UEFA FIFA tərəfindən keçirilən turnirləri boykot etmək fikrindən daşınmaq niyyətindədir. UEFA, FIFA dünya birinciliyinin hüquqlarını özəl şirkətə "satmağa" bir daha cəhd etməyəcəyinə dair zəmanət verməyəcəyi təqdirdə, dünya çempionatlarında iştirakdan imtina edəcəyi ilə hədələyirdi. FIFA prezidentinin məhz bu niyyəti iki qurum arasında narazılığa səbəb olmuşdu. Lakin tərəflərin ixtilafları qaydaya sala bildiyini söylemək tezdir. UEFA rəhbərliyi İnfantinonun vəzifədən kənarlaşdırılmasına kömək etmək niyyətindən əl çəkməyib.
“İki sahil” xəbər verir ki, "The Times" və "The Guardian" nəşrləri UEFA-nın Dünya Çempionatlarını boykot etmək ideyasından imtina edəcəyi barədə məlumat yayıb.
Bu iddia, FIFA prezidenti Canni İnfantinonun dünya birinciliklərinin kommersiya hüquqlarını özəl struktura satmaq niyyətində olduğu bəlli olduqdan sonra alovlanan qalmaqal fonunda irəli sürülmüşdü.

Avropa komandaları tərəfindən boykot edilə biləcək ilk FIFA turniri artıq sentyabrın 5-də Polşada start götürən qadınlar arasında (U-20) dünya çempionatı ola bilərdi. Lakin iş boykota çatmadı. Bildirilir ki, UEFA və FIFA arasında həftələrlə davam edən uzunmüddətli məsləhətləşmələrdən sonra birinci tərəf mövqeyini yumşaltmaq qərarına gəlib.
Əvvəllər UEFA bəyan edirdi ki, boykotdan yalnız iki şərt yerinə yetirildiyi təqdirdə imtina edəcək: İnfantinonun layihəsindən tam imtina edilməsi və gələcəkdə dünya çempionatlarının "satılmayacağına" dair zəmanətlərin verilməsi.
Canni İnfantino birincini hələ iyulun sonunda reallaşdırdı. Onun planı eyni anda üç futbol konfederasiyasının (UEFA ilə yanaşı, İnfantinoya qarşı Asiya Futbol Konfederasiyası (AFC) və Şimali, Mərkəzi Amerika və Karib hövzəsi ölkələrini birləşdirən CONCACAF da çıxış etmişdi) kəskin etirazı ilə qarşılaşdıqdan dərhal sonra, o, layihənin dəfn edildiyini bəyan etdi.
Bununla belə, Canni İnfantino gələcək zəmanətlər barədə açıq şəkildə heç nə deməmişdi. Lakin "The Times" və "The Guardian" mənbələrinin əminliklə bildirdiyinə görə, münaqişə tərəfləri bu cür zəmanətlərin verilməsi variantını tapıblar. Onların necə rəsmiləşdirilə biləcəyi hələlik açıqlanmır.