxçıvanda keçirilmiş tarixi Zirvə görüşündən sonra keçdiyi inkişaf yolu onun beynəlxalq münasibətlər sistemində getdikcə daha fəal aktora çevrildiyini göstərir. Təşkilatın gündəliyinin yalnız mədəni-humanitar məsələlərlə məhdudlaşmaması, təhlükəsizlik, iqtisadiyyat, enerji, nəqliyyat, ticarət, rəqəmsal transformasiya və beynəlxalq əməkdaşlıq kimi strateji sahələri əhatə etməsi TDT-nin institusional potensialının genişlənməsini şərtləndirən əsas amillərdəndir. Cənab Prezidentin çıxışında diqqət çəkən mühüm məqamlardan biri TDT-nin beynəlxalq arenadakı rolunun daha da gücləndirilməsinin zəruriliyi ilə bağlıdır. Təşkilata üzv ölkələrin dövlət başçılarının ümumi mövqeyi ondan ibarətdir ki, mövcud potensialdan maksimum istifadə edilməklə TDT-nin beynəlxalq məsələlərdə daha fəal və təsirli mövqeyi təmin olunsun. Bu yanaşma türk dövlətləri arasında ikitərəfli münasibətlərin inkişafını çoxtərəfli əməkdaşlıq mexanizmləri ilə tamamlayır və ümumi maraqların daha geniş platformada ifadəsinə imkan yaradır. TDT məkanının geostrateji əhəmiyyəti də təşkilatın potensialını artıran əsas faktorlardandır. Türk dövlətləri Avropa ilə Asiyanı birləşdirən geniş coğrafiyada yerləşir. Bu coğrafiyadan mühüm enerji və nəqliyyat marşrutları keçir. Xəzər hövzəsi, Mərkəzi Asiya, Cənubi Qafqaz və Türkiyə arasında formalaşan bağlantılar TDT məkanının qlobal enerji və nəqliyyat sistemində rolunu daha da artırır. Bu baxımdan enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları məsələləri artıq yalnız iqtisadi əməkdaşlığın deyil, ümumi təhlükəsizlik arxitekturasının da mühüm elementlərindən birinə çevrilir. Azərbaycanın bu prosesdə xüsusi coğrafi və strateji mövqeyi vardır. Ölkəmiz həm enerji resurslarının beynəlxalq bazarlara çıxarılmasında, həm də Mərkəzi Asiya dövlətlərinin enerji resurslarının Xəzər vasitəsilə qərb istiqamətində tranzitində mühüm rol oynayır. Eyni zamanda Azərbaycan Avropa ilə Asiyanın kəsişməsində yerləşməklə Şərq-Qərb və digər regional nəqliyyat bağlantılarının inkişafında fəal iştirak edir. Bu imkanlar Azərbaycanın TDT çərçivəsində nəqliyyat və enerji təhlükəsizliyi məsələlərində rolunu şərtləndirən mühüm amillərdəndir. Azərbaycanın TDT dövlətləri ilə münasibətləri yalnız çoxtərəfli platforma ilə məhdudlaşmır. Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanla müxtəlif müttəfiqlik və strateji əməkdaşlıq sənədlərinin imzalanması, birgə investisiya mexanizmlərinin yaradılması və qarşılıqlı səfərlərin intensiv xarakter alması türk dövlətləri arasında əlaqələrin institusional əsaslarının möhkəmləndiyini göstərir. Prezident İlham Əliyevin çıxışında ifadə etdiyi “Türk dünyası bizim ailəmizdir” fikri Azərbaycanın türk dövlətləri ilə münasibətlərə verdiyi siyasi əhəmiyyəti xarakterizə edən mühüm tezisdir. 
