20 iyul 2026 14:09
244

Azər Əliyev: Gələcəyin əmək bazarında uğurun əsas şərti davamlı öyrənmək və texnologiyalara uyğunlaşmaqdır

Süni intellekt bilikləri, analitik düşüncə, xarici dil və innovativ yanaşma gənclərə rəqabət üstünlüyü qazandıracaq

Süni intellekt və rəqəmsal texnologiyaların sürətlə inkişaf etdiyi dövrdə əmək bazarının tələbləri də dəyişir. Bu şəraitdə gənclərin müasir bilik və bacarıqlara yiyələnməsi, texnoloji yeniliklərə çevik uyğunlaşması və davamlı öyrənməsi uğurlu karyeranın əsas şərtləri kimi ön plana çıxır.

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Baş direktoru Azər Əliyev “İki sahil"ə müsahibəsində bildirib ki, müasir dövrdə uğurlu karyeranın əsas şərtlərindən biri davamlı öyrənmək və texnoloji dəyişikliklərə çevik uyğunlaşmaq bacarığıdır.

O qeyd edib ki, gənclərə ilk növbədə süni intellekt və rəqəmsal texnologiyalar sahəsində biliklərini inkişaf etdirməyi, analitik düşünmə, problem həll etmə, effektiv kommunikasiya və komanda ilə işləmək bacarıqlarını gücləndirməyi tövsiyə edərdik.

Azər Əliyevin sözlərinə görə, bununla yanaşı, xarici dil biliklərinin olması, təcrübə proqramlarında iştirak, təşəbbüskarlıq və innovativ düşüncə gələcəyin əmək bazarında rəqabət üstünlüyü qazandıran mühüm amillərdəndir.

Baş direktor vurğulayıb ki, Azərbaycan Respublikasının Gənclər Fondu və Gənclərin İnkişaf və Karyera Mərkəzi bundan sonra da gənclərin şəxsi inkişafını, müasir bilik və bacarıqlara yiyələnməsini və əmək bazarının dəyişən tələblərinə uyğunlaşmasını dəstəkləyən təşəbbüsləri davam etdirəcək.