20 iyul 2026 13:14
273

Süni intellekt dövründə gənclərin gələcəyi: Yeni peşələr, rəqəmsal bacarıqlar və insan kapitalına strateji baxış

Süni intellekt dövründə uğurun əsas kapitalı insanın özüdür

Süni intellektin sürətlə inkişafı və rəqəmsal transformasiya dünyanın iqtisadi mənzərəsini, əmək bazarını və peşə anlayışını köklü şəkildə dəyişdirir. Bu gün artıq uğurun əsas meyarı yalnız ixtisas sahibi olmaq deyil, həm də texnoloji yeniliklərə uyğunlaşmaq, rəqəmsal bacarıqlara yiyələnmək, yaradıcı və analitik düşüncə tərzini inkişaf etdirməkdir. Məhz buna görə də gənclərin gələcəyin peşələrinə hazırlanması, innovasiya mühitinə inteqrasiyası və qlobal əmək bazarında rəqabətqabiliyyətli insan kapitalı kimi formalaşdırılması dövlət siyasətinin strateji prioritetlərindən biri hesab olunur.

Azərbaycanda da bu istiqamətdə ardıcıl və məqsədyönlü addımlar atılır, gənclərin şəxsi və peşəkar inkişafına xidmət edən layihələrin əhatə dairəsi ilbəil genişlənir. Rəqəmsal savadlılığın artırılması, innovativ düşüncənin təşviqi, müasir əmək bazarının tələblərinə uyğun bacarıqların formalaşdırılması və karyera imkanlarının genişləndirilməsi bu siyasətin əsas istiqamətlərini təşkil edir.

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Baş direktoru Azər Əliyev “İki sahil”ə müsahibəsində süni intellekt dövründə gənclərin qarşısında açılan yeni imkanlardan, gələcəyin peşələrinə hazırlıq istiqamətində həyata keçirilən layihələrdən, region gənclərinin innovasiya ekosisteminə inteqrasiyasından və ölkədə rəqabətqabiliyyətli insan kapitalının formalaşdırılmasına xidmət edən strateji hədəflərdən bəhs edir.

-Süni intellekt və rəqəmsal transformasiya nəticəsində əmək bazarında baş verən fundamental dəyişikliklər fonunda Azərbaycan Gənclər Fondu gənclərin gələcəyin peşələrinə hazırlanmasını hansı strateji istiqamətlər üzrə qurur? Bu sahədə yaxın perspektiv üçün əsas prioritetlər nələrdir?

-Bu il Azərbaycan Respublikasının Gənclər Fondunun yaradılmasının 15 illiyi qeyd olunur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə yaradılan Fond ötən 15 il ərzində dövlət gənclər siyasətinin həyata keçirilməsində fəal iştirak edərək gənclərin inkişafına xidmət edən yüzlərlə layihə və proqramın həyata keçirilməsinə dəstək göstərib, onların bilik və bacarıqlarının artırılmasına, təşəbbüskarlığının təşviqinə və potensialının reallaşdırılmasına mühüm töhfə verib.

Fond fəaliyyəti çərçivəsində elm, təhsil, texnologiya, mədəniyyət və digər sosial sahələr üzrə gənclərin və gənclər təşkilatlarının təşəbbüslərini, eləcə də beynəlxalq və yerli səviyyədə həyata keçirilən layihə və proqramları qrant mexanizmi vasitəsilə dəstəkləyən dövlət təsisatıdır.

Son illərdə əmək bazarında baş verən texnoloji transformasiya Fondun fəaliyyət istiqamətlərində də öz əksini tapıb. Bu gün əmək bazarında texniki biliklərlə yanaşı rəqəmsal savadlılıq, süni intellekt alətlərindən səmərəli istifadə, analitik düşüncə, problem həll etmə və effektiv kommunikasiya bacarıqları əsas üstünlüklər hesab oluna bilər.

Texnologiyalara uyğunlaşan, öyrənən və yenilənən
gənclər gələcəyin əmək bazarında üstün mövqe qazanacaqlar

Fondun strateji yanaşması gənclərin hərtərəfli inkişafına dəstək olmaq, eyni zamanda yeni bacarıqların inkişafına, innovativ düşüncənin formalaşdırılmasına və gənclərin əmək bazarında rəqabətqabiliyyətliliyinin artırılmasına yönəlib. Bu məqsədlə dövlət qurumları, ali təhsil müəssisələri, özəl sektor və innovasiya ekosisteminin iştirakçıları ilə əməkdaşlıqlar genişləndirilir, gənclər üçün müasir öyrənmə və inkişaf imkanları yaradılır.

Yaxın perspektivdə əsas prioritetlər biri gənclər arasında süni intellekt savadlılığının artırılması, rəqəmsal bacarıqların inkişaf etdirilməsi və onların bu imkanlardan faydalanmasına dəstək göstərilməsidir.

-Dünyada innovasiya və texnologiya əsaslı iqtisadiyyatın sürətlə inkişaf etdiyi bir dövrdə Fond gənclərin süni intellekt, rəqəmsal texnologiyalar və innovasiya sahələrində bilik və bacarıqlarının inkişafını dəstəkləmək üçün hansı yeni proqram və təşəbbüsləri həyata keçirməyi planlaşdırır?