Bu münasibətlərin mühüm dayaqlarından biri isə ortaq tarixi, mədəni və mənəvi irsdir. Türk dövlətlərini birləşdirən ümumi etnik köklər, dillər və mədəni dəyərlər xalqlar arasında təbii yaxınlıq formalaşdırır. Bu amil siyasi və iqtisadi maraqlarla yanaşı, qarşılıqlı etimadın və uzunmüddətli əməkdaşlığın sosial-mədəni əsaslarını da möhkəmləndirir. Cənab Prezidentin çıxışında gənc nəslin milli və mənəvi dəyərlərə bağlılığının gücləndirilməsi məsələsinə xüsusi diqqət yetirməsi də təsadüfi deyil. Müasir dünyada dövlətlərin təhlükəsizliyi yalnız hərbi və fiziki təhdidlərin qarşısının alınması ilə məhdudlaşmır. İnformasiya məkanı, rəqəmsal mühit, ictimai şüur və ideoloji təsirlər də təhlükəsizlik gündəliyinin mühüm komponentlərinə çevrilib. Bu baxımdan TDT çərçivəsində gənclər təşkilatları arasında əlaqələrin genişləndirilməsi, forum və konfransların keçirilməsi, gənclərin bir-biri ilə daha sıx ünsiyyətinin təmin olunması ortaq dəyərlərin gələcək nəsillərə ötürülməsi baxımından əhəmiyyətlidir. Təhlükəsizlik məsələlərinin TDT gündəliyində daha mühüm yer tutması dünyada və regionlarda baş verən proseslərlə birbaşa bağlıdır. Münaqişələrin coğrafiyasının genişlənməsi, yeni təhlükəsizlik çağırışlarının meydana çıxması, terrorçuluq, transmilli cinayətkarlıq, kibertəhdidlər və informasiya təhlükəsizliyi məsələləri dövlətlər arasında operativ əməkdaşlığı zəruri edir. Bu şəraitdə təhlükəsizlik strukturları arasında məlumat mübadiləsinin, təcrübə paylaşımının və koordinasiyanın gücləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Prezidentinin vurğuladığı kimi, təhlükəsizlik sahəsində əsas məqsəd yalnız mövcud təhdidlərə cavab vermək deyil, mümkün risklərin əvvəlcədən müəyyənləşdirilməsi və onların qarşısının alınmasıdır. Bu baxımdan TDT ölkələrinin təhlükəsizlik şuraları arasında əməkdaşlıq preventiv təhlükəsizlik mexanizmlərinin inkişafına mühüm töhfə verə bilər. Zəif nöqtələrin müəyyənləşdirilməsi, informasiya mübadiləsinin sürətləndirilməsi və müxtəlif təhdidlərə qarşı birgə fəaliyyət mexanizmlərinin təkmilləşdirilməsi təşkilat daxilində təhlükəsizlik əməkdaşlığının institusional əsaslarını gücləndirə bilər. 
Digər mühüm məsələ TDT məkanında sabitlik və iqtisadi inkişafın qarşılıqlı əlaqəsidir. Siyasi və iqtisadi sabitlik investisiyaların cəlb olunması, yeni texnologiyaların tətbiqi, sənaye və infrastruktur layihələrinin həyata keçirilməsi üçün mühüm şərtdir. Türk dövlətlərinin bir çoxunda iqtisadi və sosial inkişaf istiqamətində həyata keçirilən layihələr, nəqliyyat və enerji infrastrukturlarının yenilənməsi, regionların inkişafına yönəlmiş tədbirlər TDT məkanında əməkdaşlıq imkanlarının genişlənməsi üçün əlavə zəmin yaradır. Cənab Prezidentin çıxışında demoqrafik amilə toxunması da strateji baxımdan diqqətçəkəndir. Türk dövlətlərinin bir çoxunun gənc əhali strukturuna malik olması gələcək inkişaf üçün mühüm