Berlinin meri Kay Veqner Berlin Nümayəndələr Palatasına sentyabrda keçiriləcək seçkilərdə partiyasının əsas namizədi olmaqdan imtina etdiyini açıqlayıb.
“İki sahil” xəbər verir ki, K.Veqner qərarını Berlin üçün vacib hesab etdiyi məsələlərin artıq lazımi səviyyədə ictimai diqqət çəkməməsi ilə əsaslandırıb və bunun partiyanın yeni sima ilə seçkiyə getməsini zəruri etdiyini bildirib.
Almaniya mediasında yer alan xəbərlərə görə, bu qərar yanvarda Berlində baş vermiş genişmiqyaslı elektrik kəsintisindən sonra böhranın idarə olunması ilə bağlı verdiyi ziddiyyətli açıqlamalar ətrafında yaranmış və aylardır davam edən qalmaqal fonunda qəbul edilib. Həmin qalmaqal zamanı K.Veqner böhranın idarə olunması ilə bağlı ictimaiyyəti yanlış məlumatlandırmaqda ittiham olunmuş, sonradan isə kommunikasiya səhvlərinə yol verdiyini etiraf etmişdi.
Mətbuatın məlumatına görə, onun mənsub olduğu Xristian Demokratlar İttifaqının (CDU) seçkilərdə əsas namizədi kimi Berlinin maliyyə senatoru Ştefan Eversi təqdim edəcəyi gözlənilir. CDU 2023-cü il seçkilərində 28,2 faiz səslə qalib gəlmiş, Kay Veqner isə Berlinin meri seçilmişdi.