-Azərbaycan Respublikasının Gənclər Fondu gənclərin innovasiya və rəqəmsal transformasiya dövrünün tələblərinə uyğun bilik və bacarıqlar qazanmasına xüsusi diqqət yetirir. Bu məqsədlə hər il həm fərdi gənclər, həm də gənclər təşkilatları üçün müxtəlif istiqamətlər üzrə qrant müsabiqələri elan olunur. Müsabiqələr çərçivəsində innovasiya, rəqəmsallaşma, sahibkarlıq, startap ekosisteminin inkişafı və yeni texnologiyaların tətbiqinə yönəlmiş təşəbbüslərin dəstəklənməsinə xüsusi önəm verilir.

Qrant müsabiqələri ilə yanaşı, Fond tərəfdaş qurumlarla əməkdaşlıq çərçivəsində də gənclərin innovasiya və rəqəmsal bacarıqlarının inkişafına yönəlmiş proqramlar həyata keçirir. Bu istiqamətdə Azərbaycan Respublikasının Gənclər Fondu və "Bakcell" şirkətinin birgə həyata keçirdiyi "İnnovasiya və Süni İntellekt" Təqaüd Proqramı xüsusi əhəmiyyət daşıyır.

Proqram gənclərin innovasiya, süni intellekt və rəqəmsal bacarıqlarının inkişafını dəstəkləmək məqsədilə həyata keçirilir. Təqaüd proqramı çərçivəsində iştirakçılar süni intellekt, data analitikası, proqramlaşdırma və UI/UX dizaynı kimi istiqamətlər üzrə bilik və bacarıqlarını inkişaf etdirmək imkanı əldə edirlər. Proqrama 2 minə yaxın müraciətin daxil olması gənclərin süni intellekt və innovasiya sahəsinə artan marağının göstəricisidir.

Gələcək dövrdə də süni intellekt, innovasiya və rəqəmsal texnologiyalar istiqamətində həyata keçirilən təşəbbüslərin davam etdirilməsi, mövcud əməkdaşlıqların daha da genişləndirilməsi və gənclərin bu sahələr üzrə bilik və bacarıqlarının inkişafına xidmət edən proqramların əhatə dairəsinin artırılması nəzərdə tutulur.

 -Regionlarda yaşayan gənclərin rəqəmsal imkanlara çıxışının genişləndirilməsi və onların innovasiya ekosisteminə daha fəal inteqrasiyası Fondun fəaliyyətində hansı yer tutur? Bu istiqamətdə hansı yeni layihələrin reallaşdırılması nəzərdə tutulur?

-Region gənclərinin dövlətin gənclər üçün yaratdığı inkişaf imkanlarından faydalanması və bu imkanlar barədə məlumatlılığının artırılması Azərbaycan Respublikasının Gənclər Fondunun fəaliyyətində mühüm istiqamətlərdən biridir. Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə Fondun nəzdində yaradılan Gənclərin İnkişaf və Karyera Mərkəzi (GİKM) fəaliyyətində dövlətçilik və vətənpərvərlik dəyərlərinin təbliğinə, Ümummilli Lider Heydər Əliyevin zəngin irsinin gənclər arasında təşviqinə, gənclərin şəxsi inkişafının və karyera imkanlarının dəstəklənməsinə, eyni zamanda onların müasir dövrün tələblərinə uyğun bilik və bacarıqlar əldə etməsinə xüsusi diqqət yetirir.

Bu istiqamətdə Mərkəzin fəaliyyəti region gənclərinin hərtərəfli inkişafının dəstəklənməsinə, rəqəmsal savadlılığının artırılmasına, innovativ düşüncəsinin təşviqinə, süni intellekt texnologiyalarından səmərəli istifadə bacarıqlarının inkişaf etdirilməsinə və gələcəyin peşələri barədə məlumatlandırılmasına yönəlib. Bu məqsədlə ölkənin müxtəlif şəhər və rayonlarında gənclər üçün layihələr, forumlar, təlimlər, maarifləndirici görüşlər, məlumat sessiyaları və digər inkişaf proqramları həyata keçirilir.

Keçirilən tədbirlər çərçivəsində gənclər süni intellekt sahəsində qlobal trendlər, Sİ alətlərinin müxtəlif sahələrdə tətbiqi və müasir əmək bazarında yaranan yeni imkanlar barədə məlumat əldə edir, ekspertlərlə fikir mübadiləsi aparmaq imkanı qazanırlar. Tədbirlər eyni zamanda region gənclərinin innovasiya ekosisteminə daha fəal inteqrasiyasına, yeni bilik və bacarıqlar əldə etməsinə, eləcə də dövlətin gənclər üçün yaratdığı imkanlardan daha səmərəli faydalanmasına töhfə verir.

