Bu gün Səudiyyə Ərəbistanının vəliəhdi və Baş naziri Məhəmməd bin Salmanın dəvəti ilə Məkkəyə səfər etdik.
“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "X" sosial şəbəkəsində paylaşım edib.
"Bu səfər çərçivəsində əziz qardaşlarım, Səudiyyə Ərəbistanının vəliəhdi və Baş naziri Məhəmməd bin Salman və Pakistanın Baş naziri Şahbaz Şəriflə görüşdük. Bu münasibətlə üç ölkə olaraq Birgə Müdafiə Sazişini imzaladıq.
Kollektiv çəkindirmə prinsipinə əsaslanan bu saziş təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığımızın inkişafına, müdafiə sənayesində birgə layihələrin həyata keçirilməsinə və terrorizmlə mübarizəyə töhfə verəcək.
BMT Nizamnaməsinin 51-ci maddəsində nəzərdə tutulan özünümüdafiə hüququnu da təsdiqləyən bu saziş heç bir ölkəyə qarşı yönəlməyib və regionumuzun sülhünü, rifahını və sabitliyini hədəfləyən bütün qardaş ölkələrin iştirakına açıqdır.
Türkiyə regional məsuliyyət baxışına uyğun olaraq münaqişə və böhranların beynəlxalq hüquqa hörmət əsasında, dialoq və diplomatiya yolu ilə həllinə yönəlmiş prinsipial mövqeyini qətiyyətlə davam etdirəcək.
Səfərimizin, apardığımız məsləhətləşmələrin və imzaladığımız sazişin bütün regionumuz üçün xeyirli olmasını Uca Allahdan diləyirəm", - deyə paylaşımda qeyd olunub.
Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Səudiyyə Ərəbistanının vəliəhdi və Baş naziri Məhəmməd bin Salman, eləcə də Pakistanın Baş naziri Şahbaz Şərif bu gün Məkkə Birgə Müdafiə Sazişini imzalayıblar. BMT Nizamnaməsinin 51-ci maddəsində təsbit olunmuş qanuni özünümüdafiə hüququna əsaslanan sazişə görə, onu imzalayan üç dövlətdən hər hansı birinə qarşı həyata keçirilən silahlı hücum bütün tərəflərə qarşı edilmiş hücum kimi qəbul olunacaq.
Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə birgə müdafiə haqqında saziş imzalayıb