24 sentyabr 2026 10:46
93

Venesuela neftinin oktyabr ayı üzrə satışları dayandırılıb

"Petróleos de Venezuela S. A." dövlət neft-qaz şirkəti ilə alıcılar arasındakı danışıqları çətinləşdirən freyt (daşınma haqqı) artımından sonra Venesuela neftinin oktyabr ayında tədarük olunmaqla satışları dayandırılıb.

“İki sahil” xəbər verir ki, bu barədə Bloomberg agentliyi məlumat yayıb.

Tədarük qiymətinin əsas tərkib hissəsi olan daşınma xərcləri avqustun sonundan etibarən iki dəfədən çox artıb. Agentliyin mənbələrinin sözlərinə görə, bu, Venesuela neftini Amerika neft emalı zavodları üçün Kanada nefti ilə müqayisədə daha az rəqabətədavamlı edir və sövdələşmələrin bağlanmasını çətinləşdirir. Kanada və Venesuela ABŞ-ın xaricdən ən böyük neft tədarükçüləridir.

Hətta ABŞ tərəfindən cəlb edilmiş "Vitol Group" və "Trafigura Group" kimi treyderlərin təklif etdiyi Venesuela neftinə olan endirimlər nəzərə alınsa belə, Venesuela karbohidrogenlərinin Texas və Luizianadakı NEZ-lərə çatdırılması rəqabətli Kanada tədarüklərindən daha baha başa gəlir.

Nəşrdə qeyd olunur ki, Amerika NEZ-ləri üçün xammal tədarükündə yaranan fasilələr noyabrın 3-də keçiriləcək ABŞ Konqresinə aralıq seçkilər ərəfəsində dizel yanacağının rekord qiymətləri fonunda baş verir. Bundan əlavə, ABŞ-da Venesuelada hasil edilən ağır yüksək kükürdlü neftə olan tələbat bir sıra müəssisələrin, o cümlədən İllinoys ştatındakı "ExxonMobil" şirkətinə məxsus "Joliet" NEZ-in və Texasdakı "Valero Energy" şirkətinə məxsus "Port Arthur" NEZ-in gözlənilmədən fəaliyyətini dayandırması səbəbindən azalıb.