25 sentyabr 2026 22:30
138

“Aqrobiznes sahəsində innovasiyalar və texnoloji inkişaf” mövzusunda panel sessiya keçirilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin himayəsi altında Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Aqrobiznes sahəsində innovasiyalar və texnoloji inkişaf” mövzusunda panel sessiya keçirilib.

“İki sahil” xəbər verir ki, tədbirdə çıxış edən kənd təsərrüfatı naziri Məcnun Məmmədov aqrobiznes sahəsində innovativ yanaşmaların və müasir texnologiyaların tətbiqinin sektorun inkişafı, məhsuldarlığın və rəqabətqabiliyyətliliyinin artırılması baxımından əhəmiyyətini vurğulayıb. Aqrar istehsal və emalda texnoloji yenilənmənin, innovasiya fəaliyyətinin genişləndirilməsinin və yüksək əlavə dəyər yaradan istehsalın inkişafının önəmini qeyd edib.

“AnewZ” telekanalının aparıcısı Keyti Vilsonun moderatorluğu ilə keçirilən panel sessiyada ADA Universitetinin Kənd Təsərrüfatı və Qida Elmləri Məktəbinin dekanı Matteo Vittuari, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş direktorunun köməkçisi və Avropa və Mərkəzi Asiya üzrə regional nümayəndəsi Viorel Gutu, “Azersun Holding”in Müşahidə Şurasının sədri Tahir Gözəl və “Agro Dairy” MMC-nin baş icraçı direktoru Niyazi Əmirbəyov iştirak ediblər.

ADA Universitetinin Kənd Təsərrüfatı və Qida Elmləri Məktəbinin dekanı Matteo Vittuari və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş direktorunun köməkçisi, Avropa və Mərkəzi Asiya üzrə regional nümayəndəsi Viorel Gutu aqrar sektorda innovasiyaların, müasir texnologiyaların və dayanıqlı kənd təsərrüfatı təcrübələrinin tətbiqi ilə bağlı yanaşmalarını bölüşüblər. Ərzaq təhlükəsizliyinin gücləndirilməsi, məhsuldarlığın artırılması, resurslardan səmərəli istifadə və aqrar məhsulların regional və qlobal dəyər zəncirlərinə inteqrasiyası məsələləri barədə fikir mübadiləsi aparılıb.

“Azersun Holding”in Müşahidə Şurasının sədri Tahir Gözəl və “Agro Dairy” MMC-nin baş icraçı direktoru Niyazi Əmirbəyov aqrobiznesdə özəl sektorun rolu, istehsal və emal imkanlarının genişləndirilməsi, texnologiyaların tətbiqi və investisiya imkanları barədə müzakirələr ediblər. Aqrar və qida sənayesində rəqabətqabiliyyətli istehsalın inkişafı, əlavə dəyərin artırılması, bazarlara çıxış imkanlarının genişləndirilməsi perspektivləri barədə fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, Bakıda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin himayəsi altında İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçirilir. İqtisadiyyat Nazirliyi və İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO-nun təşkilatçılığı,– “The European House – Ambrosetti & TEHA Group”un strateji tərəfdaşlığı ilə keçirilən Forum “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusuna həsr olunub.