11 iyul 2026 13:05
81

Gürcüstanda qohumunu öldürməkdə təqsirli bilinən azərbaycanlı saxlanılıb

Tbilisidə Azərbaycan vətəndaşının qəsdən öldürülməsində şübhəli bilinən şəxs Gürcüstanın Batumi Beynəlxalq Hava Limanında saxlanlıb.

“İki sahil” xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, əməliyyat Tbilisi Polis Departamenti və Mərkəzi Kriminal Polis Departamentinin əməkdaşları tərəfindən Türkiyə və Azərbaycanın hüquq-mühafizə orqanları ilə sıx koordinasiya şəraitində, həmçinin Gürcüstanın Türkiyədəki polis attaşesinin birbaşa iştirakı ilə həyata keçirilib.

İstintaqın məlumatına əsasən, bu il iyunun 27-də təqsirləndirilən şəxs Tbilisidə müvəqqəti yaşadığı mənzildə qohumuna həyati təhlükəli xəsarətlər yetirib. Zərərçəkən aldığı xəsarətlər nəticəsində hadisə yerində həyatını itirib. Polis cinayəti törədən şəxsi qısa müddətdə müəyyən edərək onun axtarışını elan edib.

Faktla bağlı araşdırma Gürcüstan Cinayət Məcəlləsinin qəsdən adam öldürməni ağırlaşdırıcı hallarda nəzərdə tutan 109-cu maddəsi ilə aparılır. Həmin maddə 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Qeyd edək ki, Gürcüstan Prokurorluğu daha əvvəl bu iş üzrə Azərbaycan vətəndaşı Emin Əliyevə qiyabi ittiham irəli sürmüşdü. O, Azərbaycan vətəndaşı Fatimə Kərimovanın gender əlamətinə görə qəsdən öldürülməsində təqsirləndirilirdi. Bu şəxs barəsində axtarış elan edilmişdi.