07 avqust 2026 18:49
127

Paşinyan-II Qaregin qarşıdurmasında yeni mərhələ

Ermənistanda hakimiyyətlə Erməni Apostol Kilsəsi arasında uzun müddətdir davam edən soyuq müharibə, son vaxtlar açıq və kəskin qarşıdurma müstəvisinə keçib. Baş nazir Nikol Paşinyan ilə bütün ermənilərin katolikosu II Qaregin arasındakı ziddiyyətlər təkcə fərdi fikir ayrılığı deyil, ölkənin siyasi kursu, milli kimliyi və gələcək mənzərəsi uğrunda gedən dərin mübarizənin təzahürüdür. Xatırladaq ki, qarşıdurmanın kökləri 2018-ci ilin "Məxməri inqilabı"na gedib çıxır. Paşinyan hakimiyyətə gəldikdən sonra keçmiş elita ilə sıx əlaqələri olan kilsə rəhbərliyinə şübhə ilə yanaşmağa başladı. Paşinyanın tərəfdarları II Qaregini korrupsiyada, köhnə rejimə xidmət etməkdə və şəffaflıqdan uzaq olmaqda ittiham edərək onun istefasını tələb edən aksiyalar keçirdilər. Çünki kilsə uzun illər boyunca Ermənistanın ənənəvi siyasi spektri ilə sıx bağlı idi. İki tərəf arasında münasibətlərdəki tam qopma isə İkinci Qarabağ müharibəsindən sonra baş verdi. Müharibədəki məğlubiyyətdən sonra II Qaregin açıq şəkildə Paşinyanın istefasını tələb etdi və milli birlik hökumətinin qurulmasını təklif etdi. Katolikosun bu addımı Paşinyan administrasiyası tərəfindən dövlətin daxili işlərinə və siyasi hakimiyyətə müdaxilə kimi qiymətləndirildi. Daha sonra Tavuş bölgəsindəki sərhəd dəqiqləşmələrinə qarşı başlayan və arxiyepiskop Baqrat Qalstanyanın rəhbərlik etdiyi etiraz hərəkatı Paşinyan-kilsə qarşıdurmasını pik nöqtəyə çatdırdı. Hökumət bu hərəkatı kilsənin və xarici qüvvələrin dəstəklədiyi "dövlət çevrilişi cəhdi" adlandırdı. Paşinyanın II Qareginə və Eçmiədzindəki kilsə rəhbərliyinə ünvanladığı kəskin bəyanatlar kilsə-dövlət münasibətlərindəki körpüləri tamamilə yandırdı.

Erməni Apostol Kilsəsinin rəhbəri II Qaregin və daha yeddi yüksəkrütbəli din xadimi mülki məhkəmənin qərarını icra etməmək ittihamı ilə məhkəmə qarşısına çıxarılacaq. Bu barədə “Reuters” agentliyi məlumat yayıb. Agentliyin məlumatına görə, iş Paşinyan hökuməti ilə ölkənin ən nüfuzlu dini institutlarından biri arasında qarşıdurmanın növbəti mərhələsi hesab olunur. 1999-cu ildən Erməni Apostol Kilsəsinə rəhbərlik edən II Qaregin və digər təqsirləndirilən şəxslər əvvəllər vəzifəsindən uzaqlaşdırılmış yepiskopun müvəqqəti olaraq vəzifəsinə bərpası ilə bağlı məhkəmə qərarını pozmaqda ittiham olunurlar. Təqsirli bilinəcəkləri təqdirdə onları iki ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

“Reuters” qeyd edir ki, məhkəmə prosesi Paşinyanın siyasəti, o cümlədən uzun illər davam edən münaqişədən sonra Azərbaycanla sülh danışıqlarına münasibəti səbəbindən kilsə ilə hakimiyyət arasında münasibətlərin gərginləşdiyi bir dövrdə keçirilir. Nəşrin yazdığına görə, iyunda yenidən Baş nazir seçilən Paşinyan Qərblə yaxınlaşma və Rusiyadan asılılığın azaldılması siyasəti çərçivəsində Avropa İttifaqının dəstəyini alıb. Bununla yanaşı, müxalif siyasətçilər, kilsə nümayəndələri və bir sıra ictimai təşkilatlar II Qareginə qarşı aparılan prosesi siyasi motivli hesab edir və bunu hökumət tənqidçilərinə təzyiqin tərkib hissəsi kimi qiymətləndirirlər.

“Hüdudsuz Hüquqların Müdafiəsi” hüquq müdafiə təşkilatının vəkili Anna Melikyan bildirib ki, bu iş kilsənin müstəqilliyi prinsipini pozur. “Bu, icra hakimiyyətinin kilsənin işlərinə açıq müdaxiləsidir”, - deyə o bildirib. Onun sözlərinə görə, Ermənistanda xüsusilə kilsə və din xadimləri ilə bağlı siyasi həssas işlərdə məhkəmə sisteminin müstəqilliyi ilə bağlı narahatlıqlar qalmaqdadır. Paşinyanın ofisi və prokurorluq isə şərh verməyib. Paşinyan dəfələrlə II Qaregini istefaya çağırıb və heç bir sübut təqdim etmədən Erməni Apostol Kilsəsini xarici qüvvələrin, xüsusilə Rusiyanın maraqlarına xidmət etməkdə ittiham edib. Kilsə bu ittihamları rədd edir.

Bundan əvvəl Paşinyana qarşı etiraz aksiyalarına rəhbərlik edən arxiyepiskop Baqrat Qalstanyan da ev dustaqlığına məhkum olunmuş və hazırda məhkəməsini gözləyir. II Qaregin də daha əvvəl baş nazirin istefasına çağırışlar etmişdi. İrəvan Regional Demokratiya və Təhlükəsizlik Mərkəzinin direktoru Tiqran Qriqoryanın fikrincə, hakimiyyət artıq kilsəni siyasi təhlükə kimi qiymətləndirməyə başlayıb. “Paşinyan kilsəni müxalifəti dəstəkləyə və müxtəlif siyasi qüvvələrin hakimiyyətə gəlməsinə kömək edə biləcək siyasi institut kimi görməyə başlayıb”, - deyə o bildirib.

Xatırladaq ki, Paşinyana qarşı çevriliş cəhdi və etiraz aksiyaları təşkil etmək ittihamı ilə II Qareginin qardaşı, qardaşı oğlu, kilsəyə dəstək verən arxiyepiskop Baqrat Qalstanyan və digər din xadimləri həbs və ya ev həbsi cəzası alıblar. II Qareginin özü hazırda dəmir barmaqlıqlar arxasında olmasa da, cinayət məsuliyyətinə cəlb edilib, ölkədən çıxışına məhdudiyyətlər qoyulub.

Göründüyü kimi, Paşinyan və II Qaregin qarşıdurması sadəcə iki liderin mübarizəsi deyil. Bu, "Real Ermənistan" (dünyəvi, sərhədləri müəyyən olunmuş, sülh yönümlü) anlayışı ilə "Tarixi Ermənistan" (ideoloji, kilsə mərkəzli və ənənəvi) konsepsiyalarının toqquşmasıdır. Qarşıdurmanın necə nəticələnəcəyi Ermənistanın daxili siyasi sabitliyinə və gələcək dövlət quruluşuna birbaşa təsir göstərəcək.

Sevinc Azadi, “İki sahil”