09 avqust 2026 14:44
108

Filippində əlverişsiz hava şəraiti 380 mindən çox insana zərər vurub

Filippində güclənmiş cənub-qərb mussonu və tropik siklonlar ölkənin səkkiz regionunda 380 mindən çox sakinə təsir edib.

“İki sahil” xəbər verir ki, bu barədə bazar günü Filippinin rəsmi media orqanları məlumat yayıb.

Filippin Xəbər Agentliyinin məlumatına görə, ən azı 110 min ailə əlverişsiz hava şəraitindən zərər çəkib. Təbii fəlakətlər nəticəsində ölənlərin sayı 6 nəfərdir, 7 nəfər xəsarət alıb. Hava şəraiti 148 evə də ziyan vurub. Onlardan 138-i qismən, 10-u isə tamamilə dağılıb.

Rəsmi məlumatlara görə, ölənlərdən ikisi güclü yağışların səbəb olduğu torpaq sürüşməsi, ikisi qaya uçqunu, digər iki nəfər isə müvafiq olaraq suda boğulma və elektrik cərəyanının vurması nəticəsində həyatını itirib.

Filippinin Milli Fəlakət Risklərinin Azaldılması və İdarə Edilməsi Şurasının məlumatına görə, 86 təxliyə mərkəzi fəaliyyətə başlayıb. Bu mərkəzlərdə 2200 ailə və ya 7300 nəfər yerləşdirilib. Daha 1132 ailə, yaxud 3700 nəfər təxliyə mərkəzlərindən kənarda qalır.