13 iyul 2026 11:28
98

Kimlər dövlət icra məmuru ola bilməz? – Qanunla müəyyən edilən məhdudiyyətlər

Müəyyən kateqoriyadan olan şəxslərin bu vəzifəyə qəbulu istisna edilir

Dövlət icra məmuru vəzifəsinə qəbul üçün müəyyən edilmiş tələblərlə yanaşı, qanunvericilik bu vəzifəyə qəbuluna yol verilməyən şəxslərin dairəsini də müəyyənləşdirir.

Ədliyyə Nazirliyinin Mətbuat Xidməti “İki sahil"in sorğusuna cavab olaraq bununla bağlı mövcud qaydaları açıqlayıb.

Ədliyyə Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, qanunvericiliyə əsasən bəzi kateqoriyadan olan şəxslərin ədliyyə orqanlarında qulluğa, o cümlədən dövlət icra məmuru vəzifəsinə qəbulu istisna olunur.

Məlumata əsasən, ikili vətəndaşlığı olan və ya digər dövlətlər qarşısında öhdəlik daşıyan şəxslər, din xadimləri, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslər dövlət icra məmuru vəzifəsinə qəbul edilə bilməzlər.

Bundan başqa, cinayət törətdiyinə görə əvvəllər məhkum olunmuş, eləcə də barəsində cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilmiş şəxslərin də bu vəzifəyə qəbuluna yol verilmir.

Həmçinin tibbi rəyə əsasən fiziki və ya əqli pozuntularına görə ədliyyə orqanlarında xidmət keçməyə yararsız hesab edilən şəxslər, habelə məhkəmə, prokurorluq, ədliyyə, digər hüquq-mühafizə və ya başqa dövlət orqanlarında yol verdikləri kobud nöqsanlara və ya qulluqla bir araya sığmayan hərəkətlərə görə həmin orqanlardan xaric edilmiş şəxslər dövlət icra məmuru vəzifəsinə qəbul edilə bilməzlər.

Yaqut Ağaşahqızı, “İki sahil”