Xəbər verildiyi kimi, Medianın İnkişafı Agentliyi 2026-cı ilin birinci yarısında Prezident İlham Əliyevin fəaliyyətinə ölkə vətəndaşlarının münasibətini öyrənmək, bu sahədə dinamika və tendensiyaları təhlil etmək məqsədilə ictimai rəy sorğusu keçirib. Nəticələrdə Prezident İlham Əliyevə respondentlərin etimad səviyyəsi ümumilikdə 87.7 faiz təşkil edib. Rəy sorğusunun nəticələrinə əsasən, respondentlərin 93.6 faizi Prezident İlham Əliyevin fəaliyyətini müsbət qiymətləndirib. Hətta respondentlərin 81.9 faizi Prezident İlham Əliyevi alternativsiz siyasi lider kimi qəbul etdiklərini bildirib. Bu faktlar Prezident İlham Əliyevin bənzərsiz fəaliyyəti ilə xalqın sevgisini qazanmasını bir daha göstərir. Bu nəticələri həm də Azərbaycan reallığını əks etdirən ictimai sorğunun nəticəsi kimi dəyərləndirmək olar. Məlumata görə, ictimai rəy sorğusu 2026-cı il mayın 20-dən 30-dək üzbəüz müsahibə üsulu ilə keçirilib. Sorğuda yaşı 18 və yuxarı olan 1210 respondent iştirak edib.

Prezident İlham Əliyevin beynəlxalq və daxili müstəvidə fəaliyyəti əhali tərəfindən milli maraqların qorunması, ümummilli rifahın təmin olunması baxımından olduqca təsirli və əhəmiyyətli hesab edilir. Şübhəsiz, bu etimad xalqın iradəsini ifadə edən, dünyada böyük nüfuz sahibi olan Prezidentimizə etimaddan irəli gəlir. Bu gün ölkəmizin adının dünyanın inkişaf edən dövlətləri sırasında çəkilməsində Prezident İlham Əliyevin xidmətləri danılmazdır. Azərbaycan regional təhlükəsizlikdən tutmuş qlobal nəqliyyat marşrutlarına, enerji təhlükəsizliyindən iqlim diplomatiyasına qədər bir çox sahələrdə söz sahibi olan ölkəyə çevirən də odur. Məhz dövlətimizin başçısının apardığı uğurlu islahatlar sayəsində ölkəmizin iqtisadiyyatı dirçəlib. Bir məsələni də vurğulayaq ki, son illərdə Azərbaycanın əldə etdiyi iqtisadi nailiyyətlər, Cənubi Qafqazın lider dövlətinə və qlobal enerji siyasətinin mühüm iştirakçılarından birinə çevrilməsi 1994-cü il sentyabrın 20-də Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə imzalanan "Əsrin müqaviləsi"nin yaratdığı möhkəm təməl üzərində formalaşıb. Bu gün qaz ixracımızın yarısı Avropa İttifaqının üzv dövlətlərinə gedir və bütövlükdə, Avropa İttifaqının 10 üzvü Azərbaycan qazını alır. Xüsusilə Avropanın enerji təhlükəsizliyi məsələsinin aktuallaşdığı bir vaxtda Azərbaycanın etibarlı enerji tərəfdaşı kimi mövqeyinin möhkəmlənməsi ölkəmizə olan beynəlxalq etimadı daha da gücləndirib. Bu gün neft və qaz gəlirlərinin insan kapitalına, iqtisadiyyatın şaxələndirilməsinə və infrastrukturun inkişafına yönəldilməsi Azərbaycanın dayanıqlı inkişaf modelinin əsasını təşkil edir.

Bir faktı da qeyd edək ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev 44 günlük Vətən müharibəsi və birgünlük lokal antiterror əməliyyatı ilə ölkəmizin ərazi bütövlüyünü və tam suverenliyinin bərpa etməklə sözün həqiqi mənasında xarüqələr yaratdı. Yeri gəlmişkən, bu, son ikiyüzillik tariximizdə qazanılmış ən böyük strateji qələbəmiz idi. Xalqımızın 30 illik torpaq həsrətinə son qoyulması ölkə başçısının, Ali Baş Komandanımızın ordu quruculuğu və ordunun təkmilləşdirilməsi sahəsində zaman-zaman atdığı müdrik addımların, səbir, təmkin və dərin siyasi-diplomatik zəkası ilə həyata keçirdiyi məqsədyönlü, uzaqgörən siyasətin məntiqi nəticəsi idi. Bu Zəfərlə Prezident İlham Əliyev sübut etdi ki, xalqa verdiyi bütün vədlərə sadiqdir. Ona görə xalqımız dövlətimizin başçısını sözlərini əməli ilə təsdiqləyən, fəaliyyətini tamamilə Azərbaycanın güclənməsinə, əhalinin rifahına, ölkəmizin beynəlxalq nüfuzunun artırılmasına həsr edən lider kimi qəbul edir. Bu məqamda Prezidentin bu sözlərini xatırlatmaq yerinə düşər: “Mən 2003-cü ildə prezident seçkiləri ərəfəsində xalqa müraciət edərək demişdim ki, əgər mənə xalq etimad göstərərsə, mən Ulu Öndər Heydər Əliyev siyasətinə sadiq qalacağam, bu siyasəti davam etdirəcəyəm. Şadam ki, mən sözümə sadiq qaldım". Bəli, dövlətimizin başçısı məhz Ulu Öndərin siyasətinə sadiq qalmaqla bu kimi uğurlara imza atıb.

Hazırda işğaldan azad edilmiş ərazilərdə abadlıq-quruculuq işləri uğurla davam etdirilir. Hətta həmin ərazilərdə işlər elə bir sürətlə, özü də günün tələbləri səviyyəsində həyata keçirilir ki, dünyanın tanınmış simaları belə heyrətlərini gizlədə bilmirlər. Yəni, bu nailiyyətlər beynəlxalq aləm tərəfindən də təqdir olunur. Yeri gəlmişkən, qeyd edək ki, məhz Prezident İlham Əliyevin sayəsində bu gün Cənubi Qafqazda de-fakto sülh qurulub. İnşallah, yaxın illərdə Azərbaycanla Ermənistan arasında de-yure sülhün də şahidi olacağıq.
Şübhəsiz, dünyada münaqişələrin, qarşıdurmaların daha da artdığı bir dövrdə Azərbaycanın belə nailiyyətlər əldə etməsi olduqca böyük uğurdur. Bütün bunlar xalqın həmişə uzaqgörən siyasət yürüdən Prezident İlham Əliyevə bəslədiyi ümidlərin doğrulduğunu bir daha təsdiq edir. Məhz bütün bunlar dövlətimizin başçısına ümumxalq sevgisi qazandırıb. Bəli, bütün bunlar bir daha göstərir ölkə əhalisi Prezidentin fəaliyyətini yüksək dəyərləndirir.
Qvami Məhəbbətoğlu, “İki sahil”