15 iyul 2026 10:50
95

Azərbaycan-Türkiyə münasibətləri dünyada nadir rast gəlinən qardaşlıq modelidir - ŞƏRH

Türkiyə Azərbaycanın haqq işini həmişə dəstəkləyib. Şübhəsiz, bu siyasi, mənəvi dəstək həm ölkəmizi ruhlandırıb, eyni zamanda, müdaxilə etmək fikrində olan bütün qüvvələri, dairələri dayandırıb. Şübhəsiz, belə siyasi və mənəvi dəstək olmasaydı, Azərbaycanın haqq savaşı başqa bir məcraya yönəldilə bilərdi. Bu məqamda Prezident İlham Əliyevin bu fikrini də xatırlatmaq yerinə düşərdi: “Mən bunu bir neçə dəfə demişəm, bir daha demək istəyirəm ki, əgər bu açıq mövqe göstərilməsəydi, bu gün başqa qüvvələr bu işlərə qarışa bilərdi.”

44 günlük Vətən müharibəsi və 24 saatlıq antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin edilməsini böyük qürur və şərəf mənbəyi kimi dəyərləndirən Türkiyə bu gün də işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı abadlıq-quruculuq işlərində yaxından iştirak edir.  Yeri gəlmişkən qeyd edək ki, iki ölkəni bir-birindən uzaqlaşdırmağa çalışan müxtəlif qüvvələrin cəhdləri dəfələrlə uğursuzluqla nəticələnib.

Elə iyulun 13-də Şuşada “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində Prezident İlham Əliyev bir daha bu qardaş ölkədən ətraflı söz açıb.  Bildirib ki, Şuşada, beş il əvvəl Türkiyə Prezidenti ilə birgə Şuşa Bəyannaməsini imzaladıq və beləliklə, münasibətlərimiz müttəfiqlik səviyyəsinə qalxıb: “Bir sözlə, biz təkcə qardaş və dost deyilik, biz müttəfiqik”. Bu isə o deməkdir ki, əgər bu ölkələrdən kiməsə xoşagəlməz və ya pis hadisə üz verərsə, digəri bütün potensialı, o cümlədən hərbi gücü ilə qardaşımızın müdafiəsinə qalxacaq. Bir sözlə, 2021-ci il iyunun 15-də Azərbaycanın mədəniyyət paytaxtı, Qarabağın tacı olan Şuşa şəhərində imzalanan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanması bu müttəfiqliyin hüquqi əsaslarını daha da möhkəmləndirib. Bu sənədlə də Azərbaycan və Türkiyə münasibətlərinin bütün istiqamətlərini vahid strateji çərçivəyə salınıb.
Dövlətimizin başçısı, həmçinin vurğulayıb ki, dünyada qardaş xalqlar var ki, onların arasında gərginlik müşahidə edilir, müharibə gedir, eyni regionda olan insanlar bir-birini məhv edirlər.  Odur ki, Prezident bildirib ki, əgər siz əməkdaşlıq, siyasi, iqtisadi, enerji, bağlantılar, insanlar arasında təmaslar səviyyəsinə baxsanız, bəlkə də dünyada bir-birinə yaxın olan, bir-birinə bu qədər dəstək verən və dost olan Türkiyə və Azərbaycandan başqa digər iki dövlət tapmazsınız: “Bu, xalqlarımız, ölkələrimiz üçün böyük zənginlikdir. Biz bir yerdə olanda daha güclüyük”. 

Prezidentin fikrincə, Türkiyə və Azərbaycan nümunəsi qonşular tərəfindən baxılmalı və tətbiq edilməli nümunədir: ”Qonşular dəqiqliklə Türkiyə və Azərbaycan kimi davranmalıdırlar”. Prezidentin bu mesajından belə qənaətə gəlmək olar ki, bu gün Azərbaycan-Türkiyə münasibətləri beynəlxalq aləmdə dəst-xətti ilə seçilir. Başqa sözlə desək, belə münasibətlər dünyada nadir rast gəlinən bir qardaşlıq modelidir. Bu mənada Türkiyə və Azərbaycan münasibətləri qardaş xalqlar arasında əlaqələrin necə inkişaf edə biləcəyinin etalonu ola bilər. Bu məqamda həmin tədbirdə iştirak edən Anadolu Agentliyinin vitse-prezidenti və baş redaktoru Yusuf Özhanın bu sözlərini xatırlatmaq da yerinə düşərdi: “Türkiyə və Azərbaycan dövlətləri bir almanın iki hissəsidir”. 

Xatırladaq ki,  Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında Ümummilli Lider Heydər Əliyevin siyasi uzaqgörənliyi mühüm rol oynayıb. “Bir millət, iki dövlət” ifadəsi də Ulu Öndərə məxsusdur. Bu gün həmin strateji xətt Prezident İlham Əliyev uğurla davam etdirir.  Yeri gəlmişkən, bu günədək iki qardaş ölkə arasında 250-dən çox  sənəd imzalanıb. Bu sənədlər təhsildən tutmuş enerji layihələrinə qədər müxtəlif sahələri əhatə edir. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu, TAP, TANAP layihələri isə təkcə bizim ölkələr üçün deyil, bütün bölgə, həmçinin dünya üçün mühüm layihələrdir.

Qvami Məhəbbətoğlu, “İki sahil”