03 iyul 2026 01:35
104

Sərin içkilərdəki gözlə görünməyən təhlükə

Yay aylarında kafe və restoranlarda istifadə olunan buzların gigiyenik şəraitdə hazırlanıb saxlanılmaması ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. Mütəxəssislər bildirirlər ki, dondurma prosesi mikroorqanizmləri məhv etmir. Çirkli sudan hazırlanan və ya gigiyena qaydalarına əməl edilmədən saxlanılan buzlar insanlarda ishal, qusma və mədə-bağırsaq infeksiyalarına yol aça bilər.

Mütəxəssislərin sözlərinə görə, yay mövsümündə istifadə olunan buzların istehsalı və saxlanılması qida təhlükəsizliyi qaydalarına uyğun aparılmadıqda sağlamlıq üçün ciddi risk yarana bilər. Xüsusilə uşaqlar, yaşlılar, hamilə qadınlar, xroniki xəstəliyi olanlar və immun sistemi zəif şəxslər daha diqqətli olmalıdırlar. Bu qruplarda ishal və qusma nəticəsində maye itkisi daha sürətlə inkişaf edə, xəstəlik isə daha ağır keçə bilər.

Risk yalnız buzun hazırlandığı sudan qaynaqlanmır

Qida mühəndisliyi üzrə türkiyəli mütəxəssis Mehtap Yücel bildirib ki, buz yalnız donmuş su deyil, birbaşa istehlak olunduğu üçün qida məhsulu hesab edilməlidir. Onun sözlərinə görə, buzun hazırlanmasından daşınmasına, saxlanılmasından istehlakçıya təqdim olunmasına qədər bütün mərhələlərdə qida təhlükəsizliyi qaydalarına ciddi əməl edilməlidir.

Mütəxəssis qeyd edib ki, hazır buz içməli su keyfiyyətində sudan hazırlanıb, etibarlı müəssisələr tərəfindən istehsal olunub, düzgün qablaşdırılıb və uyğun şəraitdə saxlanılıbsa, ümumilikdə təhlükəsiz hesab edilir. Lakin təhlükə təkcə buzun hazırlandığı sudan ibarət deyil: “Buz hazırlandıqdan sonra da çirklənə bilər. Məsələn, buz aparatının mütəmadi təmizlənməməsi, buz qabının və ya buz götürmək üçün istifadə olunan alətin çirkli olması, işçilərin buza əllə toxunması və ya buzun açıq şəraitdə saxlanılması çarpaz çirklənməyə səbəb ola bilər.”

Donmuş suda mikroblar məhv olmur

Mehtap Yücel cəmiyyətdə geniş yayılmış yanlış fikirlərdən birinin buzun donmuş vəziyyətdə olduğu üçün mikrobları öldürdüyü düşüncəsi olduğunu bildirib. Onun sözlərinə görə, dondurma prosesi mikroorqanizmlərin çoxalmasını ləngidir və ya dayandırır, lakin onları tam məhv etmir. Buz əridikdən sonra həmin mikroorqanizmlər yenidən aktivləşərək infeksiyalara səbəb ola bilər. Mütəxəssis vurğulayıb ki, kafelərdə istifadə olunan buzlarla bağlı ən vacib məsələ müəssisənin ümumi gigiyena qaydalarına necə riayət etməsidir. Buz qapalı və təmiz şəraitdə saxlanılmalı, təqdim edilərkən yalnız təmiz maşa və ya xüsusi buz qaşığından istifadə olunmalı, buz aparatları mütəmadi təmizlənməli, buz isə mütləq içməli su keyfiyyətində olan sudan hazırlanmalıdır. Əgər qablaşdırılmış buzdan istifadə olunursa, qablaşdırmanın zədəsiz olması, istehsalçısının məlum olması və məhsulun düzgün şəraitdə saxlanılması da vacib hesab edilir.

Risk qrupunda olan şəxslər daha diqqətli olmalıdırlar

Mehtap Yücel bildirib ki, təmiz olmayan sudan hazırlanan və ya uyğun olmayan şəraitdə saxlanılan buzlar xüsusilə mədə-bağırsaq infeksiyalarına səbəb ola bilər. Belə hallarda ən çox rast gəlinən əlamətlər ishal, ürəkbulanma, qusma, qarın ağrısı, halsızlıq və qızdırmadır: “Gigiyenik qaydalara uyğun hazırlanmayan buzlarda norovirus, salmonella, shigella və E. coli kimi təhlükəli mikroorqanizmlər ola bilər. Bu mikroorqanizmlər yay aylarında qida mənşəli infeksiyaların əsas səbəbləri sırasında yer alır. Çünki isti havalarda həm çöldə qida və içki istehlakı artır, həm də mikroorqanizmlərin çoxalması üçün daha əlverişli şərait yaranır.”

O, həmçinin qeyd edib ki, buzun şəffaf və təmiz görünməsi onun təhlükəsiz olduğu anlamına gəlmir. Mikroorqanizmlər gözlə görünmür. Buna görə də əsas məsələ buzun hansı sudan hazırlandığı, necə saxlanıldığı və istehlakçıya hansı şəraitdə təqdim edilməsidir.

Şahnigar Əhmədova, “İki sahil”