25 sentyabr 2026 22:34
146

“Beynəlxalq maliyyə əməkdaşlığı: inkişaf üçün tərəfdaşlıqların qurulması” mövzusunda sessiya təşkil olunub

İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində beynəlxalq maliyyə əməkdaşlığı, investisiyaların səfərbər edilməsi və Azərbaycanın regional iqtisadi inkişafda rolu müzakirə olunub.

“İki sahil” xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin himayəsi altında keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Beynəlxalq maliyyə sahəsində əməkdaşlıq: inkişaf naminə tərəfdaşlıqların qurulması” mövzusunda sessiya təşkil olunub.

Sessiyanın “Qlobal maliyyə perspektivləri və regional təsirlər” adlı birinci hissəsində maliyyə naziri Sahil Babayev və Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımovun iştirakı ilə qlobal maliyyə mühiti və onun regional iqtisadi proseslərə təsiri ilə bağlı fikir mübadiləsi aparılıb. Beynəlxalq kapitalın infrastruktur, sənaye və regional bağlantı layihələrinə yönəldilməsi, maliyyə institutları və özəl investorlar arasında tərəfdaşlığın genişləndirilməsi məsələlərinə toxunulub. Kredit reytinqləri, bazar məlumatları və maliyyə infrastrukturunun investisiya qərarlarına təsiri, eləcə də qlobal maliyyə bazarlarında baş verən dəyişikliklər müzakirə olunub.

Sessiyanın ikinci hissəsində Azərbaycanın regiondakı strateji rolu və beynəlxalq maliyyə əməkdaşlığının inkişaf perspektivləri diqqət mərkəzində olub. Azərbaycana beynəlxalq kapitalın cəlb edilməsi, rəqəmsal ödənişlərin və maliyyə infrastrukturunun inkişafı, qlobal maliyyə operatorları ilə tərəfdaşlıqların genişləndirilməsi və bu istiqamətlərin biznesin inkişafına yaratdığı imkanlar müzakirə edilib.

Sessiyada beynəlxalq maliyyə əməkdaşlığının investisiya imkanlarının genişləndirilməsi, iqtisadi artımın dəstəklənməsi və regional iqtisadi inteqrasiyanın dərinləşdirilməsində rolu vurğulanıb.