Qazaxıstanın birpalatalı parlamentinin (Qurultay) deputatları 16 yaşından kiçik uşaqların sosial şəbəkələrdə qeydiyyatının qadağan edilməsi haqqında qanun layihəsini prioritet qaydada nəzərdən keçirməlidirlər.
“İki sahil” xəbər verir ki, bu barədə respublika prezidenti Qasım-Jomart Tokayev bəyan edib.
O xatırladıb ki, daha əvvəl belə bir təşəbbüslə Qazaxıstan hökuməti çıxış edib. "Bu təşəbbüsü dəstəkləyirəm. Hesab edirəm ki, bu məsələ prioritet qaydada nəzərdən keçirilməlidir", — deyə o, Qurultayın birinci sessiyasının açılışında bildirib.
"Biz böyüyən nəsil üçün rahat və ən əsası, təhlükəsiz mühitin yaradılması üçün əlverişli şərait yaratmağa borcluyuq", — deyə Tokayev qeyd edib. Onun sözlərinə görə, 16 yaşdan kiçik şəxslər üçün sosial şəbəkələrin qadağan edilməsi haqqında qanun layihəsi qəbul edilərkən onun həyata keçirilməsinin bütün mexanizmləri işlənməlidir.
Bundan əlavə, Tokayev ölkədə onlayn platformaların və kütləvi informasiya vasitələrinin fəaliyyətini tənzimləyən qanunlara xüsusi diqqət yetirməyə çağırıb. "İnformasiya məkanında vətəndaşların hüquq və qanuni mənafelərinin qorunması üçün əlavə tədbirlərin görülməsi zəruridir", — deyə Qazaxıstan lideri vurğulayıb.