insan kapitalı potensialı yaradır. Lakin bu potensialın real üstünlüyə çevrilməsi təhsil, məşğulluq, sosial infrastruktur, innovasiya və gənclər siyasətinin paralel şəkildə inkişaf etdirilməsini tələb edir. Bu baxımdan TDT çərçivəsində gənclər və insan kapitalının inkişafı üzrə əməkdaşlığın genişləndirilməsi uzunmüddətli strateji əhəmiyyət daşıyır. Azərbaycanın TDT çərçivəsində fəal diplomatik təşəbbüslərindən biri də dövlət başçıları səviyyəsində qeyri-rəsmi Zirvə görüşlərinin keçirilməsidir. Prezident İlham Əliyevin çıxışında qeyd etdiyi kimi, ildə bir dəfə keçirilən rəsmi Zirvə görüşlərinin mövcudluğu ilə yanaşı, dövlət başçıları arasında daha çevik və müntəzəm siyasi dialoqun aparılması zərurəti yaranmışdır. Şuşada keçirilən ilk qeyri-rəsmi Zirvə görüşü bu istiqamətdə mühüm addım olmuş, sonrakı mərhələdə digər türk dövlətlərində də bu formatın davam etdirilməsi qarşılıqlı siyasi məsləhətləşmələrin intensivliyini artırmışdır. Azərbaycan-Türkiyə münasibətləri isə TDT daxilində xüsusi əhəmiyyət daşıyan istiqamətlərdən biridir. Tarixi, mədəni, siyasi, iqtisadi və təhlükəsizlik sahələrində formalaşmış sıx əlaqələr 2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsi ilə müttəfiqlik müstəvisində hüquqi-siyasi çərçivəyə salınıb. Şuşa Bəyannaməsi iki ölkə arasında münasibətlərin yeni mərhələsini müəyyən edən mühüm sənəd olmaqla yanaşı, regional əməkdaşlıq və təhlükəsizlik baxımından da əhəmiyyətli çərçivə formalaşdırıb. Azərbaycanın Qazaxıstan, Özbəkistan və Qırğızıstanla münasibətlərində də son illərdə mühüm irəliləyişlər müşahidə olunur. Birgə investisiya fondlarının yaradılması, iqtisadi əlaqələrin genişləndirilməsi, nəqliyyat və rəqəmsal bağlantı layihələri qarşılıqlı əməkdaşlığın yalnız siyasi deyil, praktik və iqtisadi məzmununu da gücləndirir. Qazaxıstanla optik lifli kabel layihəsi kimi təşəbbüslər isə TDT məkanında rəqəmsal bağlantıların gələcəkdə daha geniş coğrafiyaya inteqrasiyası baxımından əhəmiyyətlidir. Azərbaycan-Qazaxıstan münasibətlərində Qarabağın bərpası istiqamətində əməkdaşlıq da xüsusi yer tutur. Qazaxıstanın Qarabağda həyata keçirilən layihələrə verdiyi dəstək, o cümlədən Kurmanqazı adına İncəsənət Mərkəzinin yaradılması iki ölkə arasında qardaşlıq münasibətlərinin konkret humanitar layihələrdə əksini tapdığını göstərir. Bu cür təşəbbüslər xalqlar arasında əlaqələrin möhkəmlənməsinə və qarşılıqlı etimadın dərinləşməsinə xidmət edir.
Azərbaycan-Özbəkistan münasibətlərində mədəni-humanitar əlaqələrin inkişafı da ortaq tarixi irsin müasir əməkdaşlığa çevrilməsinin nümunəsidir. Bakıda Əlişir Nəvai, Daşkənddə isə Nizami Gəncəvi abidələrinin ucaldılması iki xalqın ədəbi və mədəni irsinin qarşılıqlı şəkildə tanıdılmasına xidmət edən simvolik addımlardır. Bu münasibətlər yalnız keçmişin ortaq dəyərləri üzərində deyil, müasir iqtisadi, siyasi və humanitar əməkdaşlıq üzərində də inkişaf edir.