-Müasir əmək bazarında işəgötürənlər artıq yalnız akademik bilikləri deyil, praktik təcrübəni, rəqəmsal savadlılığı və çevik bacarıqları da əsas meyar kimi qiymətləndirirlər. Mərkəz bu tələblərə cavab verən rəqabətqabiliyyətli gənclərin hazırlanması istiqamətində hansı sistemli proqramları həyata keçirir?

-Müasir əmək bazarının tələbləri nəzərə alınmaqla Gənclərin İnkişaf və Karyera Mərkəzi gənclərin şəxsi inkişafını, karyera planlamasını və peşəkar bacarıqlarının artırılmasını dəstəkləyən müxtəlif proqram və layihələr həyata keçirir. Mərkəzin fəaliyyətində əsas məqsədərdən biri gənclərin əmək bazarının dəyişən tələblərinə uyğun bilik və bacarıqlar əldə etməsinə, onların məşğulluq imkanlarının genişləndirilməsinə və rəqabətqabiliyyətliliyinin artırılmasına dəstək verməkdir.

Bu xüsusda Mərkəz tərəfindən il ərzində Bakı və regionlarda gənclərin iştirakı ilə karyera forumları, təcrübə və inkişaf proqramları, təlimlər, seminarlar, mentorluq görüşləri, məlumat sessiyaları və digər maarifləndirici tədbirlər təşkil olunur. Bu təşəbbüslər gənclərin əmək bazarının tələbləri, karyera planlaması, şəxsi inkişaf, rəqəmsal bacarıqlar və yeni peşə istiqamətləri barədə biliklərinin artırılmasına xidmət edir.

Son dövrdə Mərkəzin fəaliyyətində rəqəmsal savadlılığın və süni intellekt sahəsində biliklərin artırılması da xüsusi yer tutur. Bu istiqamətdə keçirilən "Süni İntellekt Forumları", "Rəqəmsal gənclik" proqramı vasitəsilə gənclər süni intellekt texnologiyalarının əmək bazarına təsiri, yeni peşə istiqamətləri və Sİ alətlərindən səmərəli istifadə imkanları barədə məlumat əldə edirlər.

Bununla yanaşı, Mərkəz tərəfindən hazırlanmış "Karyera quruculuğunda süni intellekt bələdçisi" gənclərin süni intellekt alətlərindən şəxsi inkişaf və karyera planlaması istiqamətində səmərəli istifadə etmələrinə dəstək məqsədilə hazırlanıb.

-Qarşıdakı onillikdə əmək bazarının əsas hissəsinin süni intellekt və rəqəmsal texnologiyalar üzərində formalaşacağı proqnozlaşdırılır. Belə bir dövrdə karyerasını uğurla qurmaq istəyən Azərbaycan gənclərinə hansı fundamental bacarıqları və kompetensiyaları inkişaf etdirməyi tövsiyə edərdiniz?

-Müasir dövrdə uğurlu karyeranın əsas şərtlərindən biri davamlı öyrənmək və texnoloji dəyişikliklərə çevik uyğunlaşmaq bacarığıdır. Gənclərə ilk növbədə süni intellekt və rəqəmsal texnologiyalar sahəsində biliklərini inkişaf etdirməyi, analitik düşünmə, problem həll etmə, effektiv kommunikasiya və komanda ilə işləmək bacarıqlarını gücləndirməyi tövsiyə edərdik. Bununla yanaşı, xarici dil biliklərinin olması, təcrübə proqramlarında iştirak, təşəbbüskarlıq və innovativ düşüncə gələcəyin əmək bazarında rəqabət üstünlüyü qazandıran mühüm amillərdəndir.

Azərbaycan Respublikasının Gənclər Fondu və Gənclərin İnkişaf və Karyera Mərkəzi bundan sonra da gənclərin şəxsi inkişafını, müasir bilik və bacarıqlara yiyələnməsini və əmək bazarının dəyişən tələblərinə uyğunlaşmasını dəstəkləyən təşəbbüsləri davam etdirəcək.

 Süni intellekt və rəqəmsal transformasiya dövründə gənclərin uğuru yalnız əldə etdikləri diplomlarla deyil, həm də onların biliklərini daim yeniləmək, innovativ düşünmək, texnologiyalara yiyələnmək və dəyişən əmək bazarının tələblərinə çevik uyğunlaşmaq bacarığı ilə müəyyən olunacaq. Bu baxımdan gənclərin hərtərəfli inkişafına yönəlmiş təşəbbüslər, onların peşəkar potensialının üzə çıxarılması və gələcəyin çağırışlarına hazırlanması xüsusi əhəmiyyət daşıyır.

Müasir dövrün tələblərinə cavab verən insan kapitalının formalaşdırılması isə Azərbaycanın dayanıqlı inkişafının və beynəlxalq rəqabət qabiliyyətinin güclənməsinin əsas şərtlərindən biridir. Bu istiqamətdə həyata keçirilən sistemli fəaliyyət gənclərin öz potensialını reallaşdırmasına, cəmiyyətin və ölkənin gələcək inkişafında daha fəal rol oynamasına mühüm töhfə verir.

Yaqut Ağaşahqızı, “İki sahil”