Gənclər Fondu rəqəmsal bacarıqların inkişafı, innovativ düşüncənin formalaşdırılması və əmək bazarında rəqabətqabiliyyətli insan kapitalının hazırlanmasını strateji hədəf kimi müəyyənləşdirib
Süni intellekt və rəqəmsal transformasiyanın əmək bazarında yaratdığı yeni reallıqlar gənclərin müasir tələblərə uyğun hazırlanmasını zəruri edir. Azərbaycan Gənclər Fondunun strateji fəaliyyətində də məhz rəqəmsal bacarıqların inkişafı, innovativ düşüncənin təşviqi və gələcəyin peşələrinə hazırlıq əsas prioritet istiqamətlər kimi müəyyənləşdirilib.
Azərbaycan Gənclər Fondunun fəaliyyətində son illər əmək bazarında baş verən texnoloji transformasiyanın yaratdığı çağırışlar xüsusi yer tutur. Gənclərin İnkişaf və Karyera Mərkəzinin Baş direktoru Azər Əliyev “İki sahil”ə müsahibəsində bildirib ki, bu il Azərbaycan Respublikasının Gənclər Fondunun yaradılmasının 15 illiyi qeyd olunur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə yaradılan Fond ötən dövr ərzində dövlət gənclər siyasətinin həyata keçirilməsində fəal iştirak edib, gənclərin inkişafına xidmət edən yüzlərlə layihə və proqramın icrasına dəstək göstərib.
Onun sözlərinə görə, Fond elm, təhsil, texnologiya, mədəniyyət və digər sosial sahələr üzrə gənclərin və gənclər təşkilatlarının təşəbbüslərini, eləcə də yerli və beynəlxalq layihələri qrant mexanizmi vasitəsilə dəstəkləyən dövlət təsisatıdır.
Azər Əliyev qeyd edib ki, əmək bazarında baş verən texnoloji transformasiya Fondun fəaliyyət istiqamətlərində də öz əksini tapıb. Hazırda texniki biliklərlə yanaşı, rəqəmsal savadlılıq, süni intellekt alətlərindən səmərəli istifadə, analitik düşüncə, problem həll etmə və effektiv kommunikasiya bacarıqları əmək bazarında əsas üstünlüklərdən hesab olunur. Baş direktor vurğulayıb ki, Fondun strateji yanaşması gənclərin hərtərəfli inkişafına dəstək göstərməklə yanaşı, yeni bacarıqların inkişaf etdirilməsinə, innovativ düşüncənin formalaşdırılmasına və onların əmək bazarında rəqabətqabiliyyətliliyinin artırılmasına yönəlib. Bu məqsədlə dövlət qurumları, ali təhsil müəssisələri, özəl sektor və innovasiya ekosisteminin iştirakçıları ilə əməkdaşlıq genişləndirilir, gənclər üçün müasir öyrənmə və inkişaf imkanları yaradılır.
Azər Əliyevin sözlərinə görə, yaxın perspektivdə əsas prioritetlərdən biri gənclər arasında süni intellekt savadlılığının artırılması, rəqəmsal bacarıqların inkişaf etdirilməsi və onların bu imkanlardan səmərəli istifadə etməsinə dəstəyin gücləndirilməsidir.
Yaqut Ağaşahqızı,”İki sahil"