18 sentyabr 2026 18:12
108

İrəvanın sözləri ilə əməlləri niyə uzlaşmır?

Son illərdə Cənubi Qafqazda uzun illər davam etmiş münaqişənin aradan qaldırılması və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində mühüm addımlar atılıb. Xüsusilə 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilmiş görüş və həmin görüş çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirləri tərəfindən sülh sazişi mətninin paraflanması prosesdə mühüm mərhələ olub. Yeri gəlmişkən, sənədlərdə dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığı prinsiplərinə əsaslanan münasibətlərin qurulması, kommunikasiyaların inkişaf etdirilməsi və qarşılıqlı etimadın möhkəmləndirilməsi ilə bağlı müddəalar öz əksini tapıb.

Vaşinqton görüşündən sonra Azərbaycanla Ermənistan arasında normallaşma prosesi sürətlənib. Belə ki, etimad quruculuğu istiqamətində praqmatik addımlar atılıb və iki ölkənin vətəndaş cəmiyyətinin nümayəndələr heç bir vasitəçi olmadan qarşılıqlı səfərlər ediblər. Azərbaycandan Ermənistana yüklərin tranziti ilə bağlı mövcud məhdudiyyətləri aradan qaldırılıb. Artıq Azərbaycandan Ermənistana yanacaq məhsulları da tədarük edilir. Yeri gəlmişkən, indiyədək Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 60 min tona yaxın taxıl, 9 min tondan çox gübrə, 1414 ton propan, 133 ton alüminium, 1114 ton kömür və 608 ton taxta göndərilib. Eyni zamanda, indiyədək Azərbaycandan Ermənistana 17 min tona yaxın dizel, 5 min tona yaxın Aİ-92 və Aİ-95 benzini ixrac olunub.

Sual olunur: Münasibətlərin normallaşdırılması istiqamətində bu qədər praktiki addım atılıbsa sülh sazişinin imzalanması niyə hələ də gündəlikdə qalmaqda davam edir, daha doğrusu, yekunlaşmayıb? Bölgədə sülh və sabitliyin, regional əməkdaşlığın əsas təşəbbüskarı kimi çıxış edən Azərbaycanın mövqeyi bu məsələdə dəyişməz olaraq qalır. Rəsmi Bakı Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı müddəaların aradan qaldırılmasını sülh sazişinin imzalanması üçün mühüm şərt hesab edir. Ermənistan isə müxtəlif bəhanələrlə bu məsələni uzatmaqdadır. Yeri gəlmişkən, baş nazir Nikol Paşinyanın 2026-cı ilin avqustunda parlamentdəki çıxışında sülh gündəliyinin hökumətin 2026–2031-ci illər proqramının əsas istiqamətlərindən biri olduğunu vurğulanıb. Bu ay isə o, Ermənistanın Azərbaycan və Türkiyə ilə dövlətlərarası əlaqələrin qurulması istiqamətində hərəkət etdiyini və TRIPP layihəsinin praktiki icrasına hazırlıq görüldüyünü bildirib. Yeri gəlmişkən, bu günlərdə Ermənistanın Konstitusiyasının yeni mətni ilə bağlı açıqlama verən ədliyyə naziri Srbuhi Qalyan bildirib ki, ölkəmizdə seçkilər keçirilib və işlər bu səbəbdən bir qədər ləngiyib: “Hazırda müxtəlif qurumlarda müzakirələr gedir. Mətn tam hazırdır. Konstitusiya İslahatları Şurası hələ mətni təsdiqləməyib”. Amma o, Konstitusiyada hansı yeniliklərin olacağı barədə məlumat verməyib. Sadəcə, yeni mətndə razılaşdırılmayan maddələrin olmadığını qeyd edib. Ədliyyə nazirinin bu açıqlamasından aydın olur ki, Ermənistanda yeni Konstitusiya ilə bağlı müzakirələr davam etməkdədir.

Amma görünən odur ki, son vaxtlar Ermənistanın media resurslarında Azərbaycana qarşı təxribatçı yazılar dərc olunur, fikirlər səsləndirilir.  Üstəlik, bu kimi məsələlərdə hakim partiyaya yaxın resurslar da fəallıq göstərirlər. Onların bu mövqeləri də revanşistlərlə üst-üstə düşür. Məsələn, Ermənistan parlamentinin sədri Ruben Rubenyan 2026-cı il sentyabrın 11-12-də Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri ilə bağlı Koçaryan, Sarkisyan və digər revanşitlər kimi fikirlər səsləndirib. Şübhəsiz, bunu dövlət rəsmisi tərəfindən revanşizm əhval-ruhiyyəsinin yüksəldilməsinə xidmət edən amil kimi dəyərləndirmək olar. Başqa sözlə desək, ayrı-ayrı media resurslarında və siyasi dairələrdə Azərbaycana qarşı belə ritorikanın səsləndirilməsi sülh prosesinin yaratdığı yeni atmosferə əsla uyğun gəlmir. Bu fakt həm də   təsdiq edir ki, belə bir həssas dönəmdə ölkəmizə qarşı olan bu kimi təxribatların arxasında məhz Ermənistan hakimiyyətinin bəzi nümayəndələri dayanırlar. Halbuki belələrinin revanşizmə meydan vermələri qəbuledilməzdir.

Bu mənada Ermənistan hakimiyyətinin sülhə münasibətini qiymətləndirərkən yalnız siyasi bəyanatlara deyil, atılan addımlara da diqqət yetirmək lazımdır. Çünki sülh gündəliyinin həqiqi dəyəri onun nə qədər yüksək səslə səsləndirilməsində deyil, ardıcıl və real şəkildə həyata keçirilməsindədir. Unutmayaq ki, Cənubi Qafqazda yeni mərhələnin başlanması üçün real tarixi imkan yaranıb. İndi əsas məsələ bu imkanı siyasi manipulyasiyalara qurban verməməkdir.

Qvami Məhəbbətoğlu, “İki sahil”