11 iyul 2026 09:25
85

"Netflix" ənənəvi televiziya bazarına çıxmaq niyyətindədir

"Netflix" fasiləsiz canlı yayımlar vasitəsilə xətti telekanallar və janr kanalları yaratmaq imkanını nəzərdən keçirir.

“İki sahil” xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) məlumat yayıb.

Məlumata görə, şirkətin rəhbər heyəti bu planları son illik strateji toplantısında müzakirə edib. Platforma hazırda istifadəçi marağının zəifləməsi problemi ilə üz-üzədir. Baxmayaraq ki, "Netflix" abunə əsaslı striminq bazarında liderliyini qoruyur, şirkətin səhmləri son bir il ərzində 40 faizdən çox dəyər itirib. Bununla yanaşı, izlənmə göstəriciləri son illərin ən aşağı səviyyəsinə düşüb.

Bildirilir ki, "Netflix" həmçinin "Peacock" kimi digər platformaları öz sisteminə inteqrasiya etməyi və həmin xidmətlərin abunəliklərini birbaşa öz platforması üzərindən satmağı da araşdırır.

Nəşrin sorğuladığı ekspertlər qeyd edirlər ki, "Netflix"in həmtəsisçisi Rid Hastinqs əvvəllər yalnız bir məhsulun inkişaf etdirilməsinə üstünlük verirdi. Ancaq "Disney", "HBO Max" və "YouTube" platformalarının yaratdığı rəqabət mühiti, eləcə də reklamla dəstəklənən "Tubi" və "Roku Channel" kimi video xidmətlərin sürətlə populyarlaşması şirkəti öz strategiyasına yenidən baxmağa sövq edir.