24 sentyabr 2026 09:55
86

Belçika ABŞ-ı artıq Aİ-nin ən yaxın müttəfiqi hesab etmir

Belçika Xarici İşlər Nazirliyi hesab edir ki, ABŞ hazırkı lider Donald Trampın rəhbərliyi altında artıq ölkə və bütövlükdə Avropa İttifaqı dövlətləri üçün etibarlı müttəfiq deyil.

“İki sahil” xəbər verir ki, bu barədə Financial Times (FT) qəzetinin tanış olduğu sənəddə deyilir.

"İndi aydın olur ki, Amerika tərəfdaşı artıq keçmişdə olduğu kimi müttəfiq deyil", — deyə sənəddə qeyd olunur. FT-nin məlumatına görə, bu strateji sənəd krallığın xarici siyasət idarəsi tərəfindən ötən ilin sonunda hazırlanıb.

Onun müəllifləri Aİ və Belçika ilə ABŞ arasındakı münasibətlərin "hərtərəfli yenidən qiymətləndirilməsinin" tərəfdarı kimi çıxış edərək, Birləşmiş Ştatlarda baş verənlərin Belçika və Avropa İttifaqının bir sıra həyati vacib maraqlarını təhlükə altına qoyacağını əlavə ediblər.

"Hazırkı ABŞ administrasiyası ilə qarşılıqlı əlaqənin" zəruriliyini qeyd edən analitiklər demokratlarla müzakirələri davam etdirməyi, Konqreslə əməkdaşlıq etməyi tövsiyə edirlər.