25 iyul 2026 23:48
97

Rusiya ordusu Odessa sahillərində gəmiyə hücum edib, iki dənizçi itkin düşüb

Palau bayrağı altında üzən mülki gəmi şənbə günü Ukraynanın Odessa vilayəti limanından çıxarkən Rusiya qoşunları tərəfindən iki dəfə hücuma məruz qalıb.

“İki sahil” xəbər verir ki, bu barədə Ukraynanın bərpası, infrastruktur və nəqliyyat naziri Nikolay Kalaşnik Telegram kanalında məlumat verib.

"Gəmiyə dəyən zərbələr nəticəsində yanğın baş verib. İlkin məlumata görə, ekipajın yeddi üzvünü və ukraynalı pilotu xilas etmək mümkün olub. İki dənizçi hazırda itkin düşmüş hesab olunur. Axtarış-xilasetmə əməliyyatı davam edir", – deyə o yazıb.

Kalaşnik bu hücumu mülki infrastruktura və beynəlxalq gəmiçiliyə qarşı qəsdən endirilmiş zərbə adlandırıb.

"Rusiya beynəlxalq hüquq normalarına tam etinasızlıq nümayiş etdirməyə davam edir, gəmiçiliyin təhlükəsizliyi, dünya ticarəti və ərzaq təhlükəsizliyi üçün təhlükə yaradır", – deyə nazir vurğulayıb.