11 iyul 2026 00:56
79

Marko Curiç: "Qərbi Balkan"ın əvəzinə "Cənub-Şərqi Avropa" ifadəsinə üstünlük veririk

Serbiya "Qərbi Balkan" ifadəsi əvəzinə "Cənub-Şərqi Avropa" termininin işlədilməsinə üstünlük verir.

“İki sahil” xəbər verir ki, bunu Serbiyanın xarici işlər naziri Marko Curiç Romada keçirilən "Qərbi Balkanın Dostları" qeyri-rəsmi qrupunun xarici işlər nazirlərinin toplantısında bildirib.

O qeyd edib ki, mövcud termin müxtəlif suallar doğurur.

Daha sonra jurnalistlərə açıqlamasında sammitin əhəmiyyətinə diqqət çəkən nazir bildirib ki, mövcud görüş Serbiyanın Avropadakı mövqeyini daha da gücləndirməsi, Avropa İttifaqına (Aİ) üzvlük yolunda Klaster 3-ün açılmasına dəstək qazanması və ölkə vətəndaşlarının rifahı naminə islahatlar həyata keçirən dövlət kimi təqdim olunması üçün mühüm fürsətdir.

Serbiya diplomatiyasının rəhbəri vurğulayıb ki, əsas məsələ islahatların davamlı irəliləməsidir:

"Düşünürəm ki, Avropa inteqrasiyası məsələsində müsbət atmosfer və yeni dinamika formalaşdırırıq. Burada çatdırmalı olduğumuz mesaj ondan ibarət idi ki, üç əsas istiqamət - regional münasibətlər və sabitliyin qorunması, ortaq xarici və təhlükəsizlik siyasəti, eləcə də islahatların həyata keçirilməsi sahəsində Serbiya regionun əsas dayaqlarından biridir. Bundan əlavə, daha geniş geosiyasi kontekstdə Avropanın niyə məhz indi genişlənməsinin vacibliyini, Balkan ölkələrinin Avropanın dayanıqlılığına, təhlükəsizliyinə və sabitliyinə verdiyi töhfələri, eləcə də malik olduqları potensialı müzakirə etdik".

M. Curiç son olaraq bildirib ki, sammitin mühüm nəticələrindən birini Macarıstanın "Qərbi Balkanın Dostları" qrupuna qoşulması barədə qərarın qəbul edilməsi olub.