Qırğızıstanla münasibətlərdə isə müttəfiqlik haqqında müqavilənin imzalanması əlaqələrin siyasi-hüquqi əsaslarının daha da möhkəmləndiyini nümayiş etdirir. Özbəkistanla əbədi dostluq haqqında müqavilə də ikitərəfli münasibətlərin yüksək səviyyəsini ifadə edən sənədlər sırasında xüsusi yer tutur. Bütün bunlar TDT çərçivəsində çoxtərəfli əməkdaşlığın ikitərəfli münasibətlərdə əldə olunan nəticələrlə tamamlandığını göstərir. Prezident cənab İlham Əliyevin çıxışında beynəlxalq hüququn üstünlüyü məsələsinə geniş yer ayırması Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən biri ilə səsləşir. Azərbaycanın uzunmüddətli işğal və münaqişə təcrübəsi beynəlxalq hüquq normalarının və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasının əhəmiyyətini ölkəmiz üçün xüsusi həssas mövzuya çevirib. Azərbaycan tərəfinin mövqeyinə görə, beynəlxalq hüquq bütün dövlətlər üçün eyni prinsiplərlə tətbiq edilməli, beynəlxalq təşkilatların qəbul etdiyi qərarların icrası təmin olunmalıdır. Bu yanaşma yalnız Azərbaycan-Ermənistan münaqişəsi kontekstində deyil, beynəlxalq münasibətlər sisteminin ümumi effektivliyi baxımından da müzakirə olunur. Cənab Prezidentin vurğuladığı kimi, beynəlxalq hüququn işlək mexanizmlərlə təmin olunması münaqişələrin qarşısının alınması və onların sülh yolu ilə həlli baxımından mühüm əhəmiyyət daşıyır. TDT-nin beynəlxalq platformalarda beynəlxalq hüququn prinsiplərinə, suverenlik və ərazi bütövlüyünə hörmət məsələlərinə verdiyi diqqət təşkilatın beynəlxalq gündəlikdə mövqeyinin daha aydın ifadə olunmasına imkan yaradır. Bütün bu məqamlar göstərir ki, Türk Dövlətləri Təşkilatının qarşısında duran vəzifələr yalnız üzv dövlətlər arasında əlaqələrin genişləndirilməsi ilə məhdudlaşmır. TDT qlobal və regional proseslərdə artan imkanlarını daha sistemli şəkildə reallaşdırmaq üçün siyasi dialoqu, təhlükəsizlik əməkdaşlığını, iqtisadi inteqrasiyanı, enerji və nəqliyyat bağlantılarını, rəqəmsal transformasiyanı, humanitar və mədəni əlaqələri paralel şəkildə inkişaf etdirməlidir. Azərbaycanın TDT çərçivəsində fəal mövqeyi isə bu prosesin mühüm istiqamətlərindən biridir. Ölkəmizin Avropa ilə Asiya arasında əlverişli coğrafi mövqeyi, enerji və nəqliyyat infrastrukturu, regional təhlükəsizlik məsələlərində təcrübəsi, türk dövlətləri ilə strateji münasibətləri və beynəlxalq diplomatik təşəbbüsləri TDT-nin ümumi potensialının reallaşdırılması üçün əlavə imkanlar yaradır.
Müasir beynəlxalq münasibətlər sistemində təhlükəsizlik, iqtisadi inkişaf, enerji və nəqliyyat məsələləri bir-birindən ayrı nəzərdən keçirilə bilməz. Bu reallıq türk dövlətlərinin qarşılıqlı fəaliyyətini də daha geniş strateji çərçivəyə gətirir. Dövlətlər arasında etimadın möhkəmləndirilməsi, operativ informasiya mübadiləsi, təhlükəsizlik qurumları arasında koordinasiya, iqtisadi və investisiya əlaqələrinin genişləndirilməsi, gənc nəslin ortaq dəyərlər əsasında daha sıx ünsiyyətinin təmin olunması TDT-nin gələcək inkişafının əsas istiqamətləri sırasında yer alır. Cənab Prezidentin çıxışının əsas məzmunundan irəli gələn yanaşma ondan ibarətdir ki, türk dövlətlərinin malik olduğu böyük siyasi, iqtisadi, coğrafi, enerji, nəqliyyat və insan kapitalı potensialı daha sıx əməkdaşlıqla tamamlanmalıdır. Bu potensialın sistemli şəkildə səfərbər edilməsi TDT-nin beynəlxalq proseslərdə daha fəal iştirakına, üzv dövlətlərin təhlükəsizliyinin və davamlı inkişafının möhkəmləndirilməsinə xidmət edə bilər. 
Türk Dövlətləri Təşkilatının gələcək perspektivi məhz bu qarşılıqlı fəaliyyətin nə dərəcədə ardıcıl və institusional şəkildə qurulmasından asılı olacaq. Azərbaycanın yanaşmasında isə əsas xətt aydındır: türk dövlətləri arasında həmrəylik, qarşılıqlı etimad və strateji əməkdaşlıq gücləndirilməli, mövcud potensial ümumi maraqlar naminə daha səmərəli istifadə olunmalı, TDT-nin beynəlxalq arenadakı rolu və imkanları davamlı şəkildə inkişaf etdirilməlidir. Bu, yalnız təşkilata üzv dövlətlərin deyil, daha geniş regionun təhlükəsizlik, sabitlik və inkişaf gündəliyi baxımından da mühüm əhəmiyyət kəsb edən prosesdir.

Mehriban Vəliyeva,

Milli Məclisin deputatı