23 iyul 2026 23:37
105

Qarşıdakı günlərdə onun vəziyyəti daha dəqiq məlum olacaq - Qurban Qurbanov

Gərgin oyun alındı. Yaxşı komandaya qarşı mübarizə apardıq.

“İki sahil” xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının II təsnifat mərhələsində Bakıda Bolqarıstanın MOİK (Sofiya) komandası ilə qolsuz heç-heçə etdikləri ilk oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.

Mütəxəssis hava şəraitinin qarşılaşmaya müəyyən qədər təsir göstərdiyini bildirib: “Şərtlər hər iki komanda üçün eyni idi. Amma futbolçular daha çox enerji sərf etdilər. İsti havada oynamaq çətindir. Həm futbolçular, həm də azarkeşlər üçün sərin hava daha əlverişli olardı”.

Qurban Qurbanov uzun müddətdir start heyətində yer almayan Elvin Cəfərquliyevin durumu ilə bağlı da fikirlərini bölüşüb: “Komandada müəyyən disbalans var. Qarşıdakı günlərdə onun vəziyyəti daha dəqiq məlum olacaq. Bizimlə qalsa, start heyətində də yer ala bilər. Bu, bütün futbolçulara aiddir”.

Baş məşqçi bildirib ki, komanda hər mövsüm öz üzərində daha çox işləməyə çalışır: “Rəqiblər hər il fərqli olur, bizim heyət də dəyişir. Biz həmişə düşündüyümüz “Qarabağ”dan daha yaxşı olmağa çalışırıq. Sağ olsunlar ki, bütün rəqiblər bizə ciddi və hörmətlə yanaşırlar. Bunu hiss etdiyimiz üçün daha da inkişaf etməyə çalışırıq”.

O, rəqib komandanın çıxışını da yüksək qiymətləndirib: “Rəqib yaxşı oynadı. Niyə də heç-heçəyə görə sevinməsinlər? Məncə, onlar nəticədən çox, göstərdikləri oyuna görə sevinirdilər. Səfərdə qazanılan belə nəticə pis sayılmır. Cavab oyununda daha səliqəli oynamalıyıq. Rəqibin yaxşı baş məşqçisi var. Həm yaxşı futbolçu olub, həm də indi uğurlu mütəxəssisdir. Daim fərqli taktikalardan istifadə edir və komandası ilə səmərəli işləyir. Düşünürəm ki, Sofiyada maraqlı oyun olacaq. Çalışacağıq ki, azarkeşlər də oyundan zövq alsınlar”.

Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması iyulun 30-da Sofiyada keçiriləcək. Bu cütün qalibi "Şerif" (Moldova) – "Makkabi" (Təl-Əviv, İsrail) cütünün qalibi ilə qarşılaşacaq.