İslandiyanın Aİ-yə üzvlüyü üzrə danışıqlar qruplarının formalaşdırılmasına avqustun 29-na planlaşdırılan referendumdan əvvəl başlanılıb.
“İki sahil” xəbər verir ki, bu barədə "Politico" nəşri mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, ölkə sakinləri referendumda danışıqların bərpasına səs verəcəkləri təqdirdə, birliklə danışıqlar bir neçə həftə və ya iki ay ərzində başlaya bilər.
İslandiya Aİ-yə daxil olmaq üçün müraciəti hələ 2009-cu ildə, maliyyə böhranı zamanı təqdim etmişdi. 2013-cü ildə İslandiya hökuməti iqtisadiyyatın sabitləşməsi ilə əlaqədar inteqrasiyanın 33 mərhələsindən 11-ni başa vuraraq üzvlük danışıqlarını dayandırdı. 2015-ci ildə isə Reykyavik Brüsseldən ölkəni Aİ-yə üzvlüyə namizəd hesab etməməyi xahiş etmişdi.
İslandiyanın "Maskina" Tədqiqat İnstitutunun keçirdiyi sonuncu rəy sorğusunun məlumatına görə, respondentlərin 51,3%-i danışıqların bərpasının lehinə, 48,7%-i isə əleyhinə çıxış